Avropa haqqı və ədaləti unudur... HAKİMİYYƏTƏ İRQÇİLƏR GƏLİR
ELÇİN ALIOĞLU YAZIR

Avropa İttifaqı (Aİ) ölkələrində ultrasağçı, islamofob, antisemit və türkofob mövqelərdən çıxış edən siyasi qüvvələrin populyarlığı sürətlə artır. Avropada insan haqları, bəşəri dəyərlər, tolerantlılıq və vicdanlı siyasət qüruba doğru gedir.

 

Hollandiyada keçirilmiş parlament seçkilərində ulğrasağçı siyasətçi Gert Vilders qalib gəlib.

 

Noyabrın 22-də keçirilmiş növbədənkənar parlament seçkiləri əslində 2025-ci ildə baş tutmalı idi. Lakin baş nazir Mark Rüttenin rəhbərlik etdiyi hökümət miqrasiya siyasəti ilə bağlı kəskin mübahisələrdən və qarşıdurmalardan dolayı, səlahiyyət müddəti başa çatmamış istefa verdi.

 

G.Vildersin başçılıq etdiyi radikal sağçı, islamofob, türkofob və antisemit Azadlıq Partiyası (Partij voor de Vrijheid, PVV) ölkənin Avropa İttifaqını tərk etməsini tələb edir.

 

Son məlumatlara görə, PVV ölkə parlamentindəki 150 mandatdan 37-nə yiyələnib.

 

Əvvəlki parlament seçkilərində PVV səs sayına görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutduğundan hakimiyyət koalisiyalarında təmsil olunmayaraq müxalifətdə qalmışdı.

 

Gert Vildersin seçkiqabağı təbliğatında Hollandiyaya mühacirətin məhdudlaşdırılması, ölkədəki miqrantların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı tələblər xüsusi yer tuturdu.

 

Məhz antimiqrant ritorikası sayəsində PVV parlamentdə yerlərin total çoxluğunu olmasa da, əhəmiyyətli hissəsinə yiyələnib.

 

Seçkilərin nəticələrinə görə, "Yaşıl Sollar"-Əmək Partiyası (GroenLinks-Partij van de Arbeid, PvdA-GL) alyansı 15,5 faiz səslə ikinci yerdədir. Bu koalisiyaya tanınmış siyasətçi Frasn Timmermans rəhbərlik edir. 

15,1 faiz səslə 3-cü yerdə isə istefa vermiş Mark Rüttenin sədr olduğu, indisə ermənilərə və PKK terror təşkilatına ifrat rəğbəti ilə tanınan kürd əsilli Dilan Yeşilgöz-Zeqeriusun rəhbərlik etdiyi Azadlıq və Demokratiya Xalq Partiyası (Volkspartij voor Vrijheid en Democratie, VVD) yiyələnib.

 

4-cü yerdə bir neçə ay əvvəl yaradılmış mərkəzçi "Yeni Sosial Müqavilə" (Nieuw Sociaal Contract, NSC) Partiyası 12,8 faiz səslə bərqərar olub.

 

Vilders: Quran, türk, İslam, Azərbaycan düşməni

 

PVV partiyasının lideri Gert Vilders ifrat islamofobiyası, erməni "eşqi" və türkofobiyası ilə tanınır.

 

İslamı "terrorçu və zərərli din" adlandırmış Vilders Qurani-Kərimi Hitlerin "Mayn Kampf"ı ilə eyniləşdirmişdi.

 

O, çıxışlarında və müsahibələrində dəfələrlə bildirib ki, "müsəlmanlar bundan sonra Hollandiyada yaşamaq istəyirlərsə, Quranın yarısını unutmalıdırlar".

 

G.Vilders Hollandiyada məscidlərin və müsəlmanlar üçün dini məktəblərin inşasının yasaqlanmasını tələb edir.

 

"Baş nazir olsam, Hollandiyada Quranın satışını qadağan edəcəyəm, məscidləri bağlatdıracam, müsəlman miqrantların ölkəyə girişini yasaqlayacam", - deyən Vilders Hz.Məhəmmədin (s.ə.s.) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturalarının müsabiqələrini "elan" etmişdi.

 

44 günlük İkinci Qarabağ Müharibəsi əsnasında isə o, Twitter-dəki akkauntunda yazmışdı: "Mən xristian erməni dostlarımın Azərbaycanın İslam vəhşiliyinə qarşı mübarizəsini həmişə dəstəkləyəcəyəm".

 

Hollandiyanın Trampı: Koalisiya necə formalaşacaq?

 

Hollandiya parlamentində 150 mandat olduğundan, hökuməti formalaşdırmaq üçün istənilən koalisiya və ya partiya 76 mandata yiyələnməlidir. Ölkədə ənənəvi olaraq heç bir partiya seçkilərdə bu qədər səs qazanmadığından daim hakimiyyət koalisiyaları formalaşıb.

 

Seçkilərdə ilk üç yeri tutmuş partiyalar arasında müzakirələrin nəticəsindən asılı olmarayaq Gert Vilders baş nazir postuna yiyələnəcək.

 

Onu "Hollandiyanın Trampı" adlandırırlar və bu təyin yanlış deyil.

 

ABŞ-ın sabiq prezidenti, yenidən dövlət başçısı olmaq istəyən Donald Tramp kimi Gert Vilders də "əsl, gerçək xalqın yaramaz və korrupsiyalaşmış hakimiyyətə qarşı mübarizə"sindən bəhs edir.

 

Seçkiqabağı təbliğat kampaniyasında G.Vildersin əsas şüarı "Hollandiyalar birinci yerdə" ("Nederlanders weer op 1") idi. Bu ifadə Trampın sürəkli istifadə etdiyi "America First" şüarına çox bənzəyir.

 

İsraillə HƏMAS arasınlda hərbi əməliyyatlar isə PVV üçün "göydəndüşmə hədiyyə" oldu: Gert Vilders anti-miqrant və anti-İslam ruhlu çıxışlarının intensivliyini dəfələrlə artırmışdı. 

PVV ilə Mark Rüttenin VDD və Omsiqin NSC partiyalarının yaradacaqları sağ-mərkəzçi koalisiya daha real koalisiya variantı təsiri bağışlayır. Belə olarsa, yaranacaq koalisiya parlamentdə 81 mandat alacaq ki, bu da Vilderslə istənilən tərəfdaşlıq variantlarını bəribaşdan rədd edən solçu GL-PvdA birliyini hökumətdən kənar qoyacaq.


Ötənlərdə VVD və NSC Vilderslə koalsiiya yarada biləcəklərini mümkünsüz saya bilsələr də, indi PVV lideri hökumət qurmaq üçün müəyyən güzəştlərə getməyə hazır olduğunu deyib.

 

Vildersin uğurunun sirri nədir?

 

Gert Vildersin və onun rəhbərlik etdiyi PVV partiyasının populyarlığının artmasının əsas səbəbi siyasi opponentlərin səhvləri oldu. Belə ki, məhz sabiq baş nazir Mark Rüttenin partiyasının miqrasiya mübahisələri səbəbindən məğlub olması vətəndaşların diqqətini PVV-yə cəlb etdi.

 

Eyni zamanda, antimiqrant və islamofob diskursuna rəğmən, G.Vilders seçkiqabağı təbliğatında ritorikasını bir qədər yumşaldaraq guya əsas diqqəti inflyasiyanın artması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi problemlərinə yönəltdi. Beləcə o, daha kütləvi, mərkəzi kütlənin rəğbətini qazandı.

 

PVV-nin uğurunun daha bir səbəbi aqrar siyasi struktur olan "Fermer-Vətəndaş Hərəkatı"nın (BoerBurgerBeweging) populyarlığının azalması, "fermerler"i dəstəkləyənlərin PVV düşərgəsinə keçməsi oldu. Çünki "fermerlər"lə PVV arasında bir sıra məqamlarda, xüsusilə də miqrasiya və iqlim problemləri ilə bağlı kəskin fərqlər yox idi.

 

Avropa İttifaqı ölkələrində ifrat sağçı partiyaların mövqeləri necədir?

 

Hollandiyada PVV partiyasının qələbəsi Avropa İttifaqı ölkələrində ifrat sağçı partiyaların ilk elektral uğuru deyil.

 

Polşada ultrasağçı-mühafizəkar Hüquq və Ədalət Partiyası (PiS) son seçkilərdə səslərin bir qismindən məhrum olsa da, ölkə parlamentində mandatların 35 faizinə malikdir. 

Fransada ötən il keçirillmiş parlament seçkilərində Marin Le Penin sədrlik etdiyi ultrasağçı Milli Birlik (RN) Partiyası mandatlarının sayını 89-a çatdırıb.

 

İtaliyada "İtaliya Qardaşları" Partiyası parlamentdə mandatların 30 faizinə, Finlandiyada "Əsl Finlər" Partiyası (PS) - 23 faizə, İsveçdə "İsveç Demokratları" - 21 faizə, Avstriyada Azadlıq Partiyası (FPO) - 16 faizə, Belçikada "Flamand Marağı" Partiyası (VB) - 12 faizə, Almaniyada "Almaniya üçün Alternativ" (AfD) - 11 faizə, İspaniyada "Vox" - 9 faizə, Portuqaliyada "Yetər!" ("Chega!") - 5 faizə, Danimarkada Xalq Partiyası (DF) - 4 faizə malikdir.

 

Bundan sonra nə olacaq?

 

Avropa İttifaqı ölkələrində ultrasağçı, millətçi, radikal islamofob və türkofob siyasi hərəkatlar, partiyalar və koalisiyaların sayı ilə yanaşı, populyarlığı da artır. Belə davam edərsə, Aİ ölkələrinin parlamentlərində ifrat sağçı mövqelərdə duran siyasi strukturların təmsilolunma səviyyəsi yaxın 5 ildə təxminən 12 faiz arta bilər. Tolerantlıq, multikulturalizm, etnik və dini zəmində ayrı-seçkiliyin olmadığı cəmiyyət prinsipləri artıq bir sıra ölkələrdə az qala siyasi atavizm hesab olunur. 

Proseslər ümidverici istiqamətdə getmir, çünki iri kapital siyasi proseslərə diqtəsini daha da artırıb. Yaşanan hadisələrin fəsadlarını azaltmaq, mənfi nəticələri minimuma endirməyin bir yolu var: Aİ ölkələrinin rəhbərləri və siyasətçilərinin əməlləri ilə sözləri arasındakı uçurum aradan qalxmalı, demokratiya ixracına və insan haqlarının təminatı pərdəsi altında müxtəlif dövlətlərin daxili işlərinə müdaxilələrə son qoyulmalıdır.


Hələlik patetika kimi səslənir – lakin başqa çıxış yolu yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.