Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanlandığı məktub və tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Məktubda Azərbaycanın Qarabağ bölgəsində ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə ölkəmizin beynəlxalq humanitar hüquqa tam şəkildə uyğun olaraq özünün suveren ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib. Bu konteksdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərksilah prosesi, demobilizasiya və reinterasiya səyləri barədə məlumat verilib.
Qanunsuz erməni birləşmələrinin tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların həcminin Azərbaycanın suveren ərazilərinin hərbiləşmiş zonaya çevrilməsinin, habelə üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı olaraq genişmiqyaslı dağıdıcı silah-sursatla təmin olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başladılan və son üç ildə davam etdirilən bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi səylərinə xələl gətirdiyi vurğulanıb.
Məktubda həmçinin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası çərçivəsində ölkə tərəfindən görülən işlərdən bəhs edilib. Lokal xarakterli antiterror tədbirləri yekunlaşdıqdan dərhal sonra reinterasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupun yaradıldığı, sentyabrın 21-də Yevlax görüşünün keçirildiyi, sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.
Habelə məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.
Sonda ölkənin yerli erməni sakinlərinin bütün hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın sosial, iqtisadi, hüquqi və konstitusion çərçivəsinə reinteqrasiyası istiqamətində səylərə sarsılmaz sadiqliyi bir daha vurğulanıb, bu tarixi məqamda beynəlxalq ictimaiyyət tərəfindən nifrət və düşmənçiliyə yönəlmiş istənilən səyləri qətiyyətlə rədd etməyə və dinc yanaşı yaşamaq səylərini dəstəkləməyə çağırış edilib.