Bədbəxt qarabağlı ermənilər: ONLAR ALƏT, VASITƏ VƏ YIĞNAQ OLDULAR

"Qərb Ermənistandakı qarabağlı ermənilərə yüz milyonlarla dollar yardım ayırıb. O pulların bir qismi artıq Ermənistana göndərilib. Amma biz o pulları görmədik və düşünürəm ki, görməyəcəyik. Belə getsə, Ermənistanda tək-tük qarabağlı erməni qalacaq".

 

Xankəndidəki keçmiş separatçı rejimin nümayəndələrindən olan Metaksa Hakopyanın dediyinə görə, qarabağlı ermənilərin Ermənistanın hakimiyyət dairələrinə və dövlət qurumlarına inamı qalmayıb.

  

... Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər "ana vətən"də yaşamaq istəmirlər. Onların arasında Ermənistandan gedənlərin sayı sürətlə artır.

  

Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, ölkədə məskunlaşmış qarabağlı ermənilərin təqribən 40 faizi yaxın vaxtlarda mühacirət etmək niyyətindədir. Onlar dövlət qurumlarının təklif etdikləri sosial yardımlardan, ödəniş və müavinətlərdən imtina edirlər.

  

Rəsmi statististikaya görə, artıq 34 min qarabağlı erməni Ermənistanı tərk edib. Onların üz tutduqları ölkələr arasında Rusiya ilk yerdədir.

  

Maddi imkanları digər soydaşları ilə müqayisədə üstün olanlar isə Fransa, Kanada, ABŞ, Yunanıstan və Şərqi Avropa ölkələrinə üz tuturlar.

 

Ermənistandakı qarabağlı ermənilərin yaşamı gerçəkdən də, çətindir. Belə ki, indiyədək yalnız 10802 qarabağlı erməni özünə iş tapa bilib.

 

Azərbaycanı tərk edərək Ermənistana üz tutmuş qarabağlı ermənilər arasındakı həkimlərin 12 faizi, müəllimlərin 8 faizi, məmurların isə 2 faizi özlərini iş yerləri ilə təmin edə biliblər.

 

Ermənistandakı qarabağlı ermənilərin sayına gəldikdə isə, bu rəqəm fasiləsiz artır.

 

2023-cü ilin noyabrın sonlarında rəsmi İrəvan onların sayını "100 min nəfər" kimi göstərirdisə, indi həmin rəqəm "150 min nəfər"ə çatıb. Ermənistanın dövlət qurumlarının statistikasına inansaq, qarabağlı ermənilərin sayı dayanmadan artır və belə getsə, 2024-cü ilin sonunadək onların ümumi sayı 200 min nəfər təşkil edəcək.

 

Halbuki, ötən il sentyabrın sonlarında Azərbaycandan Ermənistana yollanmış qarabağlı ermənilərin toplam sayı təqribən 42 min nəfərdir.

 

Bu, maksimal ehtimaldır: reallıqda dəqiq hesablama aparılarsa, həmin rəqəmin 35-37 min təşkil edə biləcəyi də istisna edilmir.

 

Sadalanan amillərlə yanaşı, Ermənistan iqtisadiyyatının rəsmi statistika və bravur bəyanatlardan fərqli olaraq, ağır vəziyyətdə olması, işsizlik, ümidsizlik və total korrupsiya ölkəni tərk edən qarabağlı ermənilərin sayındakı dinamikanı fasiləsiz intensivləşdirir.

 

Təbii ki, proseslər ermənilərdə narazılığı artırır. Məsələn, onlar qonşu Gürcüstandakı situasiyanı Ermənistandakı vəziyyətlə müqayisə edirlər. 2008-ci ilin avqust hadisələrindən sonra yalnız ABŞ-ın Tbilisiyə yardımları 1 milyard dollara çatdı. Avropa İttifaqı isə Gürcüstana 120 milyon yolladı.

 

Fransa və Avropa İttifaqının çoxsaylı "dəstək" bəyanatlarına rəğmən, qarabağlı ermənilərə yardım məqsədilə Qərbdən Ermənistana ünvanlanmış maliyyə vəsaitinin həcmi 72 milyon dolları keçməyib.

