Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
Senzor.az xəbər verir ki, iclas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətinin oxunması ilə öz işinə başlayıb.
Ölkə başçısının müraciətində post-münaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb.
Müraciətdə, həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqində nazir Ceyhun Bayramov "Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” mövzusuna əsaslanan sədrliyimiz dövründə tərəfimizdən irəli sürülən təşəbbüslərə göstərilən dəstək və aktiv iştirakçılığa görə təşəkkürünü ifadə edib.
"İƏT Baxışı - 2025" sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, yaşıl enerji kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə dair inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimiz dövründə Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri məmnunluqla qeyd edib.
Bundan sonra da müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğumuz, bu xüsusda Təşkilatın 2 ixtisaslaşdırılmış qurumu İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməyimizin müvafiq sahələr üzrə əməkdaşlığa verdiyimiz töhfənin göstəricisi olduğu bildirilib.
Bölgədə mövcud vəziyyət və post-münaqişə dövrünün reallıqları barədə iştirakçılara məlumat verən nazir Ceyhun Bayramov, ölkəmizin hər zaman regional sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini qeyd edib.
Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, bu tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dualoqun davam etdirilməsinin bölgədə guya "etnik təmizləmə" aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
Daha sonra iclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflər, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edib.
İclas zamanı, həmçinin özündə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmiryolunun inşasını nəzərdə tutan 6 oktyabr 2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik üzrə Şuşa Bəyannaməsi qəbul olunub.
Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.
Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, İƏT-ə sədrliyimizin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixi şəhəri, o cümlədən İƏT-in Turizm Paytaxtı Şuşada keçirilməsinin simvolik əhəmiyyət daşıdığını qeyd edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inam ifadə olunub.
**15:25
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.
Senzor.az xəbər verir ki, əvvəlcə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə Təşkilatın digər regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri qeyd edib. Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi olduğu bildirilib.
Bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları barədə danışan nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyini vurğulayıb. Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirlərindən bəhs edən Ceyhun Bayramov bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoqun davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
İclas üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi ilə davam edir.
**14:22
"Azad olunmuş ərazilərimizdə çox qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub".
Senzor.az bildirir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başlayıb.
Həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini vurğulayan nazir bildirib: “Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.
Füzuli şəhərində artıq istifadəyə verilmiş məktəbə və tikintisi davam etdirilən yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistan və Qazaxıstana minnətdarlığını bildirən C.Bayramov bunu ölkələrimiz arasında olan qardaşlıq və həmrəyliyin bariz nümunəsi hesab edib.
**13:26
Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilir.
Senzor.az xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edir.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan.
İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Şuşa şəhərində keçirilən 27-ci iclası Azərbaycanın 2023-cü ildə İƏT-ə sədrliyi çərçivəsində həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə Təşkilatın bu ilki mövzusu "Yaşıl keçid və qarşılıqlı bağlantılar"dır.
İclasda 6 ölkənin iştirakı xarici işlər naziri (Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan) səviyyəsində baş tutur.
İclas çərçivəsində nazir Ceyhun Bayramovun açılış nitqi və bəyanatı, üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi keçiriləcək.
Yekunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Nozirinin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.