Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb - KOMMUNİKE QƏBUL EDİLİB
YENİLƏNİB

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb, yekunda iştirakçılar birgə kommunike qəbul ediblər.


Senzor.az xəbər verir ki, konfrans 15 Mart - Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününə həsr olunub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.


Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti və İslam Əməkdaşlıq Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef M. Al-Dobay və G20 Dinlərarası Dialoq Forumunun prezidenti, professor Kol Durhamın çıxışları dinlənilib.


“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”, - Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir.


“Konfransda tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq istiqamətində səylərin əlaqələndirilməsi məsələləri, “sivilizasiyaların toqquşması” nəzəriyyəsindən irəli gələn problemləri, rəqəmsal islamofobiya və ali təhsil kontekstində islamofobiya ilə mübarizə məsələləri müzakirə edilib”, - yekun sənəddə vurğulanıb.


Kommunikeyə əsasən, islamofobiya və şərqçilik bütün mürəkkəbliyinə baxmayaraq, Avropa müstəmləkəçiliyinin tarixində dərin köklərə malikdir, ayrı-seçkilik siyasəti Qərbi Avropada, xüsusən də Fransada hələ də davam edir.


Konfrans iştirakçıları islam irsinin təhqir olunmasını və dağıdılmasını, mədəni və dini abidələrə hücumları, o cümlədən Fransada Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalmasını qınayıblar.


İştirakçılar həmçinin islamofobiya kontekstində gender problemlərini, müsəlman qadınlara, o cümlədən ali təhsil müəssisələrində kök salmış qərəzləri önə çəkərək, onların sülh və təhlükəsizlik gündəliyinə daxil edilməsini, həmçinin qadın azadlıqlarının və bununla bağlı sosial proqramların genişləndirilməsini istəyiblər.


Onlar KİV və sosial şəbəkələr vasitəsilə islama və müsəlmanlara qarşı qərəzin yayılmasına son qoymağa çağırıblar. Bu təzahür Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginlik və münaqişələr kontekstində Avropa və Şimali Amerikada xüsusilə narahatedici xarakter alıb.


Konfransda beynəlxalq təşkilatların və milli hökumətlərin hazırda islam və müsəlmanlar haqqında stereotiplərlə mübarizə üçün yetərsiz olan mövcud hüquqi vasitələri və siyasətləri genişləndirmək məsuliyyəti bir daha təsdiqlənib.


İştirakçılar iki əsas istiqamət üzrə islamofobiya ilə mübarizədə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi barədə razılığa gəliblər. Bunlar siyasi səviyyədə və ictimai təbliğat yolu ilə, eləcə də diskriminasiya xarakterli nitqlə mübarizə üçün proqram və layihələrin işə salınması vasitəsilə KİV və akademik səviyyələrdə razılıqlardır.


Martın 10-da konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcək və burada Ermənistanın işğalı illərində mədəniyyət və dini abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.

**17:17

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.


Senzor.az xəbər verir ki, tədbir iki gün davam edib.


Konfransın yekununda birgə kommunike qəbul olunub.


Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

**14:49

Beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını almaq mümkün olmur.


Bu sözləri Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.


D.Muxetdinov qeyd edib ki, BMT-nin İnsan Hüquqları Şurası “Qurani-Kərim”in qəsdən təhqir olunmasını pisləyən qətnamə qəbul edib. Ancaq Avropada müqəddəs “Qurani-Kərim”i yandıran şəxslər cəzalandırılmır. “Sözsüz ki, bu nümunələr ikili standartların ən bariz göstəricisidir. Çünki Qərb ölkələrinin liberal demokratiya prinsipləri üzərində qurulmuş qanunvericiliyi sözügedən aksiyalara mane olmağa imkan vermir”, - deyə D.Muxetdinov bildirib.

**

Aparılan son araşdırmalara görə, islamofob çıxışlar əvvəlki illərlə müqayisədə 31 faiz artıb.


Bu sözləri Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda aralıq sessiyada söyləyib.


“XIII əsrdən bəri islamofobiya dünyada kök salıb. İslamofobiya sanki dövlətin məqsədləri kimi əlaqələndirilir. Avropada İslamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya dövlət siyasətidir. “Tədqiqatlar bu problemə niyə dərindən yanaşmır?”, “İslamofobiya ilə bağlı fikirlər necə dinlənilir?” kimi suallara cavab tapılmır”, - deyə direktor diqqətə çatdırıb.

**13:23

Müsəlmanlara qarşı nifrət və qərəz son onilliklər ərzində daha da dərinləşib.


Senzor.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.


İslamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların olduğuna diqqət çəkən Ülviyyə Zülfiqar qeyd edib ki, bu ölkədə müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyü dövlət siyasəti kimi təsisatlandırılması tarixi qeydlər və hadisələrlə sübut edilir. “Əslində, Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir. Xatırlatmaq istəyirəm ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, Azərbaycana məxsus zəngin mədəni irsi metodik şəkildə yer üzündən silib. Son 200 il ərzində, xüsusilə 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya edilib. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib”, - deyə o əlavə edib.


Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin qəsdən məhv edilməsinə diqqət çəkən sözçü vurğulayıb: “310-dan çox məscid və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərin nümunəsidir. Ermənistanda salamat qalan yeganə məscid olan İrəvandakı Göy məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün bu ölkə tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir”.

**11:48

Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir.


Senzor.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda söyləyib.


Avropa ölkələrində islamofobiyanın güclənməsinin səbəblərindən bəhs edən Dövlət Komitəsi sədrinin müavini bildirib: “Bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrində 369 təşkil edib, özəl sektorda isə 197 olub”.


Avropada müsəlmanlar üçün ibadət evlərinin tikilməsi ilə bağlı problemlərdən söz açan G.İsmayılov deyib ki, əhalisinin təqribən 10 faizi müsəlman olan Fransada 2500 məscid var. Həmin 2500 məscidin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu “Fransanın islamlaşdırılması” adlandırır.

**

Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır.


Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.


O, qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur. Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliya, İspaniyadan olan miqrantlara üstünlük verirlər.

**

Biz islamofobiya ilə bağlı konkret olaraq nələrin baş verdiyinin fərqindəyik. Bunun həlli üçün məsələnin kökünü bilməliyik. Biz təxminən 20 il ərzində müxtəlif dinlərin vəhdətini görürük. Müsəlmanlara qarşı nifrət hissinin və ayrı-seçkiliyin necə vüsət aldığının şahidi oluruq. Avropada buna yer olmamalıdır.


Bu sözləri Uelsin “Trinity St David” Universitetinin elmi işçisi Mohammed Sadek Hamid Bakıda keçirilən islamofobiya ilə mübarizəyə dair konfrans çərçivəsində təşkil olunan “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları” mövzusunda plenar iclasda deyib.


İslamofobiya probleminin nəticə etibarilə sistemli olaraq ayrı-seçkiliyə gətirib çıxardığını vurğulayan Mohammed Sadek Hamid bildirib ki, bu, insanların yaşayışına da böyük təsir göstərir. Bunun nəticəsi olaraq müsəlmanlara qarşı müxtəlif zorakılıq və nifrət halları baş verir. Hətta müsəlmanlara oxşamaq belə ağır nəticələrə gətirib çıxarır, nifrət zəminində cinayətlərin törədilməsinə səbəb olur. “Qeyd etməliyəm ki, belə halların məscidlərə qarşı da baş verdiyini bilirik. Müsəlmanlara fiziki hücumların, xüsusilə də qadınlara qarşı zorakılığın şahidi oluruq. Hətta müsəlmanların məzarlarında cəsədlərə qarşı törədilən əməllər çox xoşagəlməzdir. İslamofobiya hamı üçün problemdir”, - deyə o əlavə edib.


Elmi işçi diqqətə çatdırıb ki, Böyük Britaniyada da müsəlmanlara qarşı münasibət dəyişməlidir. Bəzi siyasi qərarlarda mühüm dəyişikliklər edilməlidir. Eyni zamanda, mediadaki fikirlər müsbət istiqamətdə dəyişə bilər. Bu problemə qarşı birlikdə uğurlu mübarizə aparıla bilər.

**

Almaniya Müsəlmanları Mərkəzi Şurasının əsas hədəfi İslam əqidəsini ictimaiyyətə təhrif etmədən çatdırmaqdır. Əgər sülhün bərqərar olmasını istəyiriksə, dinlərarası dialoq vacibdir.


Senzor.az xəbər verir ki, bu sözləri Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin islamofobiyaya qarşı gördüyü işləri yüksək dəyərləndirən Ayman Mazyek qeyd edib ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır. “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab “Qurani-Kərim”in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır”, - deyə Mərkəz rəhbəri bildirib.


İslamofobiyanı bəşəriyyətə qarşı atılan atəş kimi qiymətləndirən A.Mazyek qeyd edib: “Bütün bu proseslər irqçilik fenomeni adı altında davam edir. Ancaq qanun qarşısında bərabərlik bölünməzdir. Biz keçmiş səhvlərdən nəticə çıxarmalı, İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq”.

**10:07

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü işə başlayıb.


Senzor.az xəbər verir ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı keçirilir.


Qeyd edək ki, tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.


Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır.


Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.