Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə bayrağımızın ucalması ermənilərin əsrlərdən bəri aramsız reallaşdırmağa çalışdıqları idefiksin sonu oldu. Eyni zamanda,, Azərbaycan ərazi bütünlüyü və sərhəd toxunulmazlığı ilə bağlı bundan sonra səslənəcək iddialara çox sərt cavab verəcəyinin də mesajını verdi.
Azərbaycan artıq bütün ərazisi üzərində suverenliyini bərpa edib, sərhədlərinə tam perimetr boyunca nəzarət edir və separtizmin də sonunu gətirdi.
Xankəndidə bayrağımızın ucalmasının simvolizmi çox böyükdür. Bu, 1923-cü ildə bolşeviklərin ərazimizdə tamamən süni, volüntarist şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti qismində yaratdıqları, sonralar erməni separatizminin yuvasına çevrilmiş bir məkanın sabitliyə, azadlığa və normal yaşama qovuşması ilə bitmir.
Azərbaycan əsrlərdən bəri davam edən və səngimək bilməyən, "hayizm" adlandırılan erməni ərazi iddialarına, aqressiv düşmənçiliyə, separatizmə, etnik və dini zəmində dözülməzliyə köklənmiş ideologiyaya sarsıdıcı zərbə vurdu.
Ölkəmiz postsovet məkanında ilk dövlətdir ki, ərazisindəki separatizmi aradan qaldırıb, dinc vətəndaşlarının həyatına və təhlükəsizliyinə, dövlət üçünsə real təhdidə çevrilmiş ekstremizm problemini həll etdi.
Dünən yaşanan və yaşadılan olaylar həm də Azərbaycanın ərazi bütünlüyü, sərhəd toxunulmazlığı və suverenliyi ilə bağlı mövqelərinin aşkar bəyanı idi.
Ermənistanda və müxtəlif erməni diasporlarında bundan sonra da Azərbaycanla bağlı ərazi iddiaları, separatizm və etnik düşmənçiliklə dözülməzlik məcrasında çağırışlar səslənərsə, rəsmi Bakı bunu özünə qarşı real təhdid kimi qəbul edəcək.
Təbii ki, həmin təhdidlərə də dərhal, adekvat cavab veriləcək.
Xankəndidəki sabiq separatçı rejimin taleyi, onun keçmiş başçılarının indiki durumu və qarabağlı erməni separatizminin sonu bütün ermənilərə dərs olmalıdır.
Ermənilər sonucda anlamalıdırlar ki, Azərbaycana qarşı ittihamların, hədələrin, təhdidlərin və ələlxüsus da ərazi iddialarının heç bir perspektivi yoxdur, olmayacaq da.
Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi gedir və bu prosesə qatılmaq, Ermənistandan qayıdaraq Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün qapılar açıqdır.
Yetər ki, zəhərli ideologiyanın daşıyıcısı olmasınlar, bir daha əllərinə silah alaraq ekstremistlik, separatçılıq və terrorçuluq fikrinə düşməsinlər.
Azərbaycan Prezidenti İlham Əliyevin dünən Xankəndidəki çıxışı həm də bütün dünya ermənilərinə müraciət idi. Ermənistan rəhbərliyi isə birdəfəlik anlamalıdır ki, normal yaşam, inkişaf, vətəndaşlarının rifah səviyyəsinin yüksəlməsi və dövlət olaraq təhdidlərdən qorunmasının yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, habelə Türkiyə ilə münasibətlərin normallaşdırımasından keçir.
Bu iki məqam Ermənistanın mövcudluğunun təminatıdır.
Rəsmi İrəvan ona vədlər verərək mənasız və heç bir əsası olmayan illüziyaların yaranmasına vəsilə olan güclərin tələsində olduğundan reallığı dəyərləndirə bilmir.
Ermənistanın hakimiyyət dairələrinin illərdən bəri davam edən gerçəklik problemi həllini tapmasa, başabəla qonşumuzu daha ağır böhran gözləyir.
Avropa İttifaqı Siyasi Şurasının sədri Şarl Mişelin təklifi və vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin növbəti mərhələsinin Brüsseldə, bu ayın sonunda keçiriləcəyini nəzərə alsaq, situasiyanın Bakının xeyrinə olduğu görünür.
Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin sazişin Moskvada imzalanmasını təklif edir, danışıqlarla müzakirələrin Vaşinqton və Brüssel treklərinə alternativ qismində Moskvanı təklif edir.
Rəsmi Bakı üçün treklər fərq etmir: bizə nəticə gərəkdir.
Ermənistanla bağlı situasiya tam fərqlidir: Nikol Paşinyanın Bişkekdə keçirilmiş MDB sammitinə qatılmaqdan boyun qaçırdığını xatırlasaq, İrəvanın xarici siyasətində Rusiyadan kənarlaşmaq narrativlərinin daha da aşkarlandığı görünür. Moskvanın təsirindən qurtulmağa, geosiyasi pressinqindən azad olmağa çalışan Ermənistanın indi Moskva trekinə yenidən qayıtmaq niyyəti bir qədər efemer təsir bağışlayır.
Bakının mövqelərində heç dir ciddi dəyişiklik yoxdur. Və bu mənzərə indi yox, aylar əvvəl, Ermənistanla sülh sazişi prosesi ilə qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinrteqrasiyası məsələsi iki fərqli müstəvidə nəzərdən keçriləndə başlamışdı.
İndi isə ümumiyyətlə, Qarabağla bağlı heç bir məsələ (!) beynəlxalq səviyyədə və ya beynəlxalq vasitəçilərin iştirakı ilə müzakirə oluna bilməz, çünki Azərbaycanın tərkib hissəsi olan Qarabağda separatçı rejim yoxdur.
Ermənistanın da bu məsələlərdə hər hansı formada iştirakı nonsensdir.
Bakı İrəvanla indi yalnız sülh sazişini, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasını, Ermənistanın işğalındakı anklavlarımızın azad olunmasını, Zəngəzur dəhlizi layihəsini və qarabağlı ermənilərin geriyə qayıdış məsələlərinin detallarını müzakirə edə bilər.
Məhz bu səbəbdən qarbağlı ermənilər problematikasını Nikol Paşinyan xarici siyasət arealından daxili siyasçət müstəvisinə keçirərərk əsas diqqəti Ermənistanın təhlükəsizliyinin təminatı ilə bayanatlara yönəldib.
Paşinyanın ritorikasında qarabağlı ermənilər indi sadəcə, Azərbaycana təzyiq cəhdləri məcmusundakı elementlərdən biridir.
Rəsmi İrəvan bundan sonra məntiqli və realist siyasət yürüdəcəkmi? Yox, tam əksinə - Paşinyan administrasiyası Bakıya qarşı yönəlmiş absurd ittihamların, böhtanların və yalanların sayını daha da artıracaq.
Lakin prosesin gedişatı N.Paşinyanın demaqogiyasının Qərb tərəfindən hansı formada və miqyasda dəstəklənməsindən asılı olacaq.
Kollektiv Qərb adlandırılan, amma yekcins olmayan geosiyasi məkansa ermənilərə verdiyi dəstəyi artıracaq, çünki regionun real lideri Azərbaycanın müstəqil siyasəti kiçik dövlətləri idarə etməyə alışmış gücləri razı sala bilməz.
Olsun, bu təzyiqləri də dəf edəcəyik.
Bölgədə yeni geosiyasi reallıqları formalaşdırdığımız kimi, həmin reallıqlar çərçivəsində məqsədlərin gerçəkləşdirilməsi yollarını da bilirik.