“Gecəyarısı çəkici” əməliyyatı: SUVERENLİYİN SONU VƏ GÜC ERASININ BAŞLANĞICI
MADURONU KIMLƏR VƏ NECƏ SATDILAR?

Birləşmiş Ştatların başqa bir ölkənin legitim dövlət başçısına qarşı birtərəfli hərbi əməliyyatı beynəlxalq siyasətdə yeni bir mərhələnin başlanğıcı sayıla bilərmi? Elə bir mərhələ ki, burada hüququn legitimliyi gücün legitimliyi ilə əvəzlənir, dövlət suverenliyi isə geosiyasi məqsədəuyğunluğun şərti dəyişəninə çevrilir.

ABŞ-ın Venesuelada keçirdiyi və prezident Nikolas Maduronun ildırım sürətilə ələ keçirilməsi ilə başa çatan hərbi əməliyyat sadəcə səs-küy yaradan hadisə olmadı. Bu, beynəlxalq hüququn güc qarşısında artıq sədd rolunu oynaya bilmədiyi bir nöqtəyə çevrildi. Göz oxşayan Midnight Hammer adı altında əslində soyuq hesablanmış, təkcə hərbi deyil, eyni zamanda simvolik məna daşıyan açıq geosiyasi nümayiş gizlənirdi.

The New York Times, CNN və ABC News daxil olmaqla Amerika mediası bu misilsiz dəqiqliklə icra olunmuş əməliyyatı elit “Delta” bölməsinin, MKİ-nin və ABŞ Ədliyyə Nazirliyinin birgə işi kimi təqdim etdi. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, hazırlıq aylarla davam edib. Maduronun izlənməsi, kəşfiyyat, logistika və qoşun növlərinin koordinasiyası hələ yayın sonundan aparılırdı. Dekabr üçün hər şey hazır idi, sadəcə ideal hava şəraiti gözlənilirdi. ABŞ prezidenti Donald Trampın əmri Şərq sahili vaxtı ilə 3 dekabr gecəsi saat 22:46-da verildi.

Eyni anda iyirmi bazadan 150 təyyarə və pilotsuz aparat havaya qalxdı. Karib dənizindəki aviadaşıyıcıdan ələkeçirmə qrupu olan helikopterlər start götürdü. Qrupun tərkibində təkcə “Delta” döyüşçüləri yox, həm də Ədliyyə Nazirliyinin nümayəndələri vardı. Onların vəzifəsi Venesuela prezidentinə narkoterrorizm ittihamını rəsmən elan etmək idi. Helikopterlər suyun üzərindən cəmi otuz metr hündürlükdə, dronlar və aviasiya tərəfindən örtülərək hərəkət edirdi. Venesuelanın hava hücumundan müdafiə sistemi susurdu. Karakas vaxtı ilə saat 02:01-də helikopterlər Maduronun iqamətgahına çatdı. Bir neçə dəqiqə sonra prezident həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanıldı. O, sarayın yataq otaqlarından birində yatırdı. Vaşinqton vaxtı ilə 03:29-da helikopterlər “İvo Cima” aviadaşıyıcısına qayıtdı. Bütün əməliyyat beş saatdan az çəkdi.

Tramp sonradan bunu “parlaq əməliyyat” adlandırdı və “Amerika bir daha kimin burada sahib olduğunu göstərdi” dedi. Elə bu məqamda hər şey aydın oldu. ABŞ Monroe doktrinasına qayıtdı, amma bu, artıq onun “trampvari” versiyası idi. Bu, daha “saxlama” siyasəti deyildi. Bu, açıq şəkildə güc hüququnun təsdiqi idi.

Simplicius analitik bloqu da daxil olmaqla bəzi mənbələr iddia edir ki, Maduro faktiki olaraq əvvəlcədən təslim olub. Şəxsi təhlükəsizliyinə və aktivlərinin bir hissəsinin qorunmasına təminat müqabilində. Başqa bir versiya da var: xəyanət. Uzun illər korrupsiya sxemlərinə bulaşmış yaxın çevrəsi və generallar ya pulla ələ alınıb, ya da MKİ tərəfindən verbovka edilib. Məhz onların razılığı əməliyyatı müqavimətsiz keçirməyə imkan verib. Doğrudan da, bir dənə də olsun HHM batareyası atəş açmadı, Maduronun pafosla danışdığı minlərlə “Qartal” anbarlardan çıxmadı. Karakas bu səhnəni Hollivud blokbasteri kimi seyr edirdi. Eyni anda həm laqeydlik, həm də heyrət vardı.

The New York Times yazır ki, həlledici rolu Venesuela hökumətinin içindəki MKİ mənbəyi oynayıb. Real vaxt rejimində ötürülən məlumatlar hücumun dəqiqliyini təmin edib. Böyük ehtimalla söhbət anonimlik və iri mükafat vəd edilən yüksək rütbəli məmurdan gedir. Xatırladaq ki, Maduronun həbsinə aparan məlumat üçün mükafat 50 milyon dollar idi.

