Fransa və onu dəstəkləyən bir neçə ölkə, habelə beynəlzalq təşkilatlar yenə yanlış qərarlar qəbul edir, yanlış addımlar atırlar. Belə davam edərsə, ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı geosiyasi maraqlarına ciddi zərbələr dəyəcək, Brüssel isə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə moderatorluq bir tərəfə, vasitəçilik imkanlarını bütünlüklə itirə bilər.
Rəsmi Paris BMT Təhlükəsizlik Şurasında qarabağlı ermənilərin Azərbaycana qayıdışının təminatı ilə bağlı qətnamənin qəbulunu tələb edəcək.
Fransanın XİN başçısı Katrin Kolonna ölkə Senatında çıxışında belə deyib.
“Azərbaycan 100 mindən artıq erməninin Dağlıq Qarabağdan köçünü planlaşdırıb və reallaşdırıb. Bu ağır cinayət cavabsız qalmamalıdır. Azərbaycanla Ermənistan arasında münaqişə yalnız danışıqlar vasitəsilə nizamlanmalıdır. Bakı anlamalıdır ki, o, güc tətbiqi yolu ilə gedə bilməz”, - K.Kolonna məntiqdən, diplomatiya qaydalarından, əxlaqdan və ədalətdən uzaq çıxışında söyləyib.
Fransa prezidenti Emmanuel Makronun təlimatları əsasında ifrat ermənipərəst mövqe tutmuş K.Kolonanın Ermənistan və ya ümumiyyətlə, ermənilərlə bağlı bundan sonra da nələr deyəcəyi bəllidir.
Bir zamanlar Avropa ilə yanaşı, dünyanın ən qüdrətli geosiyasi güclərindən biri olmuş Fransa prezident Emmanuel Makronun hakimiyyətinin ilk günündən etibarən bütün mövqelərində geriləməyə başlayıb.
Tragifars o həddə çatıb ki, Azərbaycana maksimum təzyiq göstərməyə çalışan, bu minvalla Türkiyənin Cənubi Qafqazdakı geosiyasi aktivliyinin qarşısını alacağını düşünən rəsmi Paris BMT-dəki səlahiyyətləri ilə imkanlarını da məhz erməni trekində istismar etməyə başlayıb.
Belə ki, Fransa və onu dəstəkləyən bir sıra ölkələr oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında ölkəmizə qarşı marazmatik ittihamların yer aldığı birgə bəyanatla çıxış ediblər.
Daha konkret olsaq, rəsmi Paris qarabağlı ermənilərin taleyindən «çox narahat» odduğunu vurğulayaraq onların «hamısının mütəşəkkil qaydada evlərinə qayıtmalarının təşkilini, qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatını» Azərbaycandan tələb edib.
Beləcə, Fransa qlobal geosiyasətdə əsl absurd tamaşasının müəllifi sayıla bilər: qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası rəsmi Bakının məqsədlərindən biridirsə, həmin şəxslərin Azərbaycan pasportu aldıqdan sonra hüquq və təhlükəsizliklərinin təminatı ölkənin mərkəzi hakimiyyəti üçün aprior məsələlərdən biridirsə - birgə bəyanat sayılan kağız parçasının mənası və məntiqi sual doğurur.
O da məlumdur ki, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reintqerasiyasına Ermənistanın hakimiyyət dairələri və xüsusilə də baş nazir Nikol Paşinyan mane olur. Onlar anlayırlar ki, reinteqrasiya prosesinin uğurla gedəcəyi təqdirdə qarabağlı ermənilərin geri qayıdışı, onların könüllü repatriasiya prosesinin sonunun çatacağı qaçılmazdır. Məhz bu səbəbdən rəsmi İrəvan qarabağlı ermənilərin Azərbaycandan Ermənistana köçünü təşkil edib.
Fransanın təşəbbüsü, təklifi və təkidi ilə qəbul edilmiş sənədə, yəni birgə bəyanata imza atan dövlətlərə gəldikdə, onların Bakıya təzyiq cəhdləri gülünc və mənasızdır. Üstəlik, bu dövlətlərin beynəlxalq hüququn istisnasız olaraq bütün normaları ilə prinsiplərinə şəksiz riayət edən Bakıya hansısa “məsləhət”lər və ya «göstərişlər» verməyə əsla huquqları yoxdur.
Emmanuel Makronun natamamlıq kompleksindən yaranan impulsiv istəklərinin məcmusuna çevrilmiş Fransa diplomatiyasının farvaterində olan həmin dövlətlərin isteblişmenti siyasi riyakarlıqla ikiüzlülüyə son qoymalı, Azərbaycanla bağlı mövqelərindəki dini və etnik ayrı-seçkilik formatında yanaşmadan əl çəkməlidirlər.