 

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bütün ittihamları rədd edirlər. Rəsmi İrəvan bəyan edir ki, qarabağlı ermənilərin sosial-məişət problemlərinin həlli üçün "gərəkli bütün işlər görülür".

 

Üstəlik, İrəvandakı hakimiyyət Ermənistana daha çox yardım cəlb etmək üçün beynəlxalq donor konfransı təşkil etməyi planlaşdırır.

 

Fəqət, bütün bunlar qarabağlı ermənilərlə bağlı sosial problemləri qismən də olsa, həll etmək imkanı yaradırsa, onların siyasi iddialarının yarada biləcəyi çətinlikləri İrəvanın hakimiyyət elitaları təxminləyirlər.

 

Qarabağlı ermənilərin keçmiş  separatçı xuntasının sabiq rəhbəri Samvel Şahramanyanın siyasi iddiaları bitməyib. O, hələ də özünü mifik "Dağlıq Qarabağ"ın illüzor "rəhbəri" sayır və İrəvandakı ofisində mətbuat konfransları keçirir, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır və s.

 

N.Paşinyanın özü "Ermənistanın bir hökuməti var, burada "sürgündə olan hökumət" fəaliyyət göstərə bilməz" desə də, "qarabağlı ermənilərin Ermənistanda təmərküzləşmiş halda siyasi fəaliyyəti ölkənin təhlükəsizliyinə problemlər və təhdidlər yarada bilər" söyləsə də, rəsmi İrəvan guya "hədəfə aldığı" şəxslərdən öz maraqları üçün istifadə etməkdədir.

 

S.Şahramanyana və onun dəstəsinə Ermənistanın paytaxtında xüsusi bina ayrılıb və bu binanın bütün xərcləri dövləğ büdcəsindən ödənilir.

 

N.Paşinyan qarabağlı ermənilərin “sürgündəki hökumət”ini qeyri-legitim, fəaliyyətini yolverilməz hesab edirsə, məntiqlə, S.Şahramanyanla bandasını binadan çıxarmalı, onlara qarşı Ermənistanın mövcud qanunvericiliyi çərçivəsində müvafiq tədbirlər görülməsi ilə bağlı göstəriş verməliydi.

 

Amma N.Paşinyanın sözləri ilə əməlləri arasında daimi fərq bu dəfə də özünü ən bariz şəkildə nümayiş etdirir.

 

Ermənistandakı qarabağlı ermənilər İrəvan hakimiyyətinə Qərbdən, xüsusilə də ABŞ-Fransa-Avropa İttifaqı triosundan daha çox maliyyə almaq, “yardımlar” adı ilə mümkün qədər çox vəsait əldə etmək və sonra da həmin pulları sürətlə silahlanmaya yönəltmək üçün gərəkdir.

 

Vaşinqton bunu bilir, Paris həvəslə razılaşır, Brüssel heç nə olmamış kimi davranır.

 

Qarabağlı erməniləri vasitəyə çevirən Paşinyan administrasiyasını hansısa orta statistik Mkrıtıçın və ya Haykanuşun problemləri maraqlandırmır.

 

İrəvan yaxşı bilir ki, indi səsləndirdiyi və dəyişmək niyyətində olmadığı şərtlər çərçivəsində qarabağlı ermənilərin Azərbaycana qayıdışı mümkün deyil.

 

Şərtlər məlumdur. Amma Ermənistandakı qarabağlı ermənilərin total əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycanun qanunvericiliyinə riayət edərək yaşamaq şərtilə geri dönmək istəmir.

 

Onlar yenə də efemer “millətin öz müqəddəratanı təyin etmək hüququ”ndan bəhs edir, “müstəqil və suveren Dağlıq Qarabağ”dan bəhs edir, hətta silahlı dəstələr yaratmaq “azadlığı”nın olduğunu deyirlər.

 

Təbii ki, belə absurd şərtlərlə qayıdış mümkün deyil.

 

Azərbaycan qarabağlı ermənilərin geri dönüşünü, onların təhlükəsiz və normal yaşamlarını təmin etməyə hazırdır.

 

Sadəcə, bir şərtlə: geri dönəcək hər (!) qarabağlı erməni Azərbaycan vətəndaşlığını qəbul etməlidir.

 

Bu qədər sadə…


Elçin Alıoğlu (Trend)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.