Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar.
Bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq”.
Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.
“Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”, - nazir qeyd edib.
Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar. Universitetdə çalışacaq müəllim və işçi heyəti isə yaşayış yeri ilə təmin ediləcək.
**
Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, 6 fakültə (pedaqoji, mühəndilik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər) üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq.
E.Əmrullayev bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur: "Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssislərin də orada görməyi çox istəyirik".
**
Bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi həyata keçiriləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.
Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.
2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
**12:10
"Azərbaycanda elmə ayrılan maliyyə çox azdır".
Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.
O bildirib ki, birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir:
"Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərin inkişafı və reytinq məsələsində irəliləyiş əldə etmək üçün 8 milyon manatın ayrılmasını artıq təmin etmişik".
E.Əmrullayev söyləyib ki, Azərbaycandakı bəzi labaratoriyalar 1970-ci ildə də yaradılıb, bəlkə də vaxtı ilə yaxşı işləyib, amma indi məqsədi, məram, maliyyələşməsi, nəyə xidmət etdiyi məlum deyil: "Bəlkə heç onu yaradan adam da həyatda yoxdur. Sadəcə biz onu ləğv etməyə sanki qorxuruq, amma nədən qorxuruq bu məlum deyil".