
İranda çirkli hava səbəbindən hər gün 161 nəfər ölür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.
Qeyd edilib ki, çirkli hava səbəbindən il ərzində 58 975 nəfər, yəni hər saat təxminən 7 nəfər ölüb. Çirkli havanın İran iqtisadiyyatına gündəlik vurduğu ziyan isə 47 milyon dollara bərabər sayılır.
Mütəxəssislər deyirlər ki, son vaxtlar İranda hava çirkliliyi kritik səviyyəyə çatıb. Bu səbəblə bir sıra şəhərlərdə məktəblər və təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb.
Ölkənin cənub-qərbində yerləşən Xuzistan ostanında güclü hava çirkliliyi səbəbindən ibtidai və orta məktəblərdə üzbəüz tədris 21 noyabra qədər dayandırılıb.
Bölgənin bütün şəhərlərində çirklənmə səviyyəsi kritik həddə çatsa da, ən yüksək göstərici Əhvaz şəhərində qeydə alınıb. Burada hava keyfiyyəti indeksi (AQI) 500‑ə çatıb (300 və üzəri "insan sağlamlığı üçün təhlükəli" hesab edilir).
Uşaqlar, yaşlılar, ürək və ağciyər xəstələrinə çölə çıxmamaq və mümkün qədər evdə qalmaq tövsiyə edilib.