İyunun 25-i saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Senzor.az bildirir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi - 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
...Bu arada qətlə yetirilən Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.
Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.
Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.