“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə sərhədyanı rayonların rəhbərləri ilə keçirilən müşavirədə deyib.
“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red.) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”, - deyə V.Xaçaturyan vurğulayıb.
Sülh yollarının kəsişməsinin beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir: “Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.