Nikol Paşinyan Ermənistan ordusunun yaradılmasının 32-ci ildönümü münasibətilə keçirilən bayram tədbirində çıxış edərək ölkənin silahlı qüvvələri ilə bağlı planlarını açıqlayıb.
Ermənistan baş nazirinin perspektiv planı tezislər şəklində belədir:
▪ Dövlətin təhlükəsizliyini təmin etmək üçün ordunun müasir standartlara və hərbi işlərin konsepsiyalarına əsaslanan islahatlara ehtiyacı var.
▪ 450000-500000 dram (təqribən 1235 ABŞ lolları, - red.) maaşla həyata keçirilən uğurlu model əsasında müqavilə xidməti ilə peşəkar ordunun yaradılması.
▪ Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb.
▪ Ermənistanın hərbi-sənaye kompleksi ölkə hökumətindən bir neçə yüz milyon dollarlıq misli görünməmiş sifariş alıb.
▪ Qadınlar üçün könüllü-məcburi hərbi xidmət modelinin tətbiqi.
▪ 25 günlük təlim-məşq toplanışları da daxil olmaqla, ölkənin təhlükəsizliyinin təminatının gücləndirilməsi sahəsində müvafiq addımların gücləndirilməsi.
▪ Hərbi təhsilin və zabit peşəsinin cəlbediciliyinin artırılması, o cümlədən hərbi təhsil müəssisələrinin məzunlarının mənzillə təmin edilməsi layihələri.
▪ Strateji sabitliyi təmin etmək üçün təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi.
▪ Hərbi-sənaye kompleksinə investisiya qoyuluşu və elm və təhsilə ayrılan vəsaitin artırılması.
▪ Vətəndaşları orduda və silahlı qüvvələrdə islahatlar üçün maliyyə səylərini dəstəkləməyə çağırışlar.
▪ Azərbaycanla münasibətlərdə təhlükəsizlik təminat mexanizmləri, o cümlədən qoşunların sərhəddən simmetrik şəkildə çıxarılması, sərhədlərin demilitarizasiyası və təcavüz etməmək paktı təklifi.
... Nikol Paşinyan daha sonra bəyan edib ki, silahlı qüvvələrdə təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkmək zəruridir. Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir.
Baş nazir qeyd edib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb ictimaiyyəti və hərbçilər də bu mövzuda bir-biri ilə ittifaqdadırlar. Dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu “birliyin” belini qırmaqdır. Bu baxımdan hüquq-mühafizə sisteminin səmərəliliyi, institusional islahatların vacibliyi və ehtiyacı ilə bağlı aktual məsələ var".
Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb.
O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir.
Nikol Paşinyan daha sonra yekun sülh sazişindən bəhs edib.
"Azərbaycana silahlı qüvvələr və silahlar üzərində qarşılılıqlı nəzarət mexanizmini təklif etdik. Habelə, yekun sülh sazişinin imzalanması prosesinin nəzərdə tutulduğundan artıq çəkəcəyi təqdirdə qarşılıqlı hücum etməməklə bağlı pakt imzalamağı təklif etdik”, - Ermənistanın baş naziri bildirib.
Nikol Paşinyanın srağagün və dünən verdiyi bəyanatları nəzərdə keçirdikdə onların əksəriyyətinin Ermənistanın daxili publikası, bir qisminin xarici ölkələrdə yaşayan erməni diasporu, sadəcə bir açıqlamanın - sülh sazişi və pakt ilə bağlı - Azərbaycan üçün nəzərdə tutulduğunu deyə bilərik.
Açıqlamaların belə bölgüsü təsadüfi deyil.
Ermənistan cəmiyyətində hakimiyyətin bütün vədlərinə və bəyanatlarına rəğmən, revanşizm, irqçilik, dini və etnik zəmində dözülməzlik, qonşu ölkələrə qarşı ərazi iddialarına əsaslanan ideologiya zəifləməyib. İkinci Qarabağ Müharibəsi və Xankəndidəki separatçı rejimin sonunun çatdırılması, qarabağlı ermənilərin böyük qisminin könüllü şəkildə Azərbaycanı tərk edərək Ermənistana yollanması ermənilər arasında Azərbaycana nifrət edənlərin sayını artırıb. Bu şəxslər yeni müharibəni istisna etmir, “tutulan torpaqların azad edilməsi”ni, yəni Azərbaycan ərazilərinin bir qisminin işğalını arzulayırlar.
