
Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayının nəticələrini ləğv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmə qərarına əsasən, Özgür Özəl CHP sədri vəzifəsindən uzaqlaşdırılıb, partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu isə müvəqqəti olaraq yenidən sədr postuna qaytarılıb.
Ankara Bölgə Ədliyyə Məhkəməsi 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş CHP-nin 38-ci qurultayının hüquqi baxımdan etibarsız olduğu qənaətinə gəlib və qurultayda qəbul edilən qərarların ləğvini təsdiqləyib.
Qərara əsasən, Özgür Özəl, həmçinin Mərkəzi İcraiyyə Şurası və Yüksək İntizam Şurasının üzvləri vəzifələrindən uzaqlaşdırılıblar.
Bununla yanaşı, Kamal Kılıçdaroğlunun, əvvəlki partiya məclisinin və Yüksək İntizam Şurası üzvlərinin ehtiyat tədbiri kimi partiya idarəçiliyini müvəqqəti olaraq təhvil alması qərara alınıb.
Məhkəmə qərarı elan olunduqdan sonra Kılıçdaroğludan ilk açıqlama gəlib: “Türkiyə və CHP üçün xeyirli olsun. Bütün partiya üzvləri qərarı sakitliklə qarşılamalıdır. Partiyamız çox böyük partiyadır. Partiyamız öz problemlərini öz daxilində həll edəcək”.
Özgür Özəl də məsələ ilə əlaqədar sosial media hesabında açıqlama verib: “Mən sizə hakimiyyətə gül bağçasından keçərək çatmağı vəd etmirəm. Mən sizə əzablara dözməyi, amma təslim olmamağı vəd edirəm. Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm”.
Türkiyənin ədliyyə naziri Akın Gürlek məhkəmə qərarı ilə bağlı hüquqi prosesin CHP üzvlərinin müraciətləri ilə başladığını bəyan edib: “Hansı partiya olur-olsun, nümayəndələrin və üzvlərin iradəsinin maraq, təzyiq və ya yönləndirmə ilə pozulması qəbuledilməzdir”.