
Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və İbrahim Rəisi arasında baş tutan Astana sammiti başa çatıb.
Məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, görüşün sonunda birgə bəyannamə qəbul edilib.
Bəyannaməyə əsasən, hər üç ölkə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.
Liderlər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını bildiriblər.
Sənəddə deyilir ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.
Tərəflər növbəti üçtərəfli görüşün Rusiyada keçirilməsi barədə razılığa gəliblər.
**22:38

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün sammiti davam edir.
"Habertürk"ün məlumatına görə, sammitdə çıxış edən İran Prezidenti İbrahim Rəisi deyib ki, Suriyada yeganə həll yolu diplomatiyadır. Hərbi müdaxilə problemi artırır.
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, suriyalılar öz müqəddəratlarını xarici müdaxilə olmadan həll etməlidirlər.
"Ölkələrimiz Suriya torpaqlarında mövcud olan terror yuvalarını aradan götürmək üçün səy göstərəcək. Suriyalı qaçqınlar üçün əlimizdən gələni etməliyik", - Putin qeyd edib.
Türkiyə lideri öz növbəsində vurğulayıb k, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir: "Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir. PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək".
**22:00
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün sammiti başlayıb.
TASS xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşü Tehranda hələ 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.