Təl-Əvivdə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və Birləşmiş Ştatların İsraildəki keçmiş səfiri Devid Fridmanın iştirakı ilə keçirilən Hertoq Milli Təhlükəsizlik Konfransında əsas müzakirə mövzusu İranın nüvə proqramı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirdə çıxış edən İsrailin Baş naziri Binyamin Netanyahu İranın nüvə ambisiyalarının qarşısını almağın ən yaxşı yolunun “etibarlı hərbi əməliyyat” olduğunu deyib.
O əlavə edib ki, uzun müddət gözlədikcə, bunu etmək çətinləşir. Baş nazir həm İsrailin 1981-ci ildə Osirak nüvə reaktoruna, həm də 2007-ci ildə Suriyadakı şübhəli nüvə obyektinə hücumuna istinad edərək, tarixən İraq və Suriyanın nüvə ambisiyalarının qarşısının İsrail hərbi qüvvələri tərəfindən alındığını söyləyib. Netanyahu bildirib ki, Liviya ABŞ-ın zərbəsindən qorxaraq nüvə silahı əldə etməkdən vaz keçib, Şimali Koreya isə nüvə ambisiyalarını durmadan həyata keçirir.
Netanyahu iddia edib ki, Tehran Körfəz müharibəsindən sonra ABŞ-ın İraqa girdiyi kimi, İranı da işğal edəcəyindən qorxaraq nüvə proqramını dayandırıb: “İranın bir müddət danışıqlar masası arxasında oturmağa məcbur edən də bizim hərbi qüdrətimiz idi”.
İsrail Baş nazirinin sözlərinə görə, İran artıq uranı 84 faiz zənginləşdirib və nüvə silahı istehsalı ehtimalı 90 faizə çatır. “Sizə deyə bilərəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm. Bu təkcə İsrailin deyil, həm də Amerikanın və bütün dünyanın marağındadır”, - deyə o vurğulayıb.
Baş nazir, həmçinin ABŞ-ın vasitəçiliyi ilə İsrailin dörd ərəb ölkəsi ilə əlaqələrini normallaşdıran razılaşmalardan da danışıb və Səudiyyə Ərəbistanının yəhudi dövləti ilə sülh sazişi imzalayan növbəti ölkə olacağına ümid etdiyini bildirib: “Düşünürəm ki, Səudiyyə rəhbərliyi rəsmi olaraq bunun bir hissəsi olmaq istədiyinə qərar verərsə, biz kvant sıçrayışı əldə edə bilərik. Qeyri-rəsmi olaraq onlar bunun bir hissəsidir. Mən inanıram ki, ümumi maraqlara əsaslanan sülhə nail olmaq üçün İsrailin hərbi, kəşfiyyat, texnoloji və iqtisadi gücündən istifadə edərək qonşularımızla sülh və normallaşma sazişləri ilə iki məqsədə nail ola bilərik. Birincisi, sülh dairəsini genişləndirə bilərik. İkincisi, bu birlik İrana qarşı dayaq rolunu oynaya bilər”.