Qərblə Azərbaycan arasında münasibətlər gərgin olsa da, qarşıdurma səviyyəsində deyil. Ssenarilər arasında ən arzuolunmazın baş tutmasını arzulayanlar pərişan olublar.
Siyasət həmişə zahirlə batin arasında ziddiyyətlərdən ibarətdir. Geosiyasətdə isə ümumiyyətlə, görüntülərlə mahiyyət arasında kəskin fərqlər mövcud ola bilər.
ABŞ, Fransa, Avropa İttifaqı və "qoca qitə"nin bir sıra dövlətlərinin Azərbaycana olan münasibətlərdəki sərinləşməni əlaqələrdəki fasilə qismində dəyərləndirənlər də var. Belədirmi?
Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi, habelə bəzi digər məqamlarda anlaşmanın əldə edilməsi Qərb üçün gözlənilməz oldu. Gerçəkdən də, belədir.
Bakı-İrəvan trekində ikitərəfli, vasitəçilər olmadan danışıqların aparılmasının özü Vaşinqton, Brüssel və Paris üçün siyasi sürprizə çevrildi. Kollektiv Qərb əsrlərdən bəri gələn siyasi ənənələrə və xüsusilə də son illər formalaşmış geosiyasi konstruksiyalar əsaslanaraq ənənəvi taktikasına sadiqdir.
Həmin taktika Cənubi Qafqazda fəaliyyət strategiyasına çevrilərək bölgə dövlətlərinə təsir, təzyiq və məşrəvətlər qismində ultimatumlar toplusundan ibarətdir.
Yanaşma formatları çeşidli olsa da, strategiya eynidir, məqsədlər konkretdir: Cənubi Qafqazda yalnız Qərbin maraqları təmin edilməli, bölgə dövlətləri Qərbin mənafelərindən çıxış edərək xarici siyasət yürütməlidir.
Bölgədə hazırda ən aktiv dövlət Fransadır: regiondan minlərlə kilometr uzaqda yerləşməsinə rəğmən, Paris əmindir ki, Ermənistanı dəstəkləməklə Azərbaycanla Gürcüstana təsir mexanizmlərinə yiyələnəcək.
Fransanın erməni ordusunu sürətlə silahlandırması, müdafiə sistemləri əvəzinə İrəvana haubitsalar və raket sistemləri kimi sırf hücum vasitələri verməsi Ermənistanda revanşist meyillərin birmənalı dəstəklənməsidir. Məqsdə Cənubi Qafqazda sürəkli və fasiləsiz olaraq gərgin mühitin qorunması, bu minvalla Ermənistanın daxili siyasətə fokuslanmış davranış modeli seçməsinə imkan verməməkdir.
Real müstəqil, suveren, inkişaf edən Ermənistan Fransanın maraqlarına cavab vermir.
Daim tərəddüd edən, hami və "böyük qardaş" - Fransa ilə bağlı vəziyyətdə "böyük bacı" - arayan, kənardan maliyyə, siyasi və s. yardımlardan asılı olaraq aramsız dopinqə bağlı iqtisadiyyata malik Ermənistan hazırda Emmanuel Makron administrasiyası üçün az qala ideal variantdır.
Ermənistan hakimiyyətinin siyasi mazoxizmdən qurtula bilməməsinin səbəbləri arasında xüsusi yeri bəhs olunan məqam tutur.
Nikol Paşinyan situasiyadan razıdır: o, Fransanın siyasi elitalarının dəstəyini daxili auditoriyaya "mövcud hakimiyyətə Qərbin hamiliyi" kimi qələmə verir və eyni zamanda, Rusiya Federasiyası ilə siyasi alverdə Paris amilindən məharətlə istifadə edir.
Beləcə, Paşinyan ikili oyun oynayaraq sadiqlik müqabilində əks qütblərdən mənfəətlər əldə etməyə çalışır.
Fransanın aktivliyi ABŞ-ı da narahat edir: ilk baxışdan qəribə təsir bağışlasa da, belədir.
Amma Parislə Vaşinqtonun bölgə ilə bağlı planları və hədəfləri müxtəlifdir. Belə ki, əgər Fransanın əsas məqsədi Ermənistan üzərində total geosiyasi nəzarətdirsə, Birləşmiş Ştatların taktikası bütün Cənubi Qafqazı kontrol altında saxlamaqdır.
Məqsədlər fərqli olsa da, onların uzlaşdığı bir məqam var: Parisin də, Vaşinqtonun da əsas istəyi Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması, İranın region ölkələri ilə təmaslarının və əlaqələrinin minimuma endirilməsidir.
Vaşinqtonun açıq və üstüörtülü şəkildə Ermənistana havadarlıq etməsi, Bakıya təzyiq göstərmək cəhdləri sözügedən məzmundakı siyasətin təzahürləri arasındadır.
Avropa İttifaqına gəldikdə isə, Brüssel nəyin bahasına olursa-olsun, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanma prosesində əsas vasitəçi, moderator və ya mediator olmağa çalışır.
Bakı-İrəvan anlaşmalarına Qərbin verdiyi reaksiya da bunu göstərir.
Bütün bunlar Azərbaycanın yürütdüyü siyasətə - xarici və daxili - təsir etməyib, etməyəcək də. Səbəb sadədir - ölkəmizdə hakimiyyətlə xalq arasında üzvi bağlılıq var. Azərbaycanda gələn ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərar da hakimiyyətin istəyi yox, xalqın hakimiyyətə ünvanladığı sosial sifariş və siyasi tələbin nəticəsidir.
Reallıq faktdır: Azərbaycan postsovet məkanında ilk və yeganə ölkədir ki, ərazisindəki separatizm problemini birdəfəlik həll edərək sərhədlərini bütün perimetr boyunca bərpa edib, ərazilərinin 20 faizinin işğalına son qoyub və bütün bunlarla yanaşı regional inteqrasiya ilə beynəlxalq müstəvidə əməkdaşlıq siyasətinin daha intensiv inkişafına nail olub.
Azərbaycanın Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də ölkəmizin qlobal geosiyasi çağırışlar və regional situasiyadakı siyasətindən, bu gündən və perspektivlərdən bəhs edib.
Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və bu əməkdaşlığın real nəticələrini görürük.
Ölkəmiz müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib", - dövlət başçısı söyləyib.
Bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliyin demək olar ki, bütün üzvlərini əhatə edir və bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə - ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib.
Azərbaycan lideri daha sonra vurğulayıb ki, Ermənistanın bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacağına ümid edir: "Sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb.
Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə biz olduq. Bir sözlə, hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil".
Sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin.
Sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması; və bir sıra digər mühüm amillər var. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır.
"Biz bəyan edirik ki, bunu imzalamalıyıq və onlar da deyirlər ki, bu saziş imzalanmalıdır. Lakin biz buna nail olmalıyıq. Bizim təklifimiz ictimaiyyətə açıqlandı. Bəhs etdiyim həmin beş məşhur prinsipi biz ictimaiyyətə açıqladıq. Bunlar bəllidir. İstənilən mühüm beynəlxalq tərəfin də etirazı yoxdur, çünki bütün həmin prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir. Ermənistan, sadəcə, onlara əməl etməlidir. Onlar ərazi bütövlüyümüzü sual altına qoymaq və ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdırlar, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir. Məhz Ermənistanın baş naziri 2019-cu ildə Xankəndidə böyük nümayiş zamanı demişdi: “Qarabağ Ermənistandır”. Bu, danışıqlar prosesinin sonu demək idi, çünki bundan sonra danışıqlar üçün heç bir şey qalmadı. Beləliklə, İkinci Qarabağ müharibəsi üçün səbəb məhz Ermənistan hökuməti idi. İndi isə həmin şəxs artıq “Qarabağ Azərbaycandır” deyir. Bu, yaxşı haldır, irəliləyişdir. Biz irəliləyişi hər zaman dəstəkləyirik, lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik", - Azərbaycan Prezidenti söyləyib.
Beləliklə, Azərbaycanın xarici və daxili siyasətinin sistemli, yaşanan hadisələrin məcrasının təşkil etdiyi proseslərin axarında olmayıb həmin prosesləri müəyyənləşdirən mexanizm olduğu bariz sübuta yetirilir.
Ölkəmiz bütün təzyiqlərə sinə gərərək müstəqil siyasət yeridir. Bu, sadəcə aplomb və ya emosiyalar yox, qarşı tərəflərin atacağı addımların preventiv hesablanaraq təhlil edilməsinə əsaslanan soyuqqanlı, rasional mövqedir.
Azərbaycan heç bir oyuna qatılmır, geosiyasəti də maraqların təminatı sayanların oyunlarını bölgədə pozur.
Çünki müstəqil, suveren və azadıq.
Sözün əsl mənasında.