Erməni döyüşü davam edir: YALANÇI BAŞ NAZİR SAXTAKAR KATOLİKOSA QARŞI
ELÇİN ALIOĞLU YAZIR

Ermənistanda artıq kütlənin inandığı simalar qalmayıb. Onların yerini maskalar tutub: biri keşiş əbası geyir, digəri kostyum, üçüncüsü isə Telegram-da canlı yayım açır. Siyasət günah çıxarmağa çevrilib, günah çıxarma isə - silaha.

 

Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi (EAK) arasındakı qarşıdurma artıq ideoloji dartışma deyil. Bu, ölkədə əxlaqi avtoritetin sonuncu illüziyasının da dağılmasıdır.

 

Uzun illər özünü mənəvi sütun kimi təqdim edən kilsə bu gün bir növ müxalif YouTube kanalı kimi danışır - eyhamla, şifrəylə, yan ötərək. Paşinyan isə artıq nə sözün çəkisini, nə də əndazəni qoruyur - sərt, açıq və şəxsi hücumlarla cavab verir. Onun çıxışları tənqid deyil, təhqirə çalan ictimai linçdir. Başqa ölkədə buna görə məhkəməyə verirlər, Ermənistanda isə “layk” yığırlar.

 

Burada məsələ nə “yüksək debat”dadır, nə də siyasi prinsipdə. Bu, açıq simvolik hakimiyyət uğrunda döyüşdür. Cəmiyyətə nə yaxşıdır, nə xəyanət - bunu kim diktə edəcək? Hakimiyyətin kursuna səssizcə “amin” deyən kim olacaq? Yoxsa əksinə, milləti mənəvi etiraz dalğasına qaldıran? Bu “xaç dartışması” Ermənistan cəmiyyətini nə vaxta qədər ayırmağa davam edəcək?

 

Biri dua edir, digəri post yazır. Amma heç biri xalqın səsini eşitmir. Çünki xalq artıq heç kimə inanmır. Məhz bu inamsızlıq boşluğu içində ən təhlükəli şey doğulur - etimadsızlıq vakuumu. Bu isə gec-tez qəzəblə dolacaq.

 

Bu arada Ermənistanda genişmiqyaslı xüsusi əməliyyat başlayıb. Milli Təhlükəsizlik Xidməti və polis əməkdaşları “Müqəddəs Mübarizə” adlı müxalif hərəkatın üzvlərinin evlərində, o cümlədən onun həm dini, həm də siyasi lideri - arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat Srbazan) mənzilində axtarışlar aparıb. Bu barədə yerli media istintaq komitəsinin məlumatına istinadla xəbər verir.

 

İstintaqın versiyasına görə, Qalstanyan və tərəfdarları hakimiyyəti zorla ələ keçirmək üçün terror hücrə modelində təşkilatlanmış bir struktur yaradıblar. Komitə iddia edir ki, 2024-cü ilin noyabrından etibarən hərəkat siyasi məqsədlərinə dinc yolla çata bilmədiyini anlayaraq, zorakı ssenariyə keçib.

 

“Arxiyepiskop Baqrat Qalstanyan, qanuni yollarla hakimiyyət dəyişikliyinə nail ola bilmədikdə, bu məqsədi Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsulla - zor gücünə həyata keçirmək qərarına gəlib”, - deyilir komitənin bəyanatında.

 

İddialara əsasən, “Müqəddəs Mübarizə” hərəkatı 250-yə yaxın zərbə dəstəsi yaradıb, hər birində 20-25 nəfər. Bu dəstələrin tərkibini əsasən döyüş təcrübəsi olan keçmiş hərbçilər və polis əməkdaşları təşkil edirmiş. Qruplar bir-birinin fəaliyyətindən xəbərsiz saxlanılıb ki, struktur maksimal bağlı və izolyasiya olunmuş şəkildə işləsin.

 

“Onlar İrəvanın xəritəsini əldə ediblər, enerji obyektlərinin və svetoforların yerləşməsini öyrəniblər, minlərlə partlayıcı və odlu silah, eləcə də avtomobilləri bloklamaq üçün dəmir tikanlar sifariş edib ölkəyə gətiriblər”, - deyə İstintaq Komitəsi bildirir.

