Gürcüstanın Bolnisi rayon Məhkəməsi Marneulinin bələdiyyə büdcəsindən provaslav kilsənin maliyyələşdirilməsini diskriminativ və qanunsuz hesab edib.
“Report” xəbər verir ki, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və ictimai fəal Samirə Bayramova 2020-ci ildə məhkəməyə müvafiq iddia ilə müraciət ediblər.
İddiada bildirilib ki, Marneuli bələdiyyəsi sakinlərin əksər hissəsinin müsəlmanlar olduğu halda illərdir yerli büdcədən yalnız Marneuli və Hucabi yeparxiyasına böyük məbləğdə vəsait ayırır.
Məhkəmədə iddiaçıları təmsil etmiş Sosial Ədalət Mərkəzindən bildirilib ki, əvvəlki illərdə olduğu kimi bu il də Marneuli və Hucabi yeparxiyası Marneuli bələdiyyəsinin büdcəsindən 400 min lari (təxminən 133 min ABŞ dolları) həcmində vəsait əldə edib.
İddiaçılar dini təşkilatların yerli büdcələrdən maliyyələşdirilməsinə son qoyulmasını tələb ediblər. Onlar bildiriblər ki, dövlət vəsaitləri insanların rifahı naminə xərclənməlidir.
Məhkəmə qərarının qüvvədə qalacağı halda Marneuli bələdiyyəsi dini təşkilatların maliyyələşdirilməsi təcrübəsinə dəyişiklik etməli olacaq.