Xəzər TV-nin əməkdaşları 81 yaşlı Hidayət Cəfərovun işgəncələr nəticəsində ölməsi iddiası ilə bağlı yenidən hadisənin baş verdiyi Bərdə rayonunda olublar.
Hazırda vəziyyətlə bağlı qarşılıqlı ciddi iddialar səslənir. Hidayət Cəfərovun birinci həyat yoldaşından olan övladları onun ölümündə ikinci həyat yoldaşını, qadın da əks tərəfi ittiham edir.
Mərhumun birinci həyat yoldaşından olan oğlanları deyirlər ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər. Çünki bu günə qədər qadın cəzasız qalıb.
Mərhumun digər oğlu isə atalarını dəfələrlə qadının himayəsindən çıxarıb ona baxmaq istəsələr də, qadının buna imkan vermədiyini deyir.
Hidayət Cəfərovun ikinci həyat yoldaşı Serbiya Cəfərova isə səsləndirilən fikirlərin böhtan olduğunu deyir. 11 ildən çoxdur Hidayət Cəfərov ilə ailə həyatı qurduğunu bildirən 62 yaşlı qadın qarşı tərəfin bu cür danışmasına mülkün səbəb olduğunu iddia edir. Hidayət Cəfərov bir neçə il əvvəl birgə yaşadıqları evi qadının adına keçirdiyindən bu, onların xoşuna gəlməyib. Bu səbəbdən də ailə arasında uzun zamandır münaqişə yaşanır.
Serbiya Cəfərova 81 yaşlı həyat yoldaşının bədəninə heç vaxt ütü basmadığını, həmin xəsarəti kişinin yıxılaraq aldığını, sinəsində olan cızıqların isə bədənini təmizləyən zaman yarandığını deyir.
Ölüm faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə: