Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, polis əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinən rayon sakini Tərlan Əzimovu saxlayıblar. Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb. Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermə, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.