Sosial şəbəkələrdə və KİV-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar yayılıb.
Senzor.az bildirir ki, DİN Mətbuat Xidmətinin rəisi polkovnik Ehsan Zahidov bununla bağlı KİV-in sorğusunu cavablandırarkən əvvəlcə ölkəmizin futbol ictimaiyyətini "Qarabağ"ın möhtəşəm qələbəsi münasibətilə təbrik edib. Sonra isə bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq təmin ediblər.
Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar.