Qərb və Azərbaycan: NORMAL MÜNASİBƏTLƏRLƏ İRƏLİLƏYİŞ ÜÇÜN NƏ GƏRƏKDİR?
ELÇİN ALIOĞLUNUN YAZISI

"Kollektiv Qərb" kimi yanlış, nimdaş və məntiqsiz ifadə ilə səciyyələndirilən Qərb ölkələrinin bir çoxunun Azərbaycana olan münasibəti bəllidir. Həmin münasibət məntiqə və geosiyasi maraqlara yox, hakimiyyət isteblişmentləri ilə siyasi elitaların mənafelərinə söykənir.

 

Bu səhv yanaşmanı Qərbdə nə orta statistik seçicilər, nə də biznes dəstəkləyir.

 

Azərbaycana təzyiq göstərməyə çalışan Qərbin buraxdığı səhvlər hansılardır, Qərblə Bakı arasında münasibətlərin gərilməsinə səbəb nədir, ölkəmizə təzyiqlər nədən və haradan qaynaqlanır? Ən nəhayət, sərinləşən münasibətlərin bərpası üçün nə gərəkdir?

 

"Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişlə bağlı proses davam etsə də, süni problemlər və maneələrin sayı azalmır.

 

Saziş layihəsi ilə bağlı əsas məqamların müzakirə olunduğu, Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanın arasında Berlində həmkarları Annalena Berborkun təşkilatçılığ ilə keçirilmiş üçtərəfli görüşdən sonra kiçik ümidlər yarandı. Antalyadakı Diplomatik Forumda həmin ümidlər bir qədər də artdı.

 

Bununla belə, etiraf etmək gərəkdir ki, sülh sazişi ilə bağlı Berlin raundunda heç bir ciddi irəliləyiş olmadı.

 

Səbəb məlumdur və əvvəlkidir.

 

Ermənistan Konstitusiyasında və bir sıra qanunverici aktlarda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəalar qalır, erməni cəmiyyətində revanşizm və "qarabağlı ermənilər Qarabağa qayıtmalıdır, Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı şərt olmamalıdır, onlar öz seçdikləri statusla yaşamalıdırlar" tipli çoxsaylı bəyanatar azalmaq bilmir.

 

Bütün bunlara rəğmən, Fransa prezidenti Emmanuel Makronun "çox zəif siyasətçi" adlandıraraq aşağıladığı Almaniya kansleri Olaf Şoltsun Azərbaycanla bağlı mövqelərində konstruktivlik və məntiq elementləri üstünlük təşkil edərsə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesə dəstək verməyə çalışdığını deyən Berlinin siyasi elitaları gərəkli rasionallıq nümayiş etdirsələr, çox yəqin ki, Bakı da baş verənlərə adekvat reaksiya göstərəcək.

 

Yəni Almaniyanın prosesdə hər hansı formada və ya formatda iştirakına Bakı etiraz etməyəcək.

 

Heç şübhə yoxdur ki, Fransa ilə paralel və hətta tandem halında davranan Almaniyanın da Cənubi Qafqazda əsas məqsədi Rusiyanın bölgəni tərk etməsinə, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaqdır.

 

Fransa ölkəmizə qarşı aşkar düşmən mövqe tutubsa, Almaniya hələlik neytral yanaşma sərgiləyir.

 

Almaniya real işlər görmək və prosesin iştirakçısı olmaq istəyirsə, Bakının ikili standartlara qarşı iki şərti var.

 

1. Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qəbul edilən və nümayəndə heyətimizin təşkilatı tərk etməsinə səbəb olan absurd qətnamənin de-yure müəllifi alman deputat Frank Şvabenin funksioneri olduğu partiyanın sədri Almaniyanın kansleri Olaf Şoltsdur.

 

Şoltsun sədr müavini olduğu Almaniya Sosial-Demokrat Partiyasının (SDP) həddən ziyadə ciddi daxili intizama malik olduğunu xatırlasaq, AŞPA-da F.Şvabenin kansler O.Şoltsdan xəbərsiz təşəbbüslə çıxış etməsi mümkünsüzdür.

 

Belədirsə, rəsmi Berlin Azərbaycanla təmaslarda Fransanın intriqalarına məruz qalmayaraq, strateji praqmatizmə əsaslanmalıdır.

 

AŞPA-da və digər pan-Avropa strukturlarında əhalisinin tam əksəriyyəti müsəlman olan iki dövlət var - Türkiyə və Azərbaycan. Hər iki ölkənin Avropa İttifaqına üzvlük məsələsi "müzakirə oluna biləcək məqam" kimi qələmə verilsə də, avropalı siyasətçilərin ritorikası ikiüzlülük, yalan və məkrdir.

 

Çünki müsəlman olduğumuz üçün Avropa İttifaqı qapıları üzümüzə bağlayıb, AŞPA və analoji strukturlar Bakını hədəfə alıblar.

 

2. İnsan haqları, demokratik dəyərlər, azad vətəndaş cəmiyyəti kimi prinsiplərdən bəhs edən Avropa İttifaqı nədənsə Azərbaycanla bağlı məsələlərdə həmişə ərazi bütünlüyü, suverenlik və sərhəd toxunulmazlığı prinsiplərini arxa plana salır.

 

Almaniya ölkəmizlə normal münasibətlərdə olmaq, sülh sazişi prosesində iştirak etmək istəyirsə, suveren ərazimiz üzərində suverenitetimizin qurulmasına mane olmamalıdır. Yəni dövlət sərhədimizin bütün perimetri boyunca təhlükəsizlik sisteminin gücləndirilməsi normal və beynəlxalq hüquq çərçivəsində proses olduğundan, Berlin bunu qəbul etməlidir.

 

Fransa Ermənistanı sürətlə silahlandırır, ermənilərə hərbi-texniki yardımlar göstərir. Bizə belə yardım və dəstək verilmirsə, heç olmasa, beynəlxalq hüquq çərçivəsində atdığımız addımlara maneələr yaratmağa cəhdlər göstərilməməlidir. Berlin prosesi ya dəstəkləməli, ya kənara çəkilməlidir. Başqa alternativ yoxdur.

 

Qərbin, konkret halda Almaniyanınn məramlarının ciddiliyinə və səmimiliyinə Azərbaycanın bir qədər şübhə ilə yanaşması başadüşülən, normal hadisədir.

 

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində Ermənistanı işğalçı dövlət adlandırmayan, İrəvanı azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqda suçlamayan Qərb indi az qala həmin ifadələri bizə ünvanlayır.

 

Qərb indi də obyektiv mövqe tutmayıb.

 

Bu səbəbdən AŞPA-da Ermənistanın yürütdüyü siyasətə adekvat qiymət verilməli, ermənilərə və onları dəstəkləyənlərə real vəziyyət anladılmalıdır.

 

Qərb Bakı ilə normal münasibətlər istəyirsə, Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı isterik, aqressiv və hətta idiotik siyasət yürütdüyünü bəyan etməlidir.

 

Qərb çox gec olsa da, dərk etməlidir ki, Qarabağ mövzusu artıq bitib, tarixə qovuşub və qarabağlı ermənilərin qayıdışı, onların təhlükəsizliyinin təminatı və başqa məsələlər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər. Mücərrəd statuslu qarabağlı ermənilər könüllü olaraq Azərbaycanı tərk edərək, Ermənistana, vətənlərinə yollanıblarsa, onların seçimini Qərb qəbul etməlidir.

 

Ən azı ona görə ki, qarabağlı ermənilər 30 illik işğal dönəmində Ermənistan pasportu daşıyıblar və indi də Azərbaycan vətəndaşı olmaq istəmirlər.

 

Qərb Ermənistanı və qarabağlı erməniləri dəstəkləyirsə, bu, aşkar birtərəfli, subyektiv yanaşmadır.

 

Obyektiv olmaq istəsələr, erməni işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi, ermənilərin viran qoyduqları şəhərlərin və kəndlərin, həmçinin, infrastruktur bərpası və azərabycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmaları prosesini də dəstəkləməli, zəruri yardımlar göstərməlidir.

 

Sadalanan məqamlar gerçəkləşməyincə, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Qərbin iştirakı mümkün deyil.

 

Qərb yeni reallığı qəbul etməlidir.

 

Bakının yeganə istəyi budur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.