Qərb Bakıdan nə istəyir?
ELÇİN ALIOĞLUNUN YAZISI

Cənubi Qafqazda tamamilə yeni geosiyasi realllıqlar formalaşmaqdadır...

 

"Kollektiv Qərb" addandırdığımız, əslində isə Qərbdə olsalar da, kollektiv siyasət yürütməyən ölkələrin Azərbaycanla bağlı mövqeləri ilk baxışdan qəribə təsir bağışlayır.

 

30 illik erməni işğalına son qoyan, Ermənistanı kapitulyasiyaya vadar edən, postsovet məkanı ölkələri arasında ərazisindəki separatizm problemini birdəfəlik həll edən yeganə ölkə olan Azərbaycana qarşı qərəzli, isterik, aqressiv yanaşma Qərb ölkələrinin bəzilərinin diplomatiyasında az qala adi hala çevrilir.

 

Avropa İttifaqı ilə normal və adekvat münasibətlər qurmuş rəsmi Bakı Avropanın bir sıra təşkilatlarında az qala mağara irqçiliyi, islamofobiya, türkofobiya və pis pərdələnən nifrətlə üzləşib.

 

Xüsusilə də Avropa Parlamentinin son bəyanatlarına nəzər salsaq, qərəz və küdurət artıq bütün hədləri aşaraq maniakal psixozun əlamətlərini xatırladır.

 

ABŞ və Avropa İttifaqı ilə yanaşı, Fransanın da ölkəmizə münasibəti paradoksal, hətta idiotikdir.

 

Səbəb nədir? Nədir axı Qərbi ölkəmizə qarşı bu qədər qıcıqlandıran və Ermənistanı kor-koranə şəkildə, total dəstəkləməyə vadar edən?

 

Sualın cavabı zahirən sadədir: İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanın Türkiyə, İsrail, Pakistan, Britaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Macarıstan və xüsusilə də postsovet məkanındakı türkdilli dövlətlərlə münasibətlərini Ankara və İslamabadla qardaşlıq, digərləri ilə isə strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi böyük güclərin planlarını pozub. Azərbaycanın Rusiya ilə İrəvan münasibətləri Qərbi narahat edir. İranla əlaqələrin heç zaman tam normal olmadığını və son üç ildəki gərginliyi nəzərə alsaq, münasibətlərin indi sürətlə normal məcraya dönməsi də bölgədə geosiyasi təsir, daha doğrusu, təzyiq elementlərini əldə etməyə çalışan dövlətləri qəzəbləndirir.

 

Lakin hər şey belə sadə deyil.

 

Qərbin Azərbaycana qərəzli yanaşmasına istiqamətlər və ölkələr üzrə nəzər salaq.

 

1. Fransa. Rəsmi Parisin müsəlmanlara, xüsusilə də türk etnosuna münasibətləri və davranış strategiyası indi yox, əsrlər əvvəl formalaşıb. Daha doğrusu, orta əsrlərdə, təxminən 15-16-cı əsrlərdə mövcud Fransanı təşkil edən kiçik krallıqlar və böyük hersoqluqlar müsəlmanlara qarşı kəskin antipatik, hətta düşmən mövqe tutmuşdular. Papa Urbanın səlib yürüşlərinin əsasını qoyduğu Klermon çağırışından sonra 20-ci əsrin ilk yarısınadək Fransanın İslama, müsəlmanlara və türklərə münasibətində çox kiçik dəyişikliklər olmuşdu.

 

Birinci Dünya Müharibəsi illərində və savaş sonrakı ilkin dönəmlərdə Osmanlı Türkiyəsini ümumiyyətlə, yox edərək Yaxın və Ön Şərqi parçalayaraq idarə etmək niyyətini gerçəkləşdirməyə çalışan Fransa Maykl Sayks-Fransua Jan Piko sövdələşməsi nəticəsində yeni dövlətlər formalaşdıran ölkədir.