Əlcəzairdə, Burkina-Fasoda, Qayanada, Yeni Kaledoniyada, Mərakeşdə, Tunisdə və daha 16 ölkədə Fransanın müstəmləkəçilik idarəetməsinin davam etdiyi əsrlər boyu milyonlarla insan qətlə yetirilib.
Fransanın indi “idarə olunan ərazilər” adlandırdığı, əslində isə neomüstəmləkələri olan Martinika, Qviana, Reyunyon, Mayotta, Sen-Marten, Sen-Bartelmi, Sen-Pyer və Mikelon, Fransız Poliineziyası, Uollis və Futuna, Yeni Kaledoniya və Klipperton indi də istismar olunur.
Özü də mədəni, diplomatik ibarələrlə pərdələnmiş vəhşicəsinə istismar reallaşdırılır.
Fransanın təkidi və təşəbbüsü ilə Azərbaycana qarşı aparılan dezinformasiya, feyk və yalan kampaniyalarına qoşulmuş ABŞ, Avstraliya və ya Kanada siyasətçiləri ilə deputatları unudurlar ki, məhz onların ölkələri yerli sakinlərə divan tutub, aborigenləri faktiki məhvə məhkum ediblər.
Son vaxtlarda Fransaya qoşularaq ermənilərin hüquqlarını, xüsusilə də qarabağlı ermənilərin maraqlarını müdafiə etdiyini vurğulayan rəsmi Berlin də nədənsə iki dünya müharibəsinin təşəbbskarı olduğunu, Namibiyada yerli tayfaları və qəbilələri məhv etdiyini unudur.
Cənubi və Mərkəzi Amerikada milyonlarla yerli sakini məhv edən İspaniya, çinlilərə, koreyalılara və ümumiyyətlə, Cənub-Şərqi Asiya ilə Okeaniya xalqlarına divan tutmuş Yaponiya da qarabağlı ermənilərdən bəhs edir.
Qrenlyandiyada yerli sakinlərin sayını süni şəkildə məhdudlaşdırılan Danimarka rəsmi Bakıya qarşı hansısa iddialarla çıxış edir.
Ermənistanın işğalçılıq siyasəti və vəhşilikləri nəticəsində Azərbaycana qarşı etnosid tətbiq olunanda, 1 milyon azərbaycanlı qaçqına və məcburi köçkünə çevriləndə sadalanan dövlətlər İrəvanı insan haqlarına riayətə çağırmadılar, Ermənistana təzyiq göstərmədilər.
Xocalı soyqırımı törədiləndə Qərbin heç bir dövləti (!) Ermənistanı qətiyyətlə qınayan bəyanatla çıxış etmədi.
Bütün bunlar bəlli məsələlərdir.
Fransa qarabağlı ermənilərin köçə vadar edilməsini vurğulayır.
Bəs hər il Ermənistanı tərk edərək müxtəlif ölkələrə üz tutan on minlərlə erməninin köçü miqrasiyadırsa, heç bir təzyiq və ya təhdidlə üzləşmədiklərini deyən, de-yure Ermənistan vətəndaşı sayılan qarabağlı ermənilərin Ermənistana tam sərbəst, rahat şəkildə yollanmaları niyə «məcburi köç» sayılmalıdır?
Azərbaycan onları köçə vadar etməyib və geri qayıtmaq niyyətləri olarsa, hər an qəbul etməyə hazır olduğunu deyir.
Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin qaçqın və ya məcburi köçkün sayılması da düz deyil.
Ermənistan pasportu daşıyan insanın heç bir qısnama, ölüm təhlükəsi və ya təhdid olmadan de-yure vətəni sayılan əraziyə, Ermənistana yollanması qaçqınlıq sayıla bilməz.
Qarabağlı ermənilər daimi yaşayış yerlərini tərk edərək Azərbaycanın istənilən başqa bölgəsinə yollansaydılar, beynəlxalq hüquq, habelə Bakı və İrəvanın da imzalayaraq ratifikasiya etdiyi beynəlxalq anlaşmalar baxımından məcburi köçkün sayılardılar.
Bütün bu şərtlər olmadığından Emmanuel Makron administrasiyası nədən və niyə bəhs edir — bu, ritorik sualdır.
Azərbaycana absurd ittihamlarla təzyiq cəhdləri indiyədək heç bir effekt vermədiyindən, bundan sonra da mənasız olacaq.