Qələbə görüntülərinin arxasında isə daha dərin mənzərə gizlənir. Xarici dövlətin prezidentinin Konqresin və BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan ələ keçirilməsi beynəlxalq hüququn açıq pozuntusudur. Amma ABŞ artıq çoxdan bu çərçivədən çıxıb. “Narkoterrorizmə qarşı mübarizə” arqumenti köhnə ssenarinin təkrarıdır. Bir vaxtlar Buş İraqa hücumu kimyəvi silah axtarışı ilə əsaslandırırdısa, indi Tramp Maduronun oğurlanmasını narkokartellərə qarşı müdafiə kimi təqdim edir.

Hüquqi baxımdan bu, silahlı qüvvələrin iştirakı ilə həyata keçirilmiş dövlət səviyyəli kidnəpinqdir və bütün dünya kanallarının canlı efirində baş verib. Əgər bu hadisə beynəlxalq nəticələr doğurmasa, deməli, suverenlik dövrü həqiqətən başa çatıb.

Digər maraqlı məqam da var. Görünür, amerikalılar təkcə güc nümayişi üçün yox, həm də resurslara nəzarət naminə hərəkət ediblər. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahibdir - 303 milyard barel. Amma hasilat son on ildə üç dəfə azalıb. Uqo Çaves dövründə neft aktivlərinin milliləşdirilməsindən sonra Qərb şirkətləri nəzarəti itirmişdi. İndi isə revanş zamanı yetişib. Chevron artıq fəaliyyətini davam etdirmək üçün “xüsusi lisenziya” alıb, Ağ Evdə isə Amerika korporasiyalarını Karakasa qaytarmaq niyyətini gizlətmirlər.

İqtisadi müstəvidə əməliyyat ABŞ nəzarəti altında neft infrastrukturunun yenidən işə salınması üçün zəmin yaradır. Ölkənin cənubundakı Amerika neft emalı zavodları üçün məhz Venesuelanın ağır nefti sərfəlidir. Siyasi qeyri-sabitlik isə “texniki yardım” və “enerji sektorunun bərpası” adı altında müdaxiləyə bəhanə yaradır.

Bu arada hüquqi nəticələr gözardı edilir. Maduronun ələ keçirilməsi Konqresin razılığı olmadan həyata keçirilib ki, bu da formal olaraq ABŞ Konstitusiyasının pozulmasıdır. Müxalif hüquqşünaslar bunu “prezidentin şəxsi monarxiyasının bərpası” adlandırır. Yəni dövlət başçısı özü qərar verir, kim cinayətkardır və kimi oğurlamaq olar.

Tramp Mar-a-Laqodakı mətbuat konfransında suala qısa cavab verdi: “Mən ABŞ prezidentiyəm. Bu kifayətdir”. Özünəməxsus təkəbbürlə deyilən bu cümlə artıq yeni siyasi reallığın simvolu kimi tarixə düşüb. Bu, Amerikanın artıq bəraətə ehtiyac duymadığı bir reallıqdır.

Hazırda Maduro və həyat yoldaşı ABŞ-dadır və Nyu-Yorkun Cənub dairə məhkəməsini gözləyirlər. Ona narkotik və silah alveri, beynəlxalq cinayət şəbəkəsində iştirak ittihamları irəli sürülüb. Prokurorluq işi köhnə bir epizod üzərində qurur. 2015-ci ildə Siliya Floresin iki qohumunun 800 kiloqram kokainlə saxlanılması. Prezidentlə narkoticarət arasında birbaşa əlaqəni sübut edən yeganə fakt budur, amma Ədliyyə Nazirliyinin əlində bu, siyasi ədalət alətinə çevrilib.

Amerika mediası Siliya Floresi “bolivarian rejiminin boz kardinalı” adlandırır. O, vaxtilə Çavesin vəkili olub, sonra Milli Assambleyaya rəhbərlik edib və daha sonra faktiki olaraq ölkəni əri ilə birlikdə idarə edib. Onun həbsi simvolik xarakter daşıyır. Bu, çavizmin bütöv bir dövrünün həbsi, antiamerikanizm üzərində qurulmuş ideologiyanın məhvi cəhdidir.

Venesuelanın özündə isə sükutdur. Müdafiə naziri Vladimir Padrino Lopes “sakitliyi qorumağa” çağırıb. Diosdado Kabelyo Karakas küçələrinə bronjilet geyinərək çıxıb və “ölkə tam nəzarət altındadır” deyib. HHM susur, ordu kazarmalardan çıxmır. Bu isə yalnız bir şeyi göstərir: Maduronu öz adamları satıb.

Vitse-prezident Delsi Rodrigeslə bağlı ziddiyyətli məlumatlar var. Bəzilərinə görə Karakasdadır, digərlərinə görə Moskvaya qaçıb. Reuters onun Rusiyada olduğunu yazır, qardaşı, Milli Assambleyanın sədri isə Venesuelada qalıb. Faktiki olaraq isə hakimiyyət müvəqqəti olaraq hərbçilərin əlinə keçib. Ölkədə keçid xuntası formalaşır: Kabelyo, Rodriges, Padrino. Hər biri öz sahəsinə nəzarət edir - iqtisadiyyat, xüsusi xidmətlər, ordu. Və hər biri başa düşür ki, Maduronun taleyi hamı üçün xəbərdarlıqdır.