 

Məlumata görə, əməliyyatlar kütləvi mitinq fonunda planlaşdırılıb - məqsəd təhlükəsizlik orqanlarının diqqətini yayındırmaq olub. Hökumət binası önündə mitinq keçirilən vaxt zərbə dəstələri şəhərin müxtəlif nöqtələrində əvvəlcədən hazırlanmış mövqelərə yerləşdirilərək müstəqil şəkildə hərəkət etməli imiş. Bu isə hakimiyyətin versiyasına görə, əvvəlcədən planlaşdırılmış “zorakı hakimiyyət tranziti” planının tərkib hissəsi olub.

 

Beş gün öncə də Ermənistanda hərəkatın onlarla tərəfdarı saxlanılmışdı. O hadisələr Paşinyanın Türkiyəyə səfəri ilə eyni vaxta düşdüyü üçün siyasi müşahidəçilər bunu hökumətin qabaqlayıcı addımı kimi qiymətləndirmişdilər.

 

Bu gün isə əməliyyatlar əsasən Qalstanyanın yaxın çevrəsinə yönəlib. Onun mənzilində və bir neçə fəalın evində axtarış aparılıb. İstintaq Komitəsi “cinayətkar qrupun” ehtimal edilən üzvlərinin adlarını da açıqlayıb: V.Q., M.Ş., Q.Ş., T.P., L.M., Q.Q., İ.S., A.R., A.X., A.İ., A.A., M.M., D.Q. və digərləri - bu, siyahının yalnız bir hissəsidir.

 

Qalstanyanın tərəfdarları ittihamları siyasi sifariş adlandırır və baş verənləri hakimiyyətin yüksələn xalq etirazını boğmaq üçün atdığı addım kimi qiymətləndirirlər.

 

“Bu, terrorla mübarizə deyil. Bu, imanla, xalqla, həqiqətlə mübarizədir”, - deyə hərəkatın bir fəalı Telegram-da bildirib. “Hakimiyyət Qalstanyandan qorxur, çünki o, xalqın nə hiss etdiyini dilə gətirir”.

 

Qalstanyan isə bundan öncə zorakılıq çağırışlarını rədd etmiş və öz hərəkatını “milli-azadlıq” mübarizəsi kimi təqdim etmişdi. O, yalnız qanun çərçivəsində hərəkət etdiyini bildirib. Amma Ermənistan hakimiyyəti onun bu ritorikasının arxasında ölkəni xaosa sürükləyə biləcək təhlükəli şəbəkənin gizləndiyini iddia edir.

 

Hazırda nə arxiyepiskopdan, nə də onun mətbuat xidmətindən rəsmi açıqlama verilməyib. Ermənistanda bir sıra hüquq müdafiəçiləri isə artıq istintaqın şəffaflığı ilə bağlı narahatlıqlarını ifadə edib və hökumətin “qiyamla mübarizə” pərdəsi altında müxalifəti sıxışdırmasından ehtiyatlanırlar.

 

Əməliyyatlar hələ də davam edir. İrəvanın mərkəzi polis tərəfindən nəzarət altına alınıb, hökumət binalarının ətrafına əlavə postlar yerləşdirilib.

 

Bölgədə geosiyasi mübahisələr tüğyan edərkən, Ermənistanda tamam fərqli - bir qədər əxlaqsız, bir qədər teatrlaşdırılmış, hətta farsaya bənzər bir tamaşa qurulub. Səhnədə kimlər yoxdur ki: keşişlər, siyasətçilər, dindar Telegram kanalları və əlbəttə ki, erməni xalqının “mənəvi səyyahları”. Bu dəfəki “cəbhə xətti” isə baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında çəkilib. Döyüşün predmeti isə nə az, nə çox - mənəviyyat, atalıq və şəxsi həyatın toxunulmazlığıdır.

 

Hər şey Paşinyanın sosial şəbəkədə etdiyi, açığı desək, çirkli və hay-küylü paylaşımı ilə başladı. Baş nazir, əxlaq məsələsində heç bir ədəblə danışmadan, Erməni Apostol Kilsəsinin (EAK) ruhanilərini “mənəvi süqut”da ittiham etdi və birbaşa sual verdi: “Sizin oğlunuz varmı, Ktiriç Nersisyan?” (dünyaya tanınan adı - II Qaregin, - red.). Əgər yoxdursa, o zaman “kilsə nədən əxlaqsızlıqda suçlanan keşişləri qoruyur?” Söhbət guya “fahişəliyə meylli ruhanilərdən” gedir. Paşinyanın fikrincə, iyerarxlar susursa, demək ki, razıdırlar.

 

Bu, sanki 1920-ci illərin sovet satirasından bir sətirə bənzəyir. Amma yox, bu - 2025-ci ilin Ermənistanında, ölkənin rəsmi rəhbərinin sosial şəbəkə çıxışıdır.

 

Cavablar gecikmədi, amma nə II Qaregin, nə də onun rəsmi nümayəndələri susqunluğu pozmadı. Əvəzində kilsəyə yaxın olan keşiş Ovanes Torqomyan söz aldı və təəssüflə bildirdi ki, “ölkənin gündəmini iyirmi gündən artıqdır ki, bir şəxsin subaylığı mövzusu zəbt edib”. Ardınca isə Paşinyanı şəxsi həyata qarışmaqda və xalqla kilsənin arasına nifaq salmaqda ittiham etdi.

 

Amma bununla da bitmədi. Torqomyan geniş nitqində “şəxsi həyat təkcə bədən münasibətləri deyil, eyni zamanda hisslər, biliklər və təcrübədir” kimi ifadələrlə çıxış etdi. Görünür, məqsəd dərin fəlsəfi təəssürat yaratmaq idi. Amma əvəzində bu çıxış sualdan yayınmaq cəhdi kimi başa düşüldü.

 

Halbuki Paşinyanın sualı sadə idi: Qareginin oğlu varmı? Cavab isə yoxdur. Nə “bəli”, nə “xeyr” - sadəcə eyhamlar, söz oyunları, bir də “müasir dünyada əxlaqın dekonstruksiyası” haqqında pafoslu çıxışlar. Bütün bu səhnə, sanki uğursuz alınmış erməni “Karnaval gecəsi”nin remeykidir.

 

Amma daha maraqlısı - Torqomyanın birdən-birə Paşinyanın ailəsinə eyham vurması oldu: “Bəlkə də cənab baş nazir əvvəlcə öz evindən başlasın etirafa?” Bu artıq birbaşa Paşinyanın həyat yoldaşı Anna Hakopyanı hədəfə almaq idi. Ermənistanda sosial şəbəkə istifadəçiləri bu cümləni dərhal memlərə çevirib paylaşmağa başladılar.

 

Burada artıq siyasi polemika yox, ailə davasına çevrilmiş mənəviyyat savaşı müşahidə edirik. Əxlaq müzakirəsinin səviyyəsi aşağı düşüb, müzakirənin özü isə ailə sirləri və şəxsi həyatlar üzərində qurulan ifşa kampaniyasına bənzəyir.

 

Hər keçən gün bu dava prinsip mübahisəsindən çox, “Ümidsiz evdar qadınlar”a bənzəyən bir realiti-şouya çevrilir. Kilsə çevrələri “dini təqib”dən gileylənir, Paşinyan isə ardıcıl ifşalarla cavab verir. İki tərəfin media qurumları isə bu odun altını növbə ilə körükləyir - biri “sızmalarla”, digəri “katolikos kimə işləyir?” tipli pafoslu başlıqlarla.

 

Ən maraqlı məqam odur ki, bu konflikt artıq Ermənistan sərhədlərindən çıxaraq, erməni diasporasına da yol tapıb. Emigrant strukturlarına qarşı ittihamlar səslənir - guya onlar İrəvanı gözdən salmaq üçün işləyirlər. Bir tərəf bu savaşı “əxlaq uğrunda mübarizə” adlandırır, o biri tərəf isə “siyasi məğlubiyyətdən diqqəti yayındırmaq cəhdi” kimi dəyərləndirir.

