8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Senzor.az xatırladır ki, Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı.
Həmin vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü elan edildi.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ənənəyə uyğun olaraq ölkə qadınlarını bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrikində Azərbaycan xalqının hər zaman qadına dərin ehtiram bəslədiyi, ana haqqını uca tutduğu vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşıb.
Təbrikdə həmçinin bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazıblar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olub, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetiriblər.
Ötən il doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.
Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.