
Ermənistanın Baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanı dövlətin talan edilməsində və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazir bu gün keçirdiyi brifinqdə danışıb.
"Səninlə də hesablaşacağıq, Tsarukyan Qaqik. Hazırlaş, biz "Ararat Sement"i milliləşdirəcəyik, sən və qohumların bu cinayət əməliyyatına, Ermənistan xalqının talanmasına görə cavab verəcəksiniz. Həmçinin hazır ol ki, 2031-ci ilə qədər sənin qəsrin də qocalar evinə çevriləcək. Mən bunu Ermənistan seçicilərinə vəd edirəm. Şir barədə bilmirəm, amma hazırlaş, növbəti onillikləri qəfəsdə yaşayacaqsan. Yanında mütləq şir də olacaq, buna söz verirəm", -deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Qaqik Tsarukyan "Ararat" sement zavodunun əlindən alınacağı ilə bağlı hədələrdən danışarkən Nikol Paşinyana əsgərlərə dövlət yay evlərinin verilməsini təklif edib. Partiya sədri həmçinin bildirib ki, əgər Paşinyan onun casus olduğunu sübut etməsə, Baş naziri şir qəfəsi gözləyir.