 

Bu arada, Paşinyanı təkcə ideoloji meydanı deyil, həm də iqtisadi səhnəni “təmizləməkdə” günahlandırırlar. Məsələn, Rusiyaya birbaşa bağlantıları olan və kilsəyə informal təsiri ilə tanınan erməni milyarder Samvel Karapetyan kilsəni müdafiə edəndə sistem dərhal cavab verdi. Karapetyan saxlanıldı, onun Ermənistandakı biznes imperiyası - o cümlədən enerji şəbəkələri - dövlətləşdirmə riski ilə üz-üzə qaldı. Bu, təkcə güc nümayişi deyil, həm də Moskvaya siqnal idi: Ermənistan, nə bahasına olursa-olsun, asılılıqdan çıxmaq yolundadır.

 

Moskva cavab verməkdə gecikmədi. Kəskin açıqlamalar gəldi, Rusiya orqanları isə “Alrosa”dan Ermənistana almaz çıxarılması sxemini ifşa etdiklərini elan etdilər. Bu prosesdə Paşinyanın köhnə silahdaşı Xaçatur Sukiasyanın adı yenidən gündəmə gəldi. Onu həm maliyyə axınları, həm qeyri-rəsmi əməliyyatlar, həm də parlamentdəki təsir dairəsi ilə əlaqələndirirlər. Formal olaraq hər şey inkar olunur, amma siyasi intriqanın mahiyyəti göz qabağındadır: Kreml hazırkı rejimin dayaqlarını hədəfə almağa başlayıb.

 

Hələlik Paşinyan nəzarəti əldən verməyib. Amma ölkə sürətlə bir teatr səhnəsinə çevrilir: yerli elitalar, xarici aktorlar və simvolik kodlar eyni məkan uğrunda mübarizə aparır. Burada məsələ təkcə baş nazir kürsüsündə deyil - bu, Ermənistanın XXI əsrdə nə olacağına qərar vermək savaşıdır: keçmişin yükünü daşıyan postsovet ölkəsi, yoxsa köhnə dünyaya “yox” deyən yeni dövlət?

 

Amma bu qarşıdurmanı təkcə “hakimiyyət davası” adlandırmaq - ən əsas məqamı görməməkdir. Bu, millətin ruhu uğrunda savaşdır. Kim xalqın adından danışa bilər? Kim Tanrı adına çıxış edə bilər? Kim həqiqəti öz adına çıxarır? Amma savaş meydanında ən birinci məhz həqiqət ölür.

 

Biri amvondan təvazökarlıqdan danışır, digəri tribunadan ləyaqətdən. Amma ölkə - sanki günbəzi uçurulmuş məbəd kimi - içi boş qalıb. Məna iyerarxiyası dağılıb: siyasətçilər peyğəmbər roluna girib, keşişlər isə müxalifətçi obrazına. Bu postmodern xaosda hər növbəti addım artıq cavab yox, atəş ola bilər.

 

Ən qorxulusu isə odur ki, hər iki tərəf əmindir - tarix onların tərəfindədir. Amma tarix nazlıdır. O, çox asan tərəf dəyişir və nadir hallarda bağışlayır: kim ki vəzi ilə PR-ı, moizə ilə seçki platformasını qarışdırır - tarix onu unutmur.

 

Sual isə açıq qalır. Əgər bu tamaşanın son səhnəsi olacaqsa, nə orqan musiqisi, nə də milli himn altında oynanacaq. Daha çox küçənin çırpıntılı ritmi ilə.

 

Və adı nə olursa olsun - “Həqiqətə yol” ya da “Reytinq üçün xaç yürüşü” - bir məqam artıq aydındır: Ermənistan yeni, qarışıq dövrə qədəm qoyub.

 

Burada əxlaq artıq siyasətdir, siyasət isə... demək olar ki, yeni dinə çevrilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.