Avropa Parlamenti, Makron və Şolts: ÜÇLÜYÜN MƏQSƏDİ NƏDİR?
ELÇİN ALIOĞLU YAZIR

Qərbin bəzi ölkələrinin və təşkilatlarının Azərbaycana qarşı mövqeləri sürətlə sərtləşməyə başlayıb. İrəvana silahlandırmağın yeni variantını - silahların, sursatların və hərbi texnikanın bilavasitə Ermənistanda istehsalını təklif edən Avropa İttifaqı eyni zamanda, Bakını da sanksiyalarla hədələməyə çalışır.

 

Avropa İttifaqının (Aİ) "Ümumi xarici və təhlükəsizlik siyasəti" (CFSP) və "Ümümi təhlükəsizlik və müdafiə siyasəti" (CSDP) adlı iki illik hesabatı qəbul edərək qətnamələr hazırlayıb.

 

Sənədlərin ikisində də Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırılır.

 

Qətnamələrdə Azərbaycandan qarabağlı ermənilərin "geri qayıdışının və onların hüquqlarının təminatı ilə bağlı dayanıqlı təminat" tələb olunur.

 

Vurğulanır ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi Bakının "qarabağlı ermənilərə qarşı həyata keçirdiyi hərbi əməliyyat və etnik təmizləmə ciddi zərbə vurub".

 

Daha sonra Avropa İttifaqının Ermənistandakı Müşahidə və Monitorinq Missiyasının (EUMA) mandatının gücləndirilməsi, heyətinin və fəaliyyət müddətinin artırılması, habelə Ermənistanın Türkiyə ilə sərhədi boyunca EUMA müşahidəçilərinin yerləşdirilməsi tələb olunur.

 

Eyni zamanda, Azərbaycana müraciət olunaraq EUMA müşahidəçilərinin "sərhəd boyunca Azərbaycan ərazisində və Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verilməsi" istənilir.

 

Qətnamələrdə Avropa Komissiyasının vitse-prezidentinə və ali nümayəndəsinə müraciət olunaraq onlardan Avropa Sülh Fondu (European Peace Facility-EPF) vasitəsilə Ermənistanınn müdafiə potensialının artırılmasına dəstək vermələri rica olunur.

 

"Bir daha vurğulayırıq ki, Azərbaycanla bağlı çağırışlarımız Avropa İttifaqının bu ölkə ilə bağlı siyasətinə hələ də təsir etməyib. Avropa İttifaqını təxirəsalınmaz şəkildə, dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı qarşılıqlı anlaşma Memorandumunun fəaliyyətini dayandırmağa çağırırıq", - qətnamələrdə deyilir.

 

Avropa Parlamentinin deputatları Ermənistanın suverenliyini, ərazi bütünlüyünü və sərhəd toxunulmazlığını tam dəstəklədiklərini bəyan edərək Nikol Paşinyanın yürütdüyü siyasəti bəyəndiklərini vurğulayıblar: “Bununla belə, Ermənistanda iğtişaşların yaranması məqsədi güdən Rusiyanın müdaxilələrini qətiyyətlə pisləyir, Avropa İttifaqını Cənubi Qafqazda daha fəal olmağa çağırırıq".

 

Avropa Parlamenti Azərbaycana qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməklə yanaşı, ölkəmizin siyasi və hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin "cəzalandırılması"nı tələb edir.

 

Eyni zamanda, qurum bildirir: "Azərbaycanın hər hansı formada Ermənistanın ərazi bütünlüyünə qarşı istənilən hərbi aqressiyası halında Azərbaycandan neft və qazın idxalı dərhal dayandırılmalıdır".

 

Avropa Parlamenti habelə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıqla bağlı yeni sazişin müzakirə olunduğu danışıqların dayandırılmasını da tələb edir.

 

...Beləliklə, Avropa Parlamenti yenə bizə barmaq silkələdi. Sözügedən qurumun əvvəllər də ölkəmizə və xalqımıza qarşı yönəlmiş bütün başqa qətnamələri, bəyanatları və bəyannamələri kimi, haqlarında bəhs etdiyimiz iki sənəd - CFSP və CSDP - Avropa İttifaqı (Aİ) tərəfindən icrası məcburi sayılmayaraq məşvərət funksiyasını daşıyır.

 

Eyni zamanda, erməni sevdasına, islamofobiyaya və türkofobiyaya mübtəla olmuş Avropa Parlamentindən fərqli olaraq Aİ-nin icraedici strukturları sənədlərin Azərbaycanla bağlı hissələrindəki isterik çağırışları və marazmatik mövqeləri qəbul etmir.

 

Sənədlərin qəbulunun iki əsas səbəbi var: seçkilər və geosiyasət.

 

İyun ayında Avropa Parlamentinə seçkilər keçiriləcək. Fransa ilə yanaşı, İtaliya, Almaniya, Yunanıstan, Kipr, Belçika, İspaniya və s. Aİ ölkələrindən olan deputatlar "erməni katolikosundan artıq erməni" təsiri bağışlamağa çalışaraq, təmsil etdikləri ölkələrdəki erməni icmalarının dəstəyini qazanmağa çalışırlar.

 

Məsələn, Fransa, Lüksemburq, Belçika, Andorra, Monako, İspaniya, Portuqaliya, Lixtenşteyn və İsveçrədən olan avrodeputatların "stabil ianə" mənbələri arasında Brüsseldə yaşayan erməni milyonçu Kaspar Karampetyan xüsusi yer tutur.

 

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu illərdə Avropa Parlamentinin deputatlarının Xankəndinə səfərlərini təşkil edən K.Karampetyan separatçı rejimin Aİ-də "qanuniləşdirilməsi" üçün ciddi səylər göstərirdi.

 

Əslən Yunanıstandan olan, Lüksemburq və Ermənistan vətəndaşlığına malik K.Karampetyan budəfəki qətnamələrin qəbulunda da xüsusi aktivlik göstərib, illərdən bəri "bəslədiyi" deputatları sənədin lehinə səs verməyə sövq edib.

 

Sənədlərin qəbulunun geosiyasi vəsilələrinə gəldikdə, Avroparlamentin deputatları Fransa və Almaniyanın siyasi elitalarının göstərişlərini yerinə yetirirlər.

 

Daha dəqiq olsaq, onlar Aİ-nin Fransa prezidenti Emmanuel Makron və Olaf Şolts tərəfindən Cənubi Qafqazla bağlı geostrategiyası çərçivəsində davranırlar.

 

Makronun Ermənistanı sürətlə silahlandırmaq və paralel olaraq Azərbaycana ciddi təzyiqlər göstərərək Bakını bəlli güzəştlərə vadar etmək cəhdləri nəticə vermədiyindən o, prosesə Almaniyanın kansleri Olaf Şoltsu qoşub.

 

Almaniyanın XİN başçısı Annalena Berbokun vasitəçiliyi ilə Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü də Aİ-nin Cənubi Qafqazda mövqelərinin daha səbatlı format alınmasına yönəlmiş təşəbbüs idi.

 

Bakı və İrəvan arasında ikitərəfli anlaşma olan «Azərbaycanla Ermənistan arasında sülhün bərqərarı və dövlətlərarası münasibətlər haqqında» anlaşmanın bəndlərinin müzakirəsi davam edir.

 

Bununla belə, Fransanın bölgəmizdə destruktiv fəaliyyəti də genişlənir.

 

Rəsmi Paris Ermənistana silah və hərbi texnika satmaqla yanaşı, Ermənistan ərazisində silah, sursat, ehtiyat hissələr və hərbi texnika istehsalını təşkil etmək niyyətindədir.

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfər etmək niyyəti də məhz bununla bağlıdır. Zelenskinin xarici səfərlərinin əsas məqsədi silah-sursat əldə etmək, həmçinin sursat istehsalının kooperasiya variantlarının müzakirəsi olduğunu nəzərə alsaq, Kiyevin gələcəkdə, Fransanın Ermənistanda hərbi istehsala başlamasından sonra İrəvandan Aİ-nin ayıracağı maliyyə hesabına silah-sursat almaq istəyi ola bilər.

 

Bu isə Azərbaycan üçün riskləri indiyədək olan səviyyədən daha yüksək həddə çatdırır, çünki Ermənistan ordusunun qalıqlarının silahlandırılması prosesi bu günədək Gürcüstan və İran ərazilərindən quru yolla daşımalar, bir də aviadaşımalar vasitəsilə həyata keçirilməkdədir.

 

Fransadakı erməni icmasının Parisin xarici siyasətinə təsirini də olduğundan artıq qiymətləndirməyə dəyməz. Çünki Emmanuel Makron üçün Ermənistan yalnız Cənubi Qafqaz yox, bütün postsovet məkanında Parisin geosiyasi ambisiyalarının təminatı prosesində ciddi mərhələdir.

 

Fransa-Almaniya dueti Avropa İttifaqının tam dəstəyi ilə Cənubi Qafqaz və bütün postsovet məkanı ilə yanaşı, Afrikada da aktiv fəaliyyətə keçir.

 

Təbii, Ermənistanla münasibətlər heç bir halda Fransanın Afrikada məruz qaldığı itkilərin yerini doldura bilməz: iqtisadi, siyasi və geosiyasi çəkilər tam fərqlidir.

 

Ermənistanla münasibətlər yalnız Paris üçün yox, Aİ üçün də postsovet məkanı ilə bağlı strategiyada xüsusi yer tutur. Ukraynadakı hərbi əməliyyatlarla bağlı Emmanuel Makronun məqsədi Rusiyanı zəiflətməkdirsə, Cənubi Qafqazda o, İrəvanı Moskvadan maksimum dərəcədə uzaqlaşdırmağa çalışır.

 

Makron və Şolts Cənubi Qafqazda Rusiyanı Fransa ilə əvəzləmək istəyirlər.

 

Ancaq Azərbaycanın Rusiya, Türkiyə, Britaniya və Qoşulmama Hərəkatındakı ölkələrdə sıx əlaqələrini nəzərə alsaq, Parisin Bakıya təsir imkanları minimumdur. Bu səbəbdən də E.Makron bölgədə maksimum dərəcədə intensiv və aqressiv siyasət yürütməyə can atacaq.

 

Bəhs etdiyimiz səbəbdən də Almaniya kansleri Olaf Şoltsun sülhməramlı olduğu vurğulanan fəaliyyətinə rəğmən, Fransa və Ermənistan arasındakı təmaslara daha ciddi, daha diqqətli yanaşmalıyıq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.