Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov miqrantların bu ilin sonuna qədər taksi sürücüsü kimi işləməsini qadağan edib.
Lenta.ru xəbər verir ki, bu barədə şəhər hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Qərarın 10 gündən sonra qüvvəyə minəcəyi bildirilir. Qubernatorun yeni qadağasına görə, nəqliyyat şirkətləri üç ay ərzində əcnəbilərlə əmək münasibətlərini dayandırmalı və onların yerinə rusları işə götürməlidirlər.
“Qadağanın tətbiqi 2025-ci ilin sonuna şəhərin həyatına sosial-iqtisadi təsirini praktiki qiymətləndirməyə və 2026-cı ildə oxşar tədbirlərin tətbiqinin zəruriliyi barədə əsaslandırılmış qərar qəbul etməyə imkan verəcək”, - sənəddə qeyd olunub.
Xatırladaq ki, 2025-ci ildə Rusiyanın 51 regionu xarici mütəxəssislər üçün müəyyən fəaliyyət növlərinə qadağa qoyub. Qadağa əsasən tikinti, təhsil və səhiyyə sektorlarını əhatə edir.