Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndiyə doğru hərəkət edib.
“Scania” markalı ağırtonnajlı yük maşını artıq Xankəndidədir.
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə getməsinə maneə törədirdi.
Separatçıların iddialarına görə, Xankəndidəki xunta Ağdam-Xankəndi yolunda, Əsgəran yaxınlığında yolu bağlamış ermənilərə qarşı “güc” tətbiq edib və Rusiya Sülhməramlı Kontingentinin (RSK) iştirakı ilə yolu açıb.
Əsgəranın “mer”i Hayk Şamiryanın dediyinə görə, “Tank” abidəsinin yaxınlığına toplaşaraq yolu bağlamış şəxslər ilk əvvəl etiraz aksiyası keçirərək Rusiyanın humanitar yardımını buraxmasalar da, sonradan fikirlərini dəyişiblər: “Danışdıq, razılaşdıq, yolu açdıq və maşın hərəkət etdi”.
Ermənistandakı revanşistlər və radikallar qarabağlı ermənilərin əvvəl etiraz edərək yolu bağlamalarını, sonra fikirlərindən vaz keçərək yolu açmalarını “murdar davranış”, “xəyanət”, “türklərin pulu və rusların əmri ilə hərəkət edən bədbəxtlərin satqınlığı” kimi dəyərləndiriblər.
Ermənilər, deyəsən, yenə illüziyalara qapılıblar. Belə ki, bu gün Ermənistan mediasında və sosial şəbəkələrində yer alan iddialara görə, guya “Laçın dəhlizi humanitar yüklərin Xankəndiyə çatmasından 12 saat sonra açılmalıdır: "Bunu Rusiya tərəfi təmin edib”.
Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) yük maşınının Xankəndidə olması və Ağdam-Xankəndi marşrutunun açılması heç də o demək deyil ki, Laçın yolu Ermənistandan Xankəndiyə və əks istiqamətdə “tam sərbəst, nəzarətsiz hərəkət” üçün açılacaq.
Laçın yolunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərin tam sərbəst hərəkəti üçün açılması da gündəmdə deyil. Prosesləri qarışdırmamalı, səhv salmamalıyıq.
Laçın yolunun Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, sərhəd və gömrük nəzarət-təftiş prosedurlarının həyata keçirilməsi şərti ilə BQXK üçün tam açılması üçün bu qurumun Xankəndiyə ünvanladığı humanitar yardımlar yalnız Ağdam-Xankəndi yolu ilə daşınmalıdır.
Laçındakı SBNM-in qarşısında, Ermənistan ərazisində “Spayka” şirkətinin 20 TIR-ına gəldikdə isə, bu maşınlar çürüyənədək orada saxlana bilər.
İrəvanın “humanitar yardımı” Xankəndiyə nəzarətsiz və gömrük sənədləşdirilməsi olmadan buraxılmayacaq.
Proseslər sürətlə inkişaf edir və yaşananların tərkib hissələrindən biri də ermənilərin amerikalılarla birgə keçirdikləri “Eagle Partner 2023” hərbi təlimlərdir.
Ermənistan Müdafiə Nazirlyiinin “Zor” poliqonundakı təlimlərdə 85 amerikalı hərbçi iştirak edir. Sentyabrın 20-də başa çatacaq təlimlərlə bağlı rəsmi bəyanatlara görə, “Ermənistan və ABŞ hərbçiləri beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədilə birgə fəaliyyət təlimlərini məşq edəcəklər”.
Təlimlər Rusiya Federasiyasının hakimiyyət dairələri tərəfindən çox ciddi narazılıqla qarşılanıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmur: “Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq və əminəm ki, bundan sonra da olacağıq. Bizim müəyyən problemlərimiz ola bilər və onları dialoq yolu ilə həll etmək lazımdır.Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra vəziyyət dəyişib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi, bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi”.
D.Peskov Ermənistanın KTMT-dən çıxması ehtimalını belə şərh edib: “Bu mövzuda çox müzakirələr aparılıb. O cümlədən Ermənistanda olan Qərbyönlü analitiklər bunu dəfələrlə vurğulayıblar. Amma bu barədə heç bir rəsmi siqnal almamışıq”.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller isə söyləyib: “Ermənistanla hərbi təlimlərimiz rutin xarakterlidir, əvvəlcədən planlaşdırılmışdı və heç bir halda İrəvanla Bakı arasında gərginliyin artması ilə bağlı deyil”.
Ermənistanın baş naziri Nikol Paşinyansa dünən yerli İctimai Televiziyaya verdiyi müsahibəsində təlimlərlə bağlı sualı cavablandırarkən söyləyib: “ABŞ ilə birgə hərbi təlimlər Ermənistanda ilk dəfə deyil ki, keçirilir. Əvvəlcədən nəzərdə tutulmuş təlimlərdir. Bundan başqa, 2020-ci ildə Ukraynada səfərdə olmamışdıq, Roma statutunu ratifikasiya etməmişdik, ABŞ ilə təlimlər keçirməmişdik. Lakin bu, Azərbaycanla müharibənin başlanmasına mane olmadı”.
Xankəndidəki separatçı xuntanın yeni rəhbəri Samvel Şahramanyanın “seçilməsi” və onun rəsmi İrəvan tərəfindən təbrik edilməməsi ilə bağlı Paşinyan bəyan edib ki, Araik Arutyunyanın istefasına təəssüflənir: “Qarabağlı ermənilərin yeni liderinə gəldikdə isə, onu təbrik etmək üçün ciddi səbəb görmürəm. Şahramanyanın üzərində böyük məsuliyyət var. Bizim indi mövqeyimiz beynəlxalq birliyin məntiqinə uyğun olmaq və həmin yanaşmaya əks çıxmamaqdır”.
Yəni N.Paşinyan demək istəyir ki, Şahramanyanı təbrik etməklə qondarma “seçki”ni qınayan və tanımayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Mahiyyət etibarilə, Nikol Paşinyan qarabağlı erməni separatçılarının yeni liderini “prezident” qismində tanımaq fikrində olmadığını, “seçkilər”in saxtakarlıq olduğunu etiraf edib, ən əsası isə Qarabağı Azərbaycan ərazisi hesab etdiyi bu dəfə dolayısı ilə olsa da, bir daha söyləyib.
Beləliklə, Ermənistanı Rusiyanın total və qeyd-şərtsiz təzyiq dairəsindən çıxarmaqda, İrəvanın Moskvadan əmrlər və göstərişlər almadan ən müxtəlif dövlətlərlə intensiv əlaqələr qurmaqda, Rusiyanın Cənubi Qafqaz bölgəsini tərk etməsini və ümumiyyətlə, Ermənistanın Rusiya ilə indiyədək davam edən «kiçik-böyük» prinsipinə əsaslanan “strateji müttəfiqlik” münasibətlərinə son qoymaqda maraqlı olmasını Nikol Paşinyan ilk dəfə belə açıq şəkildə bəyan edib.
İtaliyanın “La Repubblica” qəzetinə müsahibə Paşinyanın anti-Rusiya ritorikasını gücləndirməsində ilkin mərhələ idisə, Ermənistan İctimai Televiziyasına müsahibə həmin kursun sürətli və impulsiv davamı sayıla bilər.
Qərblə əlaqələri aktivləşdirərək genişləndirən N.Paşiyan Rusiyanın bölgədəki geosiyasi təsir rıçaqlarının zəifləməsini istəyir.
Sadaladığımız proseslərlə yanaşı, rəsmi İrəvan Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan qarabağlı ermənilərin problemlərinin həlli üçün variantların azalaraq tək yol qaldığını da görür.
Həmin yol qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır.
Qarabağlı ermənilərin rəsmi Bakı ilə dialoquna mane olmağa çalışan N.Paşinyan bəyanatlarına və açıqlamalarına rəğmən, hələ də Xankəndidəki xuntanı dəstəkləməyə davam edir.
O, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan duetinin rəhbərlik etdikləri, Xankəndidə sabiq “rəhbər”lər Arkadi Qukasyan və Bako Saakyan tərəfindən təşkilati, Rusiyanın Xankəndiyə yolladığı emissarı Ruben Vardanyan tərəfindən maliyyə dəstəyi alan “qarabağlılar klanı”nın yenidən İrəvanda hakimiyyətə yiyələnməsinə imkan vermək istəmir.
Nikol Paşinyan indi bir neçə cəbhəyə oynamaqda olduğunu düşünür və məhz bu məqsədlə Ermənistan Müdafiə Nazirliyinin RSK nəzarətindəki areallarda olan minlərlə hərbçisinin 17 nəfərini “tələbə” adı ilə Laçın yolundan keçirərək İrəvana qaytarıb.
Proseslər sürətlənib, bəzi proseslər isə yeni başlanıb.
Ermənistanın və ümumiyyətlə, ermənilərin seçim imkanları tamamən tükənməkdədir.
Onlar indi dürüst seçim etməlidir.
Əks təqdirdə, Ermənistanı çox ağır problemlər gözləyir.