Nikolas Maduronun həbsi ilə nəticələnən ABŞ əməliyyatı təkcə hərbi uğur deyil, yeni bir dövrün rəmzidir. Bu, beynəlxalq hüququn zəiflər üçün qalxan olmaqdan çıxdığı, gücün isə yenidən hörmət doğuran yeganə arqumentə çevrildiyi zamandır. Cəmi otuz dəqiqəyə yaxın vaxt ərzində “Delta” xüsusi təyinatlıları MKİ, Hərbi Hava Qüvvələri və donanmanın dəstəyi ilə başqa tarixi dövrlərdə həftələr çəkəcək tapşırığı yerinə yetirdi.

ABŞ prezidenti Donald Tramp bu əməliyyata “Gecəyarısı çəkici” adını verdi. Və bu çəkic Karakasın üzərinə cərrahi dəqiqliklə endi. İyirmi hərbi bazadan eyni anda 150-dən çox təyyarə və dron havaya qalxdı. Karib dənizindəki aviadaşıyıcıdan qalxan MH-47 Chinook helikopterləri Venesuela səmasında sanki öz ərazilərində uçurmuş kimi hərəkət edirdi. Bir dənə də olsun HHM raketi buraxılmadı, bir batareya belə atəş açmadı. Maduronun efirdə lovğalandığı beş min “Qartal” susdu. Heç kim atəş əmri vermədi.

Məhz bu detal bütün rəsmi bəyanatlardan daha çox şey deyir. Əməliyyat ya Venesuela ordusunun tam sabotajı, ya da səssiz razılığı ilə baş tutub. Vaşinqtonla Karakasın bəzi generalları arasında birbaşa anlaşma ehtimalı da istisna deyil. Onilliklər boyu qızıl, yanacaq və kokain qaçaqmalçılığından qazanan, yeni konfiqurasiyada özlərini qorumaq istəyən generallar. Heç bir qəhrəmanlıq olmadı. Amerikalılar yatan paytaxta öz zəfərlərinin dekorasiyası kimi daxil oldular.

Rəsmi məlumatlara görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores öz yataq otaqlarında saxlanılıblar. CNN və ABC News bildirir ki, “Delta” xüsusi təyinatlıları iqamətgaha daxil olanda prezident dərin yuxuda olub. Bir neçə saat sonra əsir götürülmüş dövlət başçısı “İvo Cima” aviadaşıyıcısına aparılıb, oradan isə birbaşa Nyu-Yorka göndərilib. Elə səhər tezdən Donald Tramp bəyan edib ki, “diktator Maduro” beynəlxalq narkotrafikdə iştirakına görə məhkəmə qarşısına çıxarılacaq.

Bu məqam əvvəldən planlaşdırılmışdı. Madurona qarşı ittiham hələ 2020-ci ildən mövcud idi. Məhz o zaman ABŞ Ədliyyə Nazirliyi onun həbsinə gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat elan etmişdi. O vaxt ittiham prezidentin həyat yoldaşına şamil olunmamışdı. İndi isə Flores də istintaq altındadır. Bunun açıq siyasi rəmzi var. Bir vaxtlar Milli Assambleyanın ilk qadın sədri, hüquqşünas və “bolivarian inqilabının” ideoloqu olan Flores Amerika məhkəməsi üçün əsas sübut fiquruna çevrilib. Onun həbsi Çaves dövrünün özünün həbsidir.

Venesuela mediası, ardınca isə Qərb nəşrləri Maduronun ailəsini “Günəşlər Karteli” adlanan Cartel de los Soles ilə əlaqələndirməkdə yekdildir. Amma bu, 1990-cı illərdə Milli Qvardiyanın iki generalının kokain əməliyyatlarında ifşa olunmasından sonra MKİ tərəfindən dövriyyəyə buraxılmış mifdir. Reallıq daha bəsitdir. Mərkəzləşdirilmiş narkokartel yoxdur. Hər biri hərbi sistem daxilində öz kontrabanda sahəsini nəzarətdə saxlayan yüzlərlə müstəqil şəbəkə var. Və məhz bu şəbəkələr öz prezidentlərini satdılar.

Rejim faktiki olaraq dağıldıqdan sonra “ölkəni kim idarə edir” sualı havada qaldı. Konstitusiyaya görə hakimiyyət vitse-prezident Delsi Rodrigesə keçməli idi. Amma hücumdan bir neçə saat sonra Reuters onun Moskvada olduğunu yazdı. Rusiya Xarici İşlər Nazirliyi bu xəbəri təkzib etsə də, Rodriges Karakasda görünmədi. Müdafiə naziri Vladimir Padrino və Diosdado Kabelyo televiziya vasitəsilə xalqa müraciət edərək sakitliyə çağırdılar. Müqavimətdən bir kəlmə də olmadı. Ordu kazarmalarda qaldı. Xalq isə laqeyd seyrçi mövqeyi tutdu.

Venesuelanı indi kimin idarə edəcəyi ilə bağlı suala Tramp sadəcə “Mən” cavabını verdi. Bu, dil sürüşməsi deyildi. Bu, Vaşinqtonun Qərb yarımkürəsində yenidən özünü ali hakimiyyət mərkəzi elan etdiyi yeni beynəlxalq nizamın formuludur.

Baş verənlərin iqtisadi alt qatı da aydındır. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. 300 milyard bareldən çox. Amma hasilat üç dəfə azalıb, infrastruktur dağılıb, dövlətə məxsus PDVSA isə generallar üçün şəxsi yemxanaya çevrilib. Tramp bunu gizlətmir. Onun “oğurlanmış Amerika neftini geri qaytarmaq” tələbi siyasi metaforadır, amma arxasında konkret məqsəd dayanır. 2007-ci ildə Uqo Çaves tərəfindən milliləşdirilmiş yataqlara nəzarəti bərpa etmək.

Amerika korporasiyaları bu ssenarini çoxdan hesablayırdı. Venesuelada mövcudluğunu qoruyub saxlayan yeganə şirkət Chevron indi əsas operatora çevriləcək. Exxon, Halliburton, ConocoPhillips isə revanşa hazırlaşır. Bəli, qlobal bazarlar artıq əvvəlki deyil, bəli, 2030-cu illərə doğru neftə tələbat azalacaq. Amma Tramp üçün əsas məsələ iqtisadi yox, simvolik kapitaldır. Amerikanın yenidən istədiyini ala bildiyini göstərmək.

Başqa bir motiv demoqrafikdir. 2000-ci illərin əvvəlindən bəri səkkiz milyondan çox venesuelalı ölkəni tərk edib, yüz minlərlə ABŞ-da məskunlaşıb. Daxildə sosial gərginliyi artıran miqrasiya axınını Tramp əməliyyatın bəraəti kimi istifadə edir. “Narkoterrorizmə qarşı mübarizə” ilə “qanunsuz miqrasiya” bir ritorik narrativdə birləşdirilir.

Əsl hədəf isə daha dərindir. Bu, ilk növbədə Çin, Rusiya və Kubaya ünvanlanmış nümayişdir. Karakas uzun illər Pekin və Moskvanın müttəfiqi olub, onlara neft və nadir torpaq resursları verib. İndi bu kanal bağlanır. Paralel olaraq Vaşinqton Havanaya mesaj göndərir: növbəti zərbə sizə dəyə bilər. Bu dəfə Sovet İttifaqı sizi xilas etməyəcək.

Midnight Hammer əməliyyatı Tramp üçün şəxsi siyasi şahəsərə çevrildi. Xüsusilə uzanan Ukrayna böhranı və diplomatik cəbhədə real uğurların olmaması fonunda ona xarici qələbə lazım idi. ABŞ daxilində hətta demokratlar belə “beynəlxalq hüququn tapdanmasını” tənqid etsələr də, etiraf etməyə məcburdurlar: əməliyyat ideal icra olunub. İtkilər yoxdur. Məqsəd əldə edilib. Prezidentin reytinqi artır. Dünya gücə hörmət edir və Tramp bunu nümayiş etdirdi.

Venesuela indi protektoratdır. Amerikalılar ölkəni işğal etməyəcək, amma onun iqtisadiyyatını təyin etdikləri məmurlar vasitəsilə idarə edəcəklər. Hakimiyyətdə qalan generallar əməkdaşlıq edəcək. Maria Korina Maçadonun rəhbərlik etdiyi müxalifət “müvəqqəti keçid”də formal iştirak əldə edəcək. Bir neçə ay sonra yeni reallığı rəsmiləşdirəcək seçkilər keçiriləcək.

Moskvanın reaksiyası proqnozlaşdırılandır. Patetik bəyanatlar olmadı. RT-nin rəhbəri Marqarita Simonyan sosial şəbəkədə sarkastik şərhlə kifayətləndi və Stalina aid edilən məşhur ifadəni xatırlatdı: “Həsəd aparacağıq, yoldaş Beriya”. Doğrudan da, Rusiyanın patriot çevrələrində Amerika əməliyyatına qısqanclıqla baxanlar az deyil. Guya 2022-ci ilin fevralında da belə hərəkət etmək lazım idi.

Yeni dövrün mənəvi dərsi budur: qalibləri mühakimə etmirlər. Dünya nə qədər bəzəkli sözlərdən istifadə etsə də, hələ də yalnız bu qaydaya tabe olur. Suverenlik mifə çevrilib, hüquq dekorasiyadır, əxlaq isə ixrac məhsulu. Tramp isə kobud və birbaşa üslubu ilə sadəcə liberal müdaxilələr dövrünün son maskasını çıxardı. O, zorakılığı icad etmədi. Sadəcə onu yenidən siyasətin norması kimi geri qaytardı.

İndi isə Karakas üzərində Amerika bayraqları olan helikopterlər yenidən uçarkən bir həqiqət aydın görünür. Köhnə dünya doğrudan da bitib. “Qanun” anlayışının “qələbə” anlayışından ayrılmadığı bir dövr başlayıb.

Dünyanın mənəvi reaksiyası xüsusilə diqqət çəkir. Avropa “narahatlıq” bildirir, Çin “sabitliyə çağırır”, Rusiya ənənəvi olaraq “dərin narahatlığını ifadə edir”. İraqın işğalı zamanı olduğu kimi, dünya yenə də fövqəladə heç nə baş verməmiş kimi davranır. Halbuki baş verib. Suveren dövlət silahlı hücuma məruz qalıb, onun rəhbəri oğurlanaraq okeanın o tayına aparılıb. Əgər bu müharibə deyilsə, bəs müharibə nədir.

