"İnsan hüquqları ilə bağlı bölgədə mövcud faktları və reallıqları nəzərə almayan ittihamların irəli sürülməsi məyusluq doğurur".
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 13-də İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı deyib.
O, Azərbaycan və BMT İnsan Hüquqları Şurası arasında əməkdaşlıq, ölkəmiz tərəfindən milli və beynəlxalq səviyyədə insan hüquqları sahəsində görülmüş işlər, habelə post-münaqişə dövründə insan hüquqlarının qorunması sahəsində mövcud çağırışlar barədə ətraflı məlumat verib.
C.Bayramov, ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn hüquqların qorunmasına sadiq şəkildə, bu sahədə fəaliyyət göstərən qurumlarla aktiv dialoqu, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının fəaliyyətinə töhfə verilməsini davam etdirdiyini bildirib. Azərbaycan tərəfindən milli səviyyədə bu sahədə aparılan islahatlar, o cümlədən qanunvericilik bazasının inkişafı, siyasi partiyalarla dialoqun möhkəmləndirilməsi, medianın inkişafına dəstək, fiziki məhdudiyyətləri olan şəxslər üçün şəraitin yaxşılaşdırılması, qadın və gənclərin səlahiyyətlərinin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması üçün görülən işlər barədə ətraflı məlumat verilib.
Beynəlxalq səviyyədə isə ölkəmizin multikulturalizm modeli və cəmiyyətlərdə tolerantlığın təşviqi, ayrı-seçkilik, İslamafobiya və digər təhlükəli konsepsiyaların, habelə nifrət nitqi elementlərinin aradan qaldırılması istiqamətində tərəfimizdən irəli sürülmüş təşəbbüslərin, o cümlədən Bakı Prosesinin əhəmiyyəti qeyd olunub. Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində insan hüquqları sahəsində beynəlxalq səylərə töhfə vermək məqsədilə QH-ya üzv dövlətlər və xüsusi prosedur mandatlarının sahibləri arasında dialoq üçün platforma yaradıldığı diqqətə çatdırılıb.
İnsan hüquqları sahəsində milli və beynəlxalq səviyyədə görülən işlərə baxmayaraq, bu istiqamətdə fəaliyyət göstərən qurumların mandat sahibləri tərəfindən müvafiq dövlətlərin mövqeyini və bölgədə mövcud faktlar və reallıqları nəzərə almayan ittihamlar irəli sürülməsinin məyusluq doğurduğu, bu kimi instansiyaların nüfuzunu və onlara olan inamı sarsıtdığı, bu xüsusda sözügedən pozuntuların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, 30 ilə yaxın Ermənistan işğalı nəticəsində fundamental hüquqları pozulmuş vətəndaşlarımızın öz yurdlarına layiqli qayıdışının təmini, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tərəfimizdən əməli addımların atıldığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, münaqişənin bitməsinə baxmayaraq bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısında bir sıra çağırışların, o cümlədən Ermənistan tərəfindən hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqlarının inkar olunması, Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulmasının dayandığını vurğulayıb. Sözügedən istiqamətlərin insan hüquqları sahəsi ilə üzvi bağlantısını nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən xüsusi prosedurların müvafiq mandatarlarının bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxış zamanı, həmçinin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinin hər zamankından daha müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib.
**13:10
Ermənistanın təcavüzü minlərlə azərbaycanlının yaşamaq, təhsil almaq, təhlükəsizlik, müdafiə və sağlamlıq hüquqlarından məhrum edilməsi ilə nəticələnib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 1987-ci ildən 1991-ci ilə qədər yüz minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından zorla qovulub. XİN rəhbəri, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Onun sözlərinə görə, Ermənistandakı bütün azərbaycanlı yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, tarixi-mədəni irsimiz qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb, məhv edilib.
Ceyhun Bayramov, Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların həqiqi dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün çağırışlarını israrla rədd etdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, beləliklə, Ermənistan qaçqınların statusu və digər mühüm beynəlxalq aktları pozur.
“Biz Ali Komissardan və BMT-nin digər ixtisaslaşmış qurumlarından Ermənistandakı evlərindən qovulmuş azərbaycanlıların hüquqlarına toxunmasını gözləyirik. Azərbaycanlılara qarşı beynəlxalq insan haqları qanunlarını kobud şəkildə pozduğuna görə Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, belə cinayətlərin qurbanları üçün ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addım olacaq və həqiqi barışıq üçün mühüm əhəmiyyət kəsb edəcək”, - o əlavə edib.