
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bəzi əvvəlki ərazilərini itirmək bahasına sülh müqaviləsi bağlamağa razı olub-olmadığı barədə verilən sualı müsbət cavablandırıb.
Senzor.az bildirir ki, dövlət başçısı "Fox News" kanalının müxbirinin "münaqişənin necə başlamasından asılı olmayaraq dövlətin 75 faizini və ya daha çoxunu qoruyub saxlamağı nəzərdə tutan razılaşmanı qəbul edərdimi" sualına belə reaksiya verib: "Bəli, elə indicə biz hər şeyi dondura bilərdik. Hesab edirəm ki, bu, bu müharibənin başa çatması üçün real yoldur. Biz bunu atəşkəs və ya Prezident Donald Trampın ifadə etdiyi kimi, hərbi əməliyyatların dayandırılması adlandırırıq".
Zelenskinin sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması Ukraynanın bu gün Rusiyadan gözlədiyi minimum tələbdir: "Sonra biz, təbii ki, prezidentə (ABŞ-red.) və avropalılara müraciət edəcəyik və təhlükəsizlik zəmanətləri istəyəcəyik. Ən əsası sülhdür, özü də təhlükəsizlik zəmanətləri olan sülh".
O, həmçinin vurğulayıb ki, Ukrayna müharibəni ən qısa zamanda başa çatdırmağa çalışır, lakin istənilən razılaşma ölkənin və onun vətəndaşlarının maraqlarını nəzərə almalıdır.
V.Zelenski bildirib ki, mümkün razılaşma Ukrayna parlamentinə təqdim edilməlidir, onun təsdiqlənməsi isə referendumun keçirilməsini tələb edə bilər.
Prezidend onu da vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlar Kiyevin iştirakı olmadan keçirilməməlidir.