Kürdəmir rayonunda narkotik xassəli bitkilər becərən şəxsi polis elə iş başında yaxalayıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı kənd sakini Səmədzadə Həsrət Hacıqulu oğlu yaşadığı evdə saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı oradan 12 kol olmaqla, ümumilikdə 6 kiloqram 800 qram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb. Həsrət Səmədzadə rayon polis şöbəsinə gətirilib.
Qeyd edək ki, Həsrət Səmədzadə əvvəllər də dəfələrlə eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir.