Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.“RİA Novosti” bildirir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.
“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - deyə Mətbuat mərkəzinin sözçüsü bildirib.
Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Son məlumatlara görə, qarşıdurma zamanı 2 nəfər (hər ikisi tacikdir) ölüb, 24 nəfər (17 tacik, 7 qırğız) isə yaralanıb. Qırğızıstan tərəfinin iddiasına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla başlandığını bildirir.
**01:28
Bu dəqiqələrdə Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.Bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edilir ki, tərəflər sərhəddə görüş keçirirlər: “Qırğızıstan Respublikası Sərhəd Xidmətinin İnformasiya və Rabitə İdarəsi bildirir ki, Qırğızıstan Respublikası Prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi A.Alimbayev və Qırğızıstan Respublikasının Sərhəd Xidmətinin Batken üzrə sərhəd nümayəndəsi, polkovnik K.Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistan Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirib. Görüş 28 yanvar 2022-ci il yerli vaxtla saat 01:43-də başlayıb və Batken vilayətinin Kak-Sai ərazisində keçirilir”.
**23:42 (27.01.2022)
“Tacikistan tərəfi hazırda Qırğızıstanla sərhəddəki münaqişə zonasına ağır texnika və canlı qüvvə yığır”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QMTDK) Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd Xidmətinin direktoru, general-mayor Ularbek Şarşeyev bildirib ki, atəşi dayandırmayan Tacikistan tərəfidir, üstəlik, ağır hərbi texnika və şəxsi heyəti sərhədə çəkməkdə davam edir: “Tacikistan tərəfi Qırğızıstan hərbçilərinin mövqelərini vaxtaşırı atəşə tutmağa davam edir. Əki-Taş, Qum-Bazar, Çir-Dobo ərazilərində yanğınlar davam edir”.
Həmçinin, bildirilib ki, Qırğızıstan Daxili Qoşunlarının hərbi qulluqçularının yerləşdiyi ərazi, eləcə də Koço-Boyu bölgə tacik hərbçiləri tərəfindən minaatanlardan atəşə tutulub, nəticədə Qırğızıstan vətəndaşının evi yanıb.
“Sputnik Qırğızıstan”ın yazdığına görə, yerli hakimiyyət gərginliklə bağlı Tacikistanla həmsərhəd olan on kəndin sakinlərini təxliyə edir. Təxliyə edilənlər Batkən və Rəvat qəsəbəsinə göndərilir.
Artıq 60 ailənin məktəbdə yerləşdirildiyi bildirilib.
QMTDK Sərhəd Xidmətinin bu dəqiqələrdə yaydığı məlumata görə, Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.
Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.
"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli atəşkəs razılaşmalarını yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.

**21:44
Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.Bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.
Daha 17 tacikin yaralandığı bildirilir. Yaralananlardan altısı mülki şəxs, on biri isə hərbçidir.
**19:38
Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.
Tacik tərəfinin minomyot və qranatomyotlardan istifadə etdiyi bildirilir.
“Tacikistan və Qırğızıstan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Cır-Dobo ərazilərində baş verib”, - məlumatda deyilir. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Sərhəddəki gərginlik Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. İki ölkənin məmurları gərginliyi aradan qaldırmaq üçün hadisə yerinə gediblər.