Bu fonda Tramp tərəfdarlarının alqışları xüsusilə grotesk səslənir. Onlar prezidentin “cəsarətinə” və “maçizminə” heyran qalır, onu qəhrəman kimi görürlər. Amma dövlət başçısının oğurlanmasını haqq qazandıran hər kəs istənilən yerdə istənilən insanın oğurlanmasını da norma kimi qəbul etməlidir. Bir halda qanunsuzluğu məqbul sayıb, başqa halda ona etiraz etmək olmaz. Əgər qanun güclünün alətidirsə, bu artıq qanun deyil, özbaşınalıqdır.

Dünya qəti şəkildə post-suverenlik dövrünə daxil olub. Burada sərhədlər illüziyadır, güc isə legitimliyin yeni valyutasıdır. İroniya ondadır ki, bu, dronlar və mətbuat konfransları ilə bəzədilmiş XIX əsrə qayıdışdır. Amerikanın Venesueladakı əməliyyatı qaydasız bir dünyanın proloqu oldu. Elə bir dünya ki, istənilən dövlət bir gecənin içində başsız qala bilər.

İndi hər şey digər ölkələrin nə qədər müddət “heç nə olmayıb” oyunu oynayacağından asılıdır. Ola bilsin, bu müddət uzun olmayacaq. Çünki presedent yaradılıb və onun geri dönüşü yoxdur.

“Panama presedentindən” “Venesuela doktrinasına”

“Gecəyarısı çəkici” əməliyyatı çərçivəsində Amerika “Delta” xüsusi təyinatlılarının Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi ABŞ-ın xarici siyasət praktikasında dönüş nöqtəsidir. Forma etibarilə bu, ildırım sürətli, yüksək texnologiyalı, kompleks əməliyyatdır. Burada hərbi güc, kəşfiyyat inteqrasiyası və siyasi hesablamanın unikal sintezi nümayiş etdirilir.

Mahiyyət etibarilə isə bu, Birləşmiş Ştatları birbaşa müdaxilələr dövrünə qaytaran aktdır. O dövrə ki, “düşmən rejimlər” BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan və beynəlxalq institutları kənara qoyaraq aradan qaldırılırdı.

1989-cu ildə Panamada Manuel Norieqanı devirmək üçün keçirilmiş əməliyyatla müqayisə qaçılmazdır. Amma “soyuq müharibə” dövründən fərqli olaraq, bugünkü aksiya daha geniş kontekstdə baş verir. Bu, “Trump Corollary” adlandırılan yenilənmiş Amerika konsepsiyasının tətbiqi laboratoriyasıdır. Monroe doktrinasının bir növ davamı olan bu yanaşma ABŞ-a Qərb yarımkürəsində “təhlükəsizlik və demokratiyanı” öz yozumunda qorumaq adı ilə güc tətbiq etmək hüququ verir.

Əməliyyatın institusional məntiqi

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin açıqlamasına görə, əməliyyat aylarla hazırlanıb. Burada ABŞ-ın 20 hərbi bazasından qalxan 150-dən çox uçuş aparatı, o cümlədən strateji “görünməz” dronlar iştirak edib. Missiyanın əsas fərqi döyüş, kəşfiyyat və hüquqi elementlərin inteqrasiyası idi. Ələkeçirmə qrupunda ABŞ Ədliyyə Nazirliyinin nümayəndələrinin olması Maduronun həbsini formal olaraq Amerika qanunvericiliyi prizmasından əsaslandırmağa imkan verirdi.

Bu yanaşma extraterritorial enforcement konsepsiyasının inkişafını göstərir. Yəni Amerika yurisdiksiyasının milli sərhədlərdən kənarda tətbiqi. Əvvəllər bu praktika yalnız terrorçulara qarşı istifadə olunurdu, məsələn, Usamə bin Ladenin məhv edilməsi. Amma ilk dəfədir ki, beynəlxalq səviyyədə tanınmış suverenliyə malik dövlət başçısına qarşı tətbiq edilir.

The New York Times yazır ki, əməliyyatın uğurunu Venesuela hökumətinin daxilindəki MKİ agenti təmin edib. Bu da covert collaboration modelinin effektivliyini təsdiqləyir. Hədəf ölkənin daxili elitaları xarici güc təsirinin alətinə çevrilir. Metodoloji baxımdan bu, 1953-cü il İrandan 1973-cü il Çiliyədək uzanan təcrübəyə söykənir. Fərq ondadır ki, rəqəmsal dövrdə bu cür müdaxilə total nəzarət və məlumat analizi sistemləri ilə birləşir, nəticədə proses həm görünməz, həm də demək olar ki, mübahisəsiz olur.

Geosiyasi və hüquqi dilemma

Beynəlxalq hüquq prizmasından baxıldıqda “Gecəyarısı çəkici” əməliyyatı BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasıdır. Həmin maddə istənilən dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqini və ya güc hədəsini qadağan edir. Təhlükəsizlik Şurasının sanksiyasının olmaması, eləcə də ABŞ Konqresinin bu əməliyyatı təsdiqləməməsi yaranmış hüquqi boşluğu daha da dərinləşdirir. Tramp bu boşluğu “narkoterrorizmlə mübarizə” kimi siyasi arqumentlə doldurmağa cəhd etdi.

Hüquqşünasların fikrincə, bu cür ritorika qlobal sistemi faktiki olaraq “önləyici cəza” doktrinasına qaytarır və müdaxilə etməmək prinsipini sıradan çıxarır. Carnegie Endowment for International Peace təşkilatının 2024-cü il hesabatında qeyd olunur ki, bu tip addımlar beynəlxalq normaların dayanıqlığını sarsıdır və “post-hüquqi mühit” formalaşdırır. Belə bir mühitdə legitimliyin mənbəyi hüquq yox, effektivlik olur.

