Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Qazax Rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıblar.
Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
Qeyd edək ki, bu, Qazaxda erkən nikahın qarşısının alınması ilə bağlı ilk hal deyil. Polis bir neçə gün əvvəl Kosalar kəndində də eyni addımı atmaq məcburiyyətində qalmışdı.