ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp noyabr seçkisindən əvvəl ilk və bəlkə də yeganə seçkiqabağı televiziya debatlarını keçiriblər.
BBC-nin verdiyi məlumata görə, debatlar "ABC News"un canlı yayımında baş tutub.
Müzakirənin ilk hissəsi iqtisadiyyata həsr olunub. Aparıcı "Amerikalıların dörd il əvvəlkindən daha yaxşı yaşadığına inanırsınızmı?" deyə soruşub.
Harris ilk cavab verərək imkanlar iqtisadiyyatı qurmağı planlaşdırdığını söyləyib. O, mənzil qiymətləri problemini həll etməyi, gənc ailələrə və kiçik biznesə kömək etməyi vəd edib.
Tramp deyib ki, demokratlar dörd il ərzində iqtisadiyyatı məhv ediblər və Harris sadəcə Co Baydenin iqtisadi proqramını kopyalayıb.
"Marksist" Harris
Tramp Kamala Harrisi "marksist" adlandıraraq, onun fəaliyyətini atasının - Stenford Universitetinin keçmiş iqtisadçısının işi ilə əlaqələndirməyə çalışıb.
"Əgər o nə vaxtsa seçilsə, hər şeyi dəyişəcək. Bu, ölkəmizin sonu olacaq. O marksistdir, hamı bilir ki, o marksistdir. Atası iqtisadiyyat sahəsində marksist professordur və onu yaxşı öyrədib", - Tramp deyib.
Harris Trampa müraciət edərkən və onun bəyanatlarını şərh edərkən bir neçə dəfə "rüsvayçılıq" sözündən istifadə edib.
"Dünya liderləri Donald Trampa gülürlər. Mən hərbi rəhbərlərlə danışmışam, onların bəziləri sizinlə işləyiblər və onlar deyirlər ki, siz üzqarasısınız", - Harris keçmiş prezidentə tərəf çevrilərək deyib.
"Putin sizi "naharda yeyər"
Reklam fasiləsindən sonra söhbət Ukraynada münaqişəyə keçib.
Tramp bildirib ki, müharibə dayandırılmalıdır və o buna nail ola bilər. O, bir daha təkrarlayıb ki, bunu vəzifəyə başlamazdan əvvəl (əgər seçkilərdə qalib gəlsə) etmək niyyətindədir.
Onun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskini yaxşı tanıyır və onlar ona hörmət edirlər.
"Onlar mənə hörmət edirlər, Baydenə isə yox. Ona nəyə görə hörmət etsinlər ki?" - deyə Tramp bildirib.
Harris cavabında Trampa xatırladıb ki, seçkilərdə Baydenlə yox, onunla mübarizə aparır .
"NATO-dakı müttəfiqlərimiz sizin artıq prezident olmadığınıza görə çox minnətdardırlar. Əgər Donald Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə göz qoyardı", - deyə Harris bildirib.
"Putin elə diktatordur ki, sizi (Trampı) naharda yeyər", - deyə Harris əlavə edib.
İsrailə gəlincə, Tramp deyib ki, “Harris qalib gəlsə, bu ölkə dünyanın siyasi xəritəsindən silinəcək”, çünki Kamala Harris İsrailə nifrət edir. “O, İsrailə nifrət edir. Əgər o, prezident olarsa, mən inanıram ki, İsrail iki il ərzində mövcud olmayacaq. Mən həmişə proqnozlarımda kifayət qədər yaxşı-dəqiq olmuşam”, - Tramp bildirib.
Debatlar zamanı namizədlər həmçinin abortlar, miqrasiya, Kapitoliyaya hücum, HƏMAS-İsrail müharibəsi məsələlərinə də toxunublar.
Gələcək ictimai rəy sorğuları amerikalıların debat haqqında nə düşündüyünü göstərəcək. Polsterlər isə indidən Harrisin reytinqinin 3-5 pillə yüksələcəyini proqnozlaşdırırlar.
Bu arada, yaxın günlərdə Amerikanın 10 ştatında poçt vasitəsilə erkən səsvermə başlayacaq. Seçicilər yəqin ki, o vaxta qədər öz seçimlərini müəyyən etmiş olacaqlar.