2003-cü ildə İraqla paralel açıq-aşkardır. O zaman əsas arqument “kütləvi qırğın silahları” idi, indi isə “narkoterrorizm”. Hər iki halda ABŞ hüquqi və mənəvi əsaslandırmanın hibridindən istifadə edərək güc əməliyyatını simvolik dominantlıq alətinə çevirib.

Gizli gündəm və iqtisadi motivlər

“Demokratiyanın bərpası” ilə bağlı bəzəkli bəyanatlara baxmayaraq, əməliyyatın açıq iqtisadi alt qatı var. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahibdir – 303 milyard barel. Bununla belə, hasilat sutkada 860 min barelə düşüb ki, bu da on il əvvəlki səviyyənin üçdə birindən azdır.

Vaşinqton Uqo Çaves dövründə milliləşdirilmiş strateji aktivlər üzərində nəzarəti bərpa etmək niyyətini gizlətmir. Tramp administrasiyası artıq Chevron, Exxon və Halliburton kimi neft nəhəngləri ilə Venesuelanın enerji sektoruna mümkün reinvestisiyalarla bağlı məsləhətləşmələr aparıb. Biznes dairələrinin ehtiyatlı mövqeyinə baxmayaraq, bu təmasların özü post-böhran resurs idarəçiliyi üçün infrastrukturun hazırlandığını göstərir.

Geoekonomik baxımdan əməliyyat ABŞ-ın Karib istiqamətində “enerji proyeksiyasını” yenidən gücləndirir. Xüsusilə Luiziana və Texasdakı neft emalı zavodları üçün ideal olan ağır neftin nəqliyyat axınlarına nəzarət bərpa olunur.

Hakimiyyət dəyişikliyinin daxili arxitekturası

Venesuela elitalarının reaksiyası – müqavimətin olmaması, prezident mühafizəsinin dərhal təslim olması, HHM sisteminin passivliyi – daxili koordinasiyadan xəbər verir. Böyük ehtimalla söhbət institusional formada rəsmiləşdirilmiş “keçid sövdələşməsi”ndən gedir.

International Crisis Group analitiklərinin qeyd etdiyi kimi, Venesuela ordusu uzun müddətdir ki, parçalanmış maraqlar konqlomeratıdır. Hər general öz kölgə gəlirini və kontrabanda marşrutunu nəzarətdə saxlayır. Bu sistemdə Maduro balans yaradan mərkəz olmaqdan çıxmış, artıq yükə çevrilmişdi. Onun təslim edilməsi hərbi məğlubiyyət yox, rejim daxilində iqtisadi hakimiyyətin yenidən bölüşdürülməsinin nəticəsidir.

Əməliyyatdan sonra Karakasda faktiki olaraq üç fiqurdan ibarət hərbi-mülki xunta formalaşıb – Delsi Rodriges, Diosdado Kabelyo və Vladimir Padrino Lopes. Onların hər birinin öz dayağı var: iqtisadiyyat, xüsusi xidmətlər və ordu. Bu model ABŞ-ın səssiz razılığı ilə idarə olunan tranzit sabitliyi üçün münbit zəmin yaradır.

Qlobal nizamın yeni formatı: gücün legitimləşdirilməsi və “Tramp effekti”

ABŞ-ın Venesueladakı hərbi əməliyyatı sadəcə regional hadisə deyil, beynəlxalq arxitekturada sistemli sürüşmənin göstəricisidir. Bu, “liberal müdaxiləçilik” modelindən gücə əsaslanan praqmatik neorealizmə keçiddir. Burada hüquqi və mənəvi arqumentlər sadəcə siyasi dekor rolunu oynayır.

Donald Tramp Monroe doktrinasına öz “korrektivini” – Trump Corollary-ni elan etməklə, Qərb yarımkürəsində legitim zorakılıq monopoliyasını faktiki olaraq ABŞ üçün rəsmiləşdirdi. Corc Buşun dövründəki ideoloji müdaxilələrdən fərqli olaraq, bu, funksional imperializmdir. Güc tətbiqi regional böhranların strateji idarəetmə aləti kimi təqdim olunur.

Bu baxımdan “Gecəyarısı çəkici” istisna deyil, gələcək modelin xəbərçisidir. Burada razılaşma axtarışı yox, effektivliyin nümayişi əsasdır. Beynəlxalq hüquq isə “regional güc hüququ”na uduzur.

Postsuveren dövlət presedenti

Beynəlxalq münasibətlərin sistem nəzəriyyəsi prizmasından Venesuela Maduronun ələ keçirilməsindən sonra postsuveren quruma çevrilir. Dövlətçilik formal olaraq qalır, lakin real nəzarət funksiyaları – hərbi, maliyyə və hüquqi – xarici protektoratın əlinə keçir.

Bu format XIX əsrin sonundakı erkən müstəmləkə protektoratlarını xatırladır. Fərq ondadır ki, indi bu, işğal yolu ilə yox, rəqəmsal-hüquqi idarəetmə vasitəsilə həyata keçirilir. Venesuelanın maliyyə axınları sanksiyalar və dollar infrastrukturuna çıxışla, elitalar fərdi sanksiyalar və hüquqi təhdidlərlə, siyasi proses isə “məqbul” fiqurların təyinatı ilə nəzarətdə saxlanılır.

Oxşar modellər Liviya, İraq, Əfqanıstan və qismən Livanda müşahidə olunur. Dövlət BMT subyekti kimi mövcuddur, amma daxili suverenliyi xarici mərkəzlərin qoyduğu çərçivələrdə fəaliyyət göstərir. Bu, regional idarəolunanlıq fenomenidir.

Texnoloji ölçü və “yeni kəşfiyyat doktrinası”

Əməliyyatın əsas xüsusiyyəti real vaxt rejimində daimi monitorinqə əsaslanan çoxsəviyyəli kəşfiyyat inteqrasiyası oldu. Stels-dronlar, peyk analitikası və daxili mənbələrin istifadəsi “müharibə teatrı olmayan əməliyyat” modelini mümkün etdi.

Mahiyyət etibarilə bu, klassik hərbi əməliyyatlardan kognitiv-kəşfiyyat əməliyyatlarına keçiddir. Burada həlledici amil qoşun sayı yox, informasiya asimmetriyasıdır.

Venesuela nümunəsi göstərir ki, XXI əsr dövlətçiliyin hibrid hücumları dövrünə qədəm qoyur. Xarici oyunçular bir neçə saat ərzində qarşı tərəfin hakimiyyət vertikalını sıfırlaya bilir, genişmiqyaslı döyüşlərə girmədən.

RAND Corporation-un analitik terminologiyasında bu, Decapitation Strike modelinə uyğundur. Rejimin nöqtəvi “başsızlaşdırılması” minimal xərclə maksimum media effekti yaradır. Müharibə anlayışı dəyişir. Həlledici döyüş artıq səngərdə yox, qavrayış, etibar və elita sədaqəti müstəvisində gedir.

Venesuela presedenti və qlobal norma sistemi üçün sınaq

Əməliyyatın nəticələri Latın Amerikasının sərhədlərini aşır. Qlobal nizam üçün bu, 1648-ci Vestfaliya sülhündən və BMT Nizamnaməsindən bəri formalaşmış suverenlik prinsipinin yaşayıb-yaşamadığını göstərən kritik testdir.

Əgər suveren dövlətin fəaliyyət göstərən prezidentinin beynəlxalq institutların sanksiyası olmadan oğurlanması heç bir real nəticə doğurmursa, deməli, müharibədən sonrakı dünya nizamının bütün normativ konstruksiyası şərtidir.

Beynəlxalq reaksiyanın xarakteri də bunu təsdiqləyir.
Avropa İttifaqı “narahatlıq” ifadə edir və “sakitliyə çağırır”.
Çin “sabitliyin qorunması” ilə kifayətlənir.
Rusiya etiraz edir, amma konkret addımlar atmır.
BMT ABŞ-ın mövqeyinə görə qətnamə qəbul edə bilmir.

Beləliklə, əməliyyat cəzasızlıq presedenti yaratdı. Brookings Institution ekspertlərinin qeyd etdiyi kimi, bu presedent “post-qlobal suverenlik” erasının qapısını açır. Elə bir dünya ki, burada ərazi dövlətlərini böyük güclərin maraq zonaları əvəzləyir.

Psixoloji və simvolik effekt

Qavrayış geopolitikasında əsas olan nəticənin özü yox, həmin nəticənin yaratdığı obrazdır. “Gecəyarısı çəkici” əməliyyatı idarə olunan hər şeyə qadirlik nümayişi kimi, incə psixoloji hesabla planlaşdırılmışdı. Onun ildırım sürəti və səhvsiz icrası Trampın əsas tezisini təsdiqləməyə xidmət edirdi: “Amerika yenidən böyükdür, çünki ondan qorxurlar”.

Bu mesaj təkcə xaricə yox, daxilə də ünvanlanıb. İraq və Əfqanıstandakı illərlə davam edən uğursuzluqlardan sonra sarsılmış milli özünəinamı bərpa etmək məqsədi daşıyırdı. Daxili siyasətdə bu əməliyyat “itirilmiş üstünlük” dövrünə görə simvolik revanş rolunu oynayır, Amerika cəmiyyətinə texnoloji və mənəvi liderlik hissini geri qaytarır.

Eyni zamanda potensial rəqiblər üçün qorxuducu effekt formalaşdırılır. Mesaj aydındır: nə Çin, nə İran, nə də KXDR özünü toxunulmaz saya bilməz.

Regional nəticələr: postçavist konfiqurasiya

Qısa müddətdə Venesuelada üç hakimiyyət mərkəzi arasında rəqabət yaranacaq: hərbi qanad (Kabelyo, Padrino), inzibati-mülki xətt (Rodriges) və müxalifət (Maçado).

Ən real ssenari nəzarət olunan tranzitdir. Bu modeldə ABŞ hərbi idarəçiliyin qalmasına göz yumacaq, şərt isə sədaqət və əməkdaşlıq olacaq. Bu format 2013-cü ildə Misirdə baş vermiş “misir keçidi”ni xatırladır. O zaman ordu Mursini devirdi, amma institutları saxladı.

