
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
Gununsesi.info-nun məlumatına görə, Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedərək İstanbulda qalırmış.
Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.
Sayta məlumat verən mənbə bildirib ki, Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı onun oğlu, sabiq deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin o, telefon zənglərini və mesajları cavabsız qoyub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.