Dünyanın 150 ölkəsinə səyahət eləyən, Nobel Mükafatının təqdimolunma mərasimində hər il fəxri qonaq qismində iştirakçı olan isveçli səyyah Christer Danielssonun iki gün əvvəl mənimlə görüşü olduqca maraqlı idi. O, əbəs yerə məni arayıb tapmamışdı...
Christerin arzusu 20 il əvvəl Almaniyada çap olunmuş “Nobel of Baku”, “The Nobels Oil Fate” romanlarıma və Fransada “Üç Qitə” festivalının baş mükafatını almış üçhissəli “Baku oil and the Nobels” adlı sənədli filmimə müəllif və yazıçı-dramaturq avtoqrafları almaq idi.
Görüşümüz yüksək səviyyədə baş tutdu və əlbəttə ki, mən onun arzusunu yerinə yetirərək hədiyyə etdiyim kitablara və yenə də almanların DVD və SD formatlarında yayımladığı filmimə avtoqraf yazdım.
Açığını deyim ki, bu cür sürprizli dostluq görüşlərinə mən artıq çoxdan adət eləmişəm. İsveçdən, Norveçdən və Finlandiyadan, ümumiyyətlə, dünyanın hər yerindən ölkəmizə gələn qonaqların əksəriyyəri mənimlə Nobellərin dostu və tədqiqatçısı kimi görüşməmiş geri qayıtmırlar.Onlar bu yaxşılığı həmişə dəyərləndirirlər və heç vaxt unutmurlar.
Çox təəssüflər olsun ki, bəzən ürəyini və canını qurban verdiyin, yolunda ən dəhşətli təhlükələrə düçar olduğun əziz və doğma insanlar isə ömrünün axırınadək sənə qənim kəsilirlər. Yaşamağı zəhərə döndərirlər. Çox təəssüf...(?!)
Əlbəttə, bu da növbəti görüşlərimdən biri idi.
Tarixi qədim olan hədiyyəni Chirister mənə təqdim etdiyi üçün ona təşəkkürümü və dərin ehtiramımı bildirdim.
Onun 44 günlük Vətən müharibəsindən sonra azad olmuş doğma Qarabağımıza etdiyi ziyarəti və Azərbaycanımıza olan sonsuz sevgisini xüsusi vurğuladım. Nobellərə həsr etdiyim filmimin 4 və 5- ci seriyalarının çəkilişi barədə ona sevindirici informasiyalar verdim. Onun sevincinin həddi-hüdudu yox idi...
Yaxşılığı unutmayan İsveçlilərə çox heyranam!
Əmir Pəhləvan,
yazıçı-dramaturq
Redaksiyadan: Tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanın üç gün öncə (21. 09. 2022) Avropadan daha bir məşhur qonağı olub - Vena şəhərindən gəlmiş Manuela xanım. O, Ə.Pəhləvanın əsərlərinin alman dilinə tərcüməsi ilə məşğuldur. Onların bu görüşü də yazıçının növbəti əsərinin alman dilinə tərcüməsinin son mərhələsi və mətnlərdəki arxaik sözlərin məna çalarlarının müzakirəsi ilə bağlı olub.
Ə.Pəhləvanın sözlərinə görə, müzakirələr çox maraqlı keçib və avstiryalı tərcüməçinin yaradıcılığına olan marağı onlar arasında əsl dostluğa çevrilib.