"Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Uzun müddətdir İsraildə yaşayan müğənni müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.
T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biri idi. Dünyanın ən nüfuzlu konsert salonlarında ansamblın çıxışlarını geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Onun rəhbərliyi dövründə ansambl Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə konsertlər verib. T.Mirzəyev yeni nəsil musiqiçilərin yetişməsində də böyük rol oynayıb.
Allah rəhmət eləsin!