Uzunmüddətli perspektivdə Venesuela ABŞ-ın yeni tip neokolonial idarəçiliyi üçün pilot meydançasına çevrilə bilər. Formal demokratiya qorunacaq, amma maliyyə və enerji axınları üzərində tam nəzarət təmin olunacaq.

Tam ay işığında Karakas

Tam ayın işığında Amerika MH-47 Chinook helikopterlərinin Karakas səması üzərindən eniş etdiyini görən sakinlər danışır: səma uğuldayırdı, hava titrəyirdi, pərlər o qədər alçaqdan fırlanırdı ki, külək damlardan paltarları qoparırdı. Onlar şəhərin üzərindən ləng uçurdular, sanki gizlənmirdilər. Gizlənmədikləri üçün yox, artıq buna ehtiyac duymadıqları üçün. Bir dənə də olsun HHM batareyası atəş açmadı, bir heyət belə raket qaldırmadı. Maduronun kameralar qarşısında lovğalandığı beş min “İqla” daşınan zenit-raket kompleksi muzey rekvizitinə çevrildi. Heç kim atəş açmadı. Heç kim müqavimət göstərmədi. Karakas başını qaldırıb baxırdı – valeh olmuş halda, sanki haradasa uzaqda çəkilmiş Amerika blokbasterinin premyerasına tamaşa edirdi. Bu dəfə isə canlı aktyorlarla.

Bir neçə dəqiqə sonra “Çinuk”lardan biri birbaşa “Fuerte Tiuna” hərbi bazasının ərazisinə endi. Elə həmin saatda Venesuela prezidenti orada yatırdı. Ona hətta çəkmələrini geyinməyə vaxt vermədilər. Maduro və həyat yoldaşı Siliya Flores yataqdan çıxarılıb helikopterə mindirildi və iyirmi dəqiqə sonra Nyu-Yorka doğru hərəkət edən Amerika desant gəmisinin göyərtəsində idilər. Hər şey bir güllə belə atılmadan, qışqırıq olmadan, qəhrəmanlıq səhnəsiz baş verdi. Daneliya filmlərinin qəhrəmanı demişkən, “nə var ki bunda”.

Beləcə bolivarian inqilabının dövrü rüsvayçı şəkildə sona çatdı. Barrikadalarda yox, yataq otağında. Avtobus sürücüsü olmuş prezident öz həbsini belə eşitmədən. Evində nə mühafizə alayı vardı, nə sədaqətli döyüşçülər, nə də kimsə. Yalnız sükut və çoxdan daha çox pul verənlərə and içmiş “dostlar”. Onu sadəcə satdılar. Səliqə ilə, sakitcə, qan tökmədən.

İki saat sonra müdafiə naziri Vladimir Padrino Lopes xalqa müraciət edərək sakitliyə çağırdı. Amma xalqın həyəcanlanmaq niyyəti yox idi. Karakas sübhü nə qəzəblə, nə də kədər ilə qarşıladı. Hər şey elə görünürdü ki, ölkə baş verənlərlə çoxdan barışıb, sadəcə kimsə işığı söndürən anı gözləyirmiş.

Londonlu analitiklər artıq ssenarilər qurur: guya Vaşinqton qapıları açmağa kömək edən generallardan birini hakimiyyətə gətirəcək. Bu, ehtimal yox, demək olar ki, plandır. Çünki Venesuela sehrli realizm ölkəsidir. Burada uydurma ilə reallıq arasındakı sərhəd çoxdan silinib. Qarsia Markesdə olduğu kimi, hər şey mümkündür. Hətta tam ay altında, bir güllə də atılmadan prezidentin həbsi də.

İndi otuz milyonluq ölkəni kim idarə edir. Formal olaraq vitse-prezident Delsi Rodriges. Soyuqqanlılığı və vaxtında yoxa çıxmaq bacarığı ilə tanınan qadın. Deyirlər Moskvadadır, baxmayaraq ki, Rusiya XİN bunu təkzib edir. Amma artıq coğrafiyanın nə önəmi var. Elə bir dövrdə ki, Venesuela artıq məkan yox, başqasının əməliyyat süjetinə çevrilib.

Karakasda isə hələ də Diosdado Kabelyo marş edir, müdafiə naziri Padrino “inqilaba sədaqət” andı içir, ordunun zirvəsi isə ən yaxşı bacardığını edir – özünü qoruyur. Hamısı yerində qalacaq. Hər şey əvvəlki kimi davam edəcək. Generallar kontrabandadan qazanacaq, neft yeni nəzarət altında axacaq, kokain köhnə marşrutlarla gedəcək. Amerikalılar neft sektoruna girəcək, hərbçilər biznesə, xalq isə unudulmağa.

Nikolas Maduro, keçmiş avtobus sürücüsü, indi hardasa Manhetten həbsxanasında kamerasının səssizliyini dinləyəcək və bəlkə də hələ də Uqo Çavesin ona bir vaxtlar sadəlövh inamla danışdığı o quş obrazında yanına gələcəyini gözləyəcək. Amma bu dəfə quş gəlməyəcək. Çünki topların artıq oxumadığı ölkələri hətta quşlar da tərk edir.

Beləcə Latın Amerikası tarixinin ən gurultulu dövrlərindən biri sona çatdı. Gülləsiz, dramasız, mahnısız. Sadəcə işığı söndürdülər.(BakuNetwork)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.