Köhnə siyahılar üzrə ictimai rəyə sırınan “politoloq” və "hərbi şərhçi"lərlə... VİDALAŞMAĞIN VAXTIDIR!
MƏHƏMMƏDƏLİ QƏRİBLİ YAZIR

Bir dəfə yazdım ki, ölkədə ard - arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının bununla bağlı əvvəlcədən dəqiq proqnoz verdiyinin və həmin təxminlərin özünü doğrultduğunun şahidi olmadıq. Hətta qeyd etdim ki, bəlkə olub görməmişəm, varsa linki göndərin tanış olum. 

 

Adını çəkmək istəmədiyim bir iqtisadçı güya devalvasiyaların hər ikisi barədə dəqiq proqnoz verdiyinə dair yenicə “yazdığı” və mənim iradımdan sonra köhnə tarixə sayta yerləşdirdiyi bir yazının linkini mənə göndərdi. Bu fırıldağı həmin dəqiqə müəyyən edib, onun özünə dedim. Sonra gördüm ki, yazını saytdan silib. 

 

Siyasi analitika, proqnoz sahəsində vəziyyət daha acınacaqlıdır. Son vaxtlar ölkədə kifayət qədər politoloq adına iddia edən şəxslər peyda olub. Araşdırdıqda məlum olur ki, nə təhsilləri həmin sahəyə uyğundur, nə də savadları. 

 

Belə adamların çoxu hətta lazımi səviyyədə maddi dəstək də alır, geninə - boluna televiziya efirlərinə dəvət edilirlər. Baxırsan ki, zərrə qədər də olsun öz üzərlərində işləmirlər, yalnız baş girələməklə məşğul olurlar. İşləri-gücləri verdikləri açıqlamanın linkinin dalına düşməkdir ki, onu harasa göndərib, hesabatlarını düzəltsinlər. 

Hətta ərinirlər ki, verdikləri açıqlamanı özləri girib saytdan  oxusunlar. Bunu da  “linki mütləq mənə göndər”,-deməklə   jurnalistin   üzərinə bir şərt də yükləyirlər.   Belə saxta hesabatları ilə  güya gərgin işlədiklərinə dair rəy formalaşdırmağa çalışırlar.

 

Əslində isə fəaliyyətləri onlara verilən dəstəyə qəti adekvat deyil. Yaxşı olar ki, bu cür adamları kurasiya edən mərkəzlər onlardan link sayı yox,  göstərilən dəstəyə uyğun məhsuldarlıq tələb etsinlər. 

 

Belə olan təqdirdə, ən azından tutuquşuluqdan uzaqlaşıb, heç olmasa  xarici medianı mütaliə edəcəklər. Xarici medianı oxumayan insan necə analitika ilə məşğul ola bilər, bunu anlamıram. 

 

Bunların böyük əksəriyyəti günorta saat 2-də yuxudan oyanır. Əksər hallarda görmüşəm, gündəm dağılıb, buna başbilən kimi müraciət etmişik, adam yuxudan yeni oyandığını deyir. Buna deyirlər, bəslənmək. 

 

Bizə  konkret iş  ortaya qoyan mütəxəssislər lazımdır, bordağa bağlanan kimsə yox.

 

Gözləyirlər, ölkədə hansısa hadisə baş versin, həmin mövzuya uyğun, başqalarının ağzına baxıb, bir-birini yamsılaya-yamsılaya danışsınlar. 

Televiziya kanallarında gedən müzakirələrə baxırsan, adamı heyrət bürüyür. Dörd nəfər politoloq adına iddia edən adamın eyni mövzuda etdikləri müzakirədə hamısının fikri olduğu kimi bir-biri ilə üst-üstə düşür. Bu nə biabırçılıqdır?

