"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, meyit aidiyyəti üzrə təhvil verilib.
**11:58
Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
**10:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.