Fransa hakimiyyəti Yeni Kaledoniyaya əlavə zirehli texnika və helikopterlər göndərəcək.
TASS xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
Fransa Prezidenti bildirib ki, etirazları yatırmaq üçün hüquq-mühafizə orqanlarının üç min əməkdaşı, o cümlədən RAID və GIGN xüsusi təyinatlı polis və jandarmların 130 əməkdaşının cəlb edilib: “Əsas vəzifə ən qısa müddətdə sakitliyin və nizamın qaytarılmasıdır”.
Qeyd edək ki, Yeni Kaledoniyada on ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişə etiraz olaraq mayın 13-də aksiyalar başlayıb.
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.
Son məlumatlara görə, Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
**10:00
Fransa Prezidenti Emmanuel Makron Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, dövlət başçısını daxili işlər naziri Jerald Darmanin, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edirlər.
Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər.
Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.
Yeri gəlmişkən, politoloq Turan Rzayev Senzor.az-a açıqlamasında xatırladıb ki, Yeni Kaledoniyadakı iğtişaşlar şiddətli şəkildə davam edir. Baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.
Onun fikrincə, bütün bunların fonunda Fransa Prezidentinin adaya səfəri çətin ki, etirazçıları sakitləşdirsin: “Birincisi, Fransa adada güc strukturlarından istifadə edərək iğtişaşları sərt şəkildə yatırtmaq istəyir. Bu isə tamamilə əks reaksiya verir. Aksiya iştirakçıları arasında polis zorakılığı nəticəsində ölən və yaralananların olması, habelə, onlarla şəxsin həbs edilməsi prosesin daha da aqressiv hal almasına gətirib çıxarır.
İkincisi, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafik müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.
E.Makronun indiki məqamda adaya səfəri onun özü üçün müsbət heç nə vəd etmir. Qəzəbli kanak xalqı radikal addımlar ata bilər. Xüsusilə Makronun özünə sui-qəsd cəhdləri ola bilər. Ümumiyyətlə, Yeni Kaledoniyada vəziyyət kifayət qədər kritikdir və proses Fransanın qarşısını ala biləcəyi etapdan çıxır”.
Senzor.az