 

Müasir Suriya, Livan, İordaniya, İraq, Livan, İran məhz Fransanın geosiyasi maraqları sayəsində yaranıb.

 

Məqsədlərini gerçəkləşdirmək üçün Fransa Yaxın Şərqdə, Ön Asiyada və Cənubi Qafqazda hər zaman titul millətlərdən yox, etnik azlıqlardan faydalanıb.

 

Həmin siyasət indi də davam edir və Cənubi Qafqazda təsir rıçaqlarına yiyələnməyə çalışan Fransanın siyasi elitaları həmişəki kimi ermənilərdən istifadə edirlər.

 

Parisin məqsədləri anlaşılır, amma ermənilərin dəfələrlə fransalıların vədlərinə aldanaraq sonradan fəlakətlərə və faciələr düçar olmalarına rəğmən, yenidən Fransanın şirnikləndirici bəyanatları ilə dəstəyinə uymaları anlaşılması bir qədər çətin məsələdir.

 

Toplum və ya etnik kütlə dəfələrlə onu aldatmış dövlətə yenidən inanırsa, bu artıq mənəvi və ya siyasi yox, psixiatrik problemdir.

 

Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla səmimi fotoları və davranışı, Parisin İrəvana dayaq durması, silahlandırması, bölgədə aqressiv ritorikalı və revanşist ölkə statusunda qalmasına hər vəchlə dəstək verməsi regional siyasətdə ciddi mövqelərə yiyələnmək istəyi ilə bağlıdır.

 

Türkiyənin bölgədə təsir imkanlarının artmasının qarşısını almaq, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, imkan düşərsə ABŞ ilə rəqabətdə üstün olmaq Makron diplomatiyasının prinsipləri arasındadır.

 

Fransada təqribən 430 min nəfərlik erməninin yaşadığını və yerli siyasətə əhəmiyyətli təsir imkanlarına malik olduqlarını da xatırlasaq, Parisdəki siyasi elitalar həm daxili, həm də xarici siyasətdə ermənilərin dəstəyini alaraq onlardan yararlanmaq planlarından heç zaman əl çəkən deyillər.

 

Amma bu, Fransaya bölgəmizdə üstünlük verəcəkmi?

 

Ermənistanı sürətlə silahlandırmağa çalışan, məhz hücum silahları verərək erməni cəmiyyətindəki revanşizmi daha da gücləndirən Paris bu əməliyyatı Qərbin İrəvana dəstək strategiyası çərçivəsində atılan addım kimi qələmə verir. Habelə, erməni ordusunun silahlandırılması Rusiyanın bölgədən çıxarılmasına yönəlmiş siyasət yürüdən ABŞ-a dəstək kimi də təqdim olunur. Problem bundadır ki, Fransanın Ermənistana dəstəyi artdıqca, ermənilərin üzləşdikləri çətinliklərlə çağırışların sayı artır. Paris Ermənistanı regionda ən problemli, ən pis dövlətə çevirməklə məşğuldur ki, bunun da nəticələri ermənilər üçün heç yaxşı olmaya bilər.

 

2. ABŞ. Dövlət katibi Antoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir...

 

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen Bakıda keçirdiyi görüşlərdən sonra X sosial şəbəkəsində yazıb.

 

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdik. Azərbaycan Prezidenti İlham Əliyevə dediyim kimi, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının rəhbəri və energetika nazirinin səfərlərini gözləyir və dövlət katibi Antoni Blinken tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda sülh danışıqları üçün qəbul etməyə ümid edir..." - Ceyms O-Brayen bildirib.

 

Birləşmiş Ştatların dövlət katibi müavinin Azərbaycana səfəri Bakı və Vaşinqton arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Təbii ki, danışıqların təfərrüatları tam açıqlanmayacaq, müzakirə edilmiş məsələlərin məğzi bağlı qapılar arxasında qalacaq.

 

Müzakirələrin konstruktiv məcrada olması şübhə doğurmur.

 

Dövlət Departamentinin sözçüsü Mettyu Millerin ənənəvi brifinqində “Azərbaycanla əməkdaşlığın zəifləməsi ABŞ-ın maraqlarıan zidd olardı” deməsi də Vaşinqtonun Bakı ilə bağlı aqressiv ritorikasından əl çəkməsinə dəlalət edir.

 

Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmağa çalışan Birləşmiş Ştatların indi taktiki məqsədi İrəvanın Moskvadan asılılığını azaltmaq və Ermənistandakı anti-Rusiya meyillərini gücləndirməkdir. Həmin məqsədin reallaşması üçünsə Azərbaycanla aqressiv tonda danışmaq, ermənipərəst konqresmenlərlə senatorların marazmatik bəyanatları sıralamasına laqeyd qalmaq və ən sonda da Bakıya qarşı hansısa məhdudiyyətlər tətbiq etmək absurddur.

 

Azərbaycanın yüksək çinli məmurlarının Vaşinqtona səfərlərini məhdudlaşdıran ABŞ bununla eyni vaxtda Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik etmək istəyirdi.

 

Bu isə paradoks təsiri bağışlayırdı: Azərbaycanın XİN başçısının Vaşinqtona səfərini ləğv etmək fikrində olan ABŞ sülh sazişinin imzalanmasına yönəlmiş proses çərçivəsində Bakı-İrəvan danışıqlarının yeni mərhələsi kimi Vaşinqtonla müzakirələri necə, hansı yolla təşkil etmək fikrində idi ki?!

 

Dövlət Departamentinin yetkililəri açıq-aşkar erməniəpərəst bəyanatlar verməklə yanaşı, ölkəmizin ünvanına öz aləmlərində ultimatumlar və xəbərdarlıqlar səsləndirirlərsə, sülh sazişinin imzalanmasına yönəlmiş müzakirələrdə ABŞ-ın obyektiv, qərəzsiz vasitəçilik missiyasının özü tragifars təsiri bağışlayırdı.

 

Vaşinqton Bakıya təzyiqlər göstərməyə çalışdı, alınmadı. İndisə səhvlərindən nəticə çıxararaq Cənubi Qafqazda əsas tərəfdaş qismində Azərbaycanı itirməməyə can atır.

 

3. Avropa İttifaqı. Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı, katalonlu Jozep Borrelin son bəyanatlarının Bakıda çox ciddi narazılıqla qarşılandığı bəllidir. Azərbaycandan Ermənistana könüllü köç etmiş ermənilərin sayını “150 min nəfər” olduğunu deyən Borrelin açıqlaması birmənalı olaraq yalan, Bakıya uğursuz təzyiq cəhdi idi.

 

Cəhd baş tutmasa da, belə istəklərin təkrarlanmayacağına kimsə təminat verə bilməz.

 

Avropa İttifaqının regionumuzdakı geosiyasi təşəbbüsləri, yumşaq desək, birmənalı deyil. Ermənistanı Qərbə meyilləndirmək və Rusiyanın forpostu funksiyasından qurtarmaq üçün İrəvana hamilik invariasiyalrı yalnız acı gülüş doğura bilər. Azərbaycan Brüsselin belə yöndəmsiz və bəsit taktikasını hələlik soyuqqanlıqla müşahidə edir. Avropa İttifaqı bundan sonra da İrəvanın revanşist ritorikasına bilavasitə olmasa belə, dəstək verməyə davam edərsə və Aİ-nin bəlli funksionerlərinin idiotik bəyanatları ilə bağlı zəruri addımlar atılmazsa, Bakı adekvat cavablar vermək məcburiyyətində qalacaq.

 

Bakı ilə təzyiq, pressinq və ya ultimatumlar lüğətində danışmaq mümkün deyil.

 

Bunu kollektiv Qərb artıq anlasın.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.