Brüssel şousu Ermənistanın taleyini dəyişdi: BAKI İNDİ “AĞA”larla DANIŞIR
ELÇİN ALIOĞLU YAZIR

Brüsseldəki görüş Ermənistan üçün dərs olmadı. Baş nazir Nikol Paşinyan və komandası hələ də Qərbin vədlərinə güvənir, ABŞ-Fransa-Avropa İttifaqı triosunun ermənilərin təhlükəsizliyinə tam təminat verdiklərini düşünürlər.

 

Qərb ermənilərin mahiyyətini anladı və gördü ki, rəsmi İrəvan pul, təhlükəsizlik təminatı, silah, hərbi texnika və s. istəməyi siyasi yaşam tərzinə çevirib.

 

Bölgə dövlətləri isə Brüssel görüşündən dərs aldılar. Xeyr, Ermənistanla bağlı heç bir illüziya yox idi, ola da bilməzdi.

 

Konkret olaraq bir daha sübut edildi ki, Qərbin vədləri real işlərdən dəfələrlə cazibədardır.

 

ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüş, aparılmış müzakirələrlə bağlı Vaşinqton, Brüssel və İrəvan rəsmi açıqlamalar verdilər.

 

Görüşün sonucu, müzakirə edilən məsələlər barədə bəyanatlar səsləndi.

 

Görüşdə ABŞ və Avropa İttifaqının Ermənistana hərbi-texniki yardım proqramı barədə heç nə deyilmədi. Ancaq bu, görüşdə həmin məsələnin nəzərdən keçirilməməsi anlamına gəlməməlidir.

 

"Politico"nun verdiyi məlumata görə, görüş əsnasında N.Paşinyan Azərbaycanın son vaxtlarda aldığı hərbi texnika və silahlar barədə Blinkenlə Lyaynenə "informasiya verərək vəziyyəti geniş şərh edib".

 

Deduktiv metodologiyanı iş salmağa lüzum yoxdur: aydındır ki, "Azərbaycanın sürətlə silahlanaraq Ordusunun hücum potensialını artırdığını" vurğulayan Paşinyan bunun müqabilində Ermənistanın "təhlükəsizliyinin təminatı üçün" ABŞ və Avropa İttifaqından silah-sursat və hərbi texnika istəyib.

 

Şübhə etmirik ki, "Azərbaycanın silahlanması"nın müqabilində N.Paşinyan "mümkün təhlükənin neytrallaşdırılması" üçün Qərbdən analoji silahlarla hərbi texnika, yaxud da total müdafiə vasitələri tələb edib.

 

Brüssel görüşü barədə deyilməyən başqa məqamlar Rusiyanın Ermənistana geosiyasi, iqtisadi, siyasi, maliyyə, mediativ, hərbi və s. təsiri imkanlarının azaldılması, Azərbaycanla sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində Ermənistanın mövqelərinin gücləndirilməsi, Ermənistan cəmiyyətində Rusiyaya qarşı yönəlmiş meyillərin və əhval-ruhiyyənin artırılması, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını Ermənistanın mümkün qədər tez tərk etməsinə nail olmaq da vardı.

 

Bununla yanaşı, ABŞ və Avropa İttifaqı Ermənistanı bölgəmizdə geosiyasi forpostuna döndərmək, Cənubi Qafqazdakı proseslərə İrəvan vasitəsilə ciddi təsir etmək, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsinə və İrəvanın Moskva ilə imzaladığı ikitərəfli strateji anlaşmaları denonsasiya etməsinə nail olmaq da müzakirə edilib.

 

Rəsmi İrəvan bəyan edir ki, Brüssel görüşünün nəticələrindən razıdır, aparılan müzakirələr ermənilər üçün uğurlu olub, İrəvanın gözləntiləri doğrulub.

 

Etiraf etməliyik ki, Nikol Paşinyan administrasiyasının mənsubları istəklərinə qismən də olsa, çatıblar.

 

Onlar son 32 ildə Ermənistan üçün "böyük qardaş", hami, dayaq, ən əsası isə iqtisadi və geosiyasi təhlükəsizliyin təminatçısı rolunu oynamış Rusiyanı indi ABŞ, Fransa və Avropa İttifaqı ilə əvəzləməyə çalışırlar.

 

Daha doğrusu, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər.

 

Son iki əsrdə 14 (!) dəfə olduğu kimi, bu dəfə də ermənilər şirnikləndirici vədlərə aldanaraq özlərini yeni problemlərlə üzbəüz qoyacaqlar. Paşinyan komandası Ermənistan vətəndaşlarına Qərbin yardımlarını və dəstəyini qazandığını deyir.

 

Qərb yekcins deyil və ələlxüsus da Cənubi Qafqazda ABŞ-ın və Avropa İttifaqının, xüsusilə də Aİ-yə liderlik etmək iddiasında olan Fransanın maraqları tamamilə fərqlidir.

 

Onların hər biri Ermənistan üzərində təsiri inhisarlaşdırmağa, öz əllərində cəmləşdirməyə, İrəvanı tam nəzarət altında saxlamağa çalışır.

 

ABŞ-ın maraqlarını təxminləmək çətin deyil: Cənubi Qafqazdan Rusiyanın çıxarılması, bölgə ölkələri üzərində təsir mexanizminə Ermənistanın da əlavə vasitə qismində qatılması, Ermənistanla İran arasındakı aktiv əlaqələrə son qoyulması və s.

 

İranla həddən ziyadə aktiv təmaslarda olan, hətta rəsmi Tehranın “Ermənistanın sərhəd toxunulmazlığı və təhlükəsizliyi bizim qırmızı cizgimizdir” dediyi İrəvanın belə mövqeyinin Qərb tərəfindən indiyədək zahiri laqeydliklə qarşılanmasının səbəbi də məhz Birləşmiş Ştatların mövqeyidir.

 

Vaşinqton indiyədək İrəvan-Tehran əlaqələrinin kəsilməsini ermənilərdən tələb etməməklə onların Rusiyanın asılılığından çıxmasına sövq edilməsi ilə məşğul olub. Yəni ermənlərin Tehranla təmaslarını amerikalılar bölgədə Rusiyanın Ermənistana təsirinin azaldılmasına yönəltməyə çalışıblar və indi də belədir.

 

Fransanın Ermənistanı dəstəkləməkdə, silahlandırmaqda və daha aqressiv-radikal mövqe tutmağa sövq etməkdə məqsədi bölgəmizdə Azərbaycan-Türkiyə tandeminin möhkəmlənməsinə imkan verməmək, Azərbaycanın İsraillə çox sıx əlaqələrindən dolayı Təl-Əvivin regional proseslərdə iştirakını miniuma edirmək, Hindistanı Ermənistana silah-sursat və hərbi texnika tədarükünə məcbur etməklə Pakistanın Cənubi Qafqazla bağlı planlarının reallaşmasının qarşısını almaqdır.

 

Avropa İttifaqına gəldikdə, Brüssel amerikalılarla fransızlar arasında barraj vuraraq hər iki tərəfin maraqlarını nəzərə almağa, eyni zamanda tərəfləri geridə qoyaraq Ermənistan ərazisindən öz mənafeyi üçün yararlanmağa can atır.

 

ABŞ, Fransa, Avropa İttifaqı, Rusiya və İran arasındakı rəqabət meydançasına çevrilməkdə olan Ermənistan sürətlə forpost statusunu itirərək marionet vassal səviyyəsinə enir və böyük güclərin geosiyasi layihələrinin reallaşdığı məkana dönür. Beləcə, İrəvan Azərbaycan və Türkiyə ilə müqavilələr imzalayaraq dövlət subyektliyini gücləndirmək əvəzinə, özünü daha da zəiflədir.

 

Halbuki Bakı hələ 6 il əvvəl İrəvana şans vermişdi: 2018-ci ildə Ermənistandakı çevriliş nəticəsində hakimiyyətə gətirilmiş Nikol Paşinyanın mövqelərinin möhkəmlənməsini gözləyən Bakı sonradan Düşənbədəki danışıqlarda da mövqeyinii təsdiqlədi, 2018-ci ilin dekabrında Ermənistanda keçirilmiş parlament seçkiləri ərəfəsində təmas xəttində sakitliyi təmin etdi.

 

Amma Nikol Paşinyan bunu anlamadı, erməni hərbi kontingentini Suriyaya yolladı, daha sonra Rusiya Sülhməramlı Qüvvələrinin (RSK) Qarabağdakı fəaliyyət mandatını imzaladı, Qarabağdakı separatçı xuntaya dəstəyi davam etdirdi, Ermənistan qoşunlarını Azərbaycan ərahisindən çıxarmadı, Azərbaycanla şərti dövlət sərhədində Rusiya hərbçilərinə yeni mövqelər inşa etməyə icazə verdi, Xankəndində Ruben Vardanyanın idiotik “siyasi fəaliyyət”inə şərait yaratdı və s.

 

Brüssel görüşü ərəfəsində ilk olaraq ABŞ-ın dövlət katibi Entoni Blinkenin, daha sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya zəng etməsi təsadüf deyil.

 

Əvvəllər Ermənistanla bağlı Moskvadan Bakıya zənglər edilirdi, indi Vaşinqton və Brüsseldən.

 

Səbəb sadədir.

 

İrəvanın “hami”ləri həmişə anlayıblar ki, marionetin dediklərinə Bakı inanmır, ciddi müzakirələr üçün prosesə havadarlar qatılmalıdır.

 

Mövcud vəziyyət Qərb və Azərbaycan arasında qarşıdurma təsiri bğışlaya bilər, amma belə deyil.

 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar davam edir.

 

Sadəcə, rəsmi Bakı indi daha çox İrəvanla yox, ermənilərin yeni hamiləri ilə danışıqlar aparır.

 

Geosiyasətdə isə “hami” kəlməsi əksər hallarda “ağa” mənasını kəsb edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.