 

Sanki, bir-birlərinə bəy tərifi söyləyirlər. Bunlar elə bilirlər ki, fərqli nəsə danışsalar, kursdan kənara çıxmış olarlar, maddi dəstəkləri kəsilər və ya bir də efirlərə dəvət etməzlər. Qəti narahat olmayın, əksinə, yuxarılar fərqli fikir, rəngarənglik görmək istəyir. 

Ancaq siz qorxunuzdan və ya kasadlığınızdan bunu edə bilmirsiniz. 

 

Hamı kimi olmayan, az sayda fərqli fikir söyləyən ekspertlər var ki, onlara dərhal "agent", "vətən xaini" damğası vurulur. 

 

Ən maraqlısı budur ki, daha çox bu iyrənc təbliğatda elə həmin şəxslərə efirlərdə opponentlik edən adamlar yer alır. Hansısa məsələdə İrana və ya Rusiyaya loyal yanaşmaq "vətənə xəyanət" sayılırsa, onda niyə bu mövqedə olan adamları daha çox efirlərə, hətta dövlət televiziyasına dəvət edirlər?

 

Deməli, dövlət fikirlərin, təhlillərin inkubatordan çıxan cücələr kimi bir-birinə bənzəməsində yox, rəngarəngliyin olmasında maraqlıdır.

Bu gün (dünən-red.) ölkədə çox mühüm və sevindirici hadisə baş verib. Rusiya sülhməramlıları Qarabağı nəzərdə tutulan vaxtdan əvvəl tərk edib. İzləyin görün, efirlərə dəvət edilən siyasi təhlilçilər belə proqnoz veriblərmi? Mən rast gəlməmişəm. 

Daha çox onların dilindən eşitmişəm ki, ya Rusiya sülhməramlıları mandatlarının vaxtını uzatmağa çalışacaqlar, ya da ən tezi 2025-də Qarabağı tərk edə bilərlər. 

 

Heç kimin gözləmədiyi proses oldu. Analitika, siyasi təhlilə görə yaxşı dəstək alan adamlardan hansınınsa borcuydu ki, heç olmasa buna yaxın bir proqnoz versin. 

 

Onlar isə kütlə psixologiyasına uyğun davranaraq, soyuqqanlı təhlilə yox, pafosa üstünlük verib, Rusiyanı ən sərt formada aşağılayıblar ki, sosial şəbəkədə bunları tərifləyib, başqalarını söysünlər. 

 

Mənə irad tuta bilərsiniz ki, siyasi təhlilçi ekstrasens və ya baxıcı deyil və buna görə də hadisələri dəqiqliyi ilə proqnozlaşdıra bilməz. Amma bu peşəyə, ada iddia edənlər tutuquşu da deyil ki, mövsümə uyğun olaraq, kim nə dedi onu təkrarlasın. 

 

Dünən Rusiyanı Qarabağdakı sülhməramlı fəaliyyətinə görə işğalçı dövlət adlandıran efir gülləri bu gün Rusiyanın atdığı addımı vəsf edir, onu Azərbaycanın ən yaxın tərəfdaşı adalandırırlar. 

 

Maraqlıdır, bu adamlar niyə öz mövqelərində sabitqədəm deyillər? Bəyəm, onlar bilmirdilər ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik müqaviləsi illər əvvəl   imzalanıb? 

 

Mənə elə gəlir ki, bacarmadığı işlə məşğul olub, özünü biabır edib, bu yolla  pul qazanmaqdansa, fermer təsərrüfatı ilə baş qatmaq daha abırlı görünər. 

 

Hesab edirəm ki, bu istiqamətdə   maddi dəstək verilən, geniş təbliğatına şərait yaradılan siyasi və hərbi  şərhçilərlə bağlı ciddi seleksiya işləri aparılmalıdır. 

 

Kimsə nə vaxtsa, kimə görəsə təsadüfən hansısa siyahıya düşübsə, əbədi olaraq, bu məqamda qərar tutub, başqa peşəkarların yolunu bağlamamlıdır…                                                                      






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.