Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Belə ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Son hadisə bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var. Bu isə sülh və diplomatiya ilə mümkün deyil.
Belə ki, Qarabağda hazırda 10 mindən çox qeyri-qanuni erməni silahlıları qalmaqdadır. Ermənistan da aktiv şəkildə Qarabağa qanunsuz silah daşımağa davam edir.
Rusiyaya gəldikdə isə sülhməramlılar faktiki olaraq bu prosesin qarşısını almaq əvəzinə, əksinə qeyri-leqal silahlanmaya dəstək olurlar.
Qarabağda qanunsuz erməni silahlılarının olması, Ermənistandan onlara qeyri-leqal silah-sursatın daşınması və Rusiya sülhməramlılarının qeyri-leqal silahlanmaya dəstək olmaları faktiki olaraq həm 10 noyabr bəyanatının, həm də Ermənistanla sülhün əldə edilməsi istiqamətində danışıqların pozulması deməkdir.
Rəsmi Bakı bütün bunları əsas gətirib antiterror əməliyyatlarına başlaya, əməliyyatların gedişinə uyğun olaraq isə bunu sülhə məcburetmə əməliyyatları ilə genişləndirə bilər.
İndiki məqamda bir sual aktual olaraq qalır: rəsmi Bakı antiterror əməliyyatlarına başlamaq üçün nəyi gözləyir?
Prinsip etibarilə Azərbaycanın antiterror əməliyyatlarına başlamaq üçün hüquqi əsasları var. Digər tərəfdən, ordu da buna tam hazırdır. Lakin əməliyyatlar başlamadan öncə beynəlxalq və regional siyasi vəziyyət nəzərə alınmalıdır.
Bakı həm diplomatiya sahəsində, həm də geosiyasi müstəvidə ehtimal təzyiq və təhdid vasitələrinə qarşı qabaqlayıcı tədbirlər alır.
Lakin əsas səbəb kimi Bakı antiterror əməliyyatlarına başlamaq üçün Türkiyədə baş tutacaq seçkiləri gözləyə bilər. Düzdür, situasiyadan asılı olaraq bu proses tez də baş verə bilər, lakin belə olacağı təqdirdə bu məhdud xarakterli bir əməliyyat olacaq. Genişmiqyaslı antiterror əməliyyatının Türkiyədə baş tutacaq seçkilərdən sonra baş verməsi mümkündür.
Türkiyə və Azərbaycan strateji hərbi müttəfiqdir. Bu mənada iki ölkə atılan həyati addımlardan öncə müzakirələr aparır, ortaq məxrəcə gəlir. Bu istiqamətdə də tərəflərin danışıqlar aparması istisna deyil.
Turan Rzayev,
Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, politoloq