Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerablur hərbi panteonunda jurnalistlərə müsahibəsində deyib ki, 44 günlük müharibə özünü aldatmanın nəticəsi idi. Senzor.az bildirir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
“Yalanla yaşamağı dayandırın. Başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə açıq danışmaq, heç nəyi gizlətməmək lazımdır”, - deyə Mirzoyan etiraf edib.
O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab vermək istəmir: “İzah etsinlər ki, 1990-cı illərdən vaxtaşırı olaraq Türkiyə ilə aparılan və yaxud imitasiya edilən danışıqlar necə olub və ictimaiyyət niyə bu barədə məlumatlandırılmayıb. Mən isə parlamentdə və digər kürsülərdən danışıqlar barədə hər şeyi açıqlayıram”.
“Çoxsaylı hərbçilərin ölümünə səbəb olan ölkə ilə necə danışıqlar aparmaq olar” sualına isə Mirzoyan belə cavab verib: “Əlbəttə, ümummilli qırmızı xətlərimiz var ki, keçə bilmərik. Ancaq təəssüf ki, biz qonşularla uzun müddət konflikt yaşayan nə birinci, nə də axırıncı ölkəyik. Biz uzunmüddətli və stabil sülhə köklənmişik”.
Qeyd edək ki, Ermənistan bu gün ordunun yaranmasının 30-cu ildönümünü qeyd edir.