Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.Senzor.az bildirir ki, işıqlandırma Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
İstanbulun möhtəşəm mənzərəsinə gözəllik qatan şanlı bayrağımızın rəngləri izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, dövlətimiz və iki ölkənin qardaşlığına dair əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq İstanbulun müxtəlif rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
Xatırladaq ki, dünən Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub.
Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.
Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.