
ABŞ-da Ağ Ev yaxınlığında atışma səsləri eşidilib.
Senzor.az bildirir ki, "Mash" "Telegram" kanalının verdiyi xəbərə görə, hadisə Prezident Donald Trampın çıxışı zamanı baş verib.
Ərazi polis tərəfindən mühasirəyə alınıb.
ABŞ Məxfi Xidmətinin rəis müavini Metyu Kuinn bildirib ki, atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Onun sözlərinə görə, təmsil olunduğu qurumun mülki geyimli əməkdaşları Ağ Evdən təxminən beş dəqiqəlik piyada məsafəsində - Vaşinqtonun mərkəzi bulvarı olan "National Mall"da yoldan ötənlərdən birində odlu silah görüblər. Təmas qurularkən naməlum şəxs qaçmağa cəhd edib və hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində atəş açmağa başlayıb, onlar da adekvat cavab veriblər. Kuinn atəş açan şəxsin vəziyyəti barədə məlumat verməkdən imtina edib. "Bu şəxs yaralanıb, hazırda xəstəxanadadır", - o bildirib.
Kuinn, həmçinin deyib ki, atışma nəticəsində yaxınlıqda olan yetkinlik yaşına çatmayan bir şəxs xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur, xəstəxanada müayinə olunur.
Məxfi xidmətinin rəsmisi onu da qeyd edib ki, hadisədən bir qədər əvvəl həmin ərazidən ABŞ vitse-prezidenti Cey Di Vensın korteji keçib.
Yeri gəlmişkən, bu, son bir ayda ikinci belə hadisədir. Aprelin sonunda "Washington Hilton" otelində Trampın iştirak etdiyi tədbir zamanı da atışma səsləri eşidilmişdi.