4 noyabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı və COP29 çərçivəsində Qoruğun və Ağsu Gəncləri Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə ekoloji aksