Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.
APA-nın verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 13:30-da başlayacaq sessiya çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Sağlamlıq və Qida Təhlükəsizliyi Komissarı Stela Kriakides, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto çıxış edəcəklər.
Bundan əlavə Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavanın (İrlandiya) hazırladığı "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat dinləniləcək, bu barədə debat aparılacaq.
Sessiyanın gündəliyinə sosial hüquqları gücləndirməklə sosial etibarın bərpası və namus cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi kimi mövzular da daxildir.
Payız sessiyası yenə hibrid formatda keçiriləcək, üzv ölkələrin nümayəndələrinə uzaqdan və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə veriləcək. Azərbaycan nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.