Revanşist əhval-ruhiyyəli ermənilərin arzularından isə Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan siyasi məqsədləri, xüsusilə də Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına yönəlmiş fəaliyyət üçün istifadə edirlər. Bu kütlənin əsas narazılığı Ermənistan ordusunun indiki bivec və zəif vəziyyəti ilə bağlı olduğundan N.Paşinyan rəqiblərinin mövqelərini və onların təbliğatda istifadə etdikləri arqumentləri zəiflətmək üçün silahlı qüvvələrin gücləndirilməsi ilə bağlı vədlər verib. O, Ermənistan ordusunun daha da güclənəcəyini, rəsmi İrəvanın sürətli silahlanma proqramına başladığını məhz bu səbəbdən deyir.
Eyni zamanda, Paşinyan xarici ölkələrdəki erməni icmalarının, diaspor təşkilatlarının ona verdiyi dəstəyin güclənməsini istəyir. Erməni diaspor rəhbərlərinin R.Köçəryan və S.Sarqsyanla onların siyasi bazasına olan münasibətləri ifrat dərəcədə mənfidir: Qərbdəki ermənilər bu şəxsləri Rusiyanın İrəvandakı əsas təsir vasitələri, Moskvanın marionetləri, Ermənistanı yenidən Rusiyadan tam və total asılı vəziyyətə qaytarmaq istəyən adamlar hesab edirlər.
N.Paşinyanın Qərbə meyilli siyasəti isə erməni diasporunu razı salır, çünki ABŞ, Fransa və Avropa İttifaqının siyasi elitaları məhz erməni diaspor təşkilatları ilə sıx kommunikasiyada olaraq onların vasitəsilə də İrəvan isteblişmentinə təsir edirlər.
Qarabağlı ermənilər, şərti dövlət sərhədi, Zəngəzur dəhlizi, sülh sazişi və s. kimi məsələlərdə rəsmi İrəvan diasporun mövqeyini, xüsusilə də Qərb ölkələrindəki erməni icmalarının faktiki rəhbərlərinin tələblərini nəzərə almağa çalışır və bunu real siyasi dividendlərə çevirmək niyyətindədir.
Azərbaycana ünvanlamış açıqlamalara gəldikdə isə, Nikol Paşinyanın son bəyanatları siyasi idiotizm səviyyəsindədir.
Sülh sazişinin imzalanması prosesinin uzana biləcəyini və bu səbəbdən də qarşılıqlı şəkildə hücum etməmək paktının imzalanmasına zərurət duyulduğunu vurğulayan N.Paşinyan əslində, rəsmi İrəvanın sülh danışıqlarında süni maneələr yaratdığını etiraf edib.
Bakı İrəvanla hansısa mücərrəd pakt imzalamaq niyyətində deyil: belə sənədin faktiki və hüquqi çəkisi total sıfıra bərabərdir. Qoşunların şərti dövlət sərhədindən simmetrik qaydada çəkilməsi məsələsi də absurddur.
Əvvəla, həmin sərhəd hələ müyyənləşməyib və Azərbaycan ərazilərinin bir qismi hələ də erməni işğalındadır. Sonra da ki, Azərbaycan niyə silahlı qüvvələrini və ya polisini şərti dövlət sərhədindən geri çəkməlidir - bəlli deyil.
Sürətlə silahlanan, ən müxtəlif silah və hərbi texnika alan, bu minvalla regionda yeni gərginliyin yaranmasını təşviq edən tərəf Azərbaycan yox, Ermənistandır.
Sülh danışıqları prosesinin yerində saymasının, bölgəyə “qarant və təminatçı” qismində uzaq dövlətlərlə təşkilatların müdaxiləsinə can atmasının səbəbkarı da Paşinyanla onun administrasiyasıdır.
Ermənistanın baş naziri vəziyyətin normallaşmasını istəyirsə, eyni anda ən müxtəlif cəbhələrə oynamağı dayandırmalı, real və konstruktiv fəaliyyətlə məşğul olmalıdır.