
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali rəhbəri Əli Xamenei ilə də görüşüb.
İRNA xəbər verir ki, görüş zamanı Xamenei hazırda Ukraynada davam edən müharibəyə də toxunub.
Müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayan İranın Ali rəhbəri eyni zamanda Rusiyanın Ukraynanın suveren ərazilərinə hərbi müdaxiləyə başlamasını dəstəkləyib: “Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”. 
Bundan başqa, Əli Xamenei “qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu” qeyd edib: “Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Rusiya tərəfi sözügedən bu hərbi müdaxiləni xüsusi hərbi əməliyyat adlandırır. Əməliyyat nəticəsində Rusiya Ukraynanın Xerson, Zaporojye vilayətləri də daxil olmaqla bir neçə bölgələrinə nəzarəti ələ keçirib. Müharibə zamanı çox sayda dinc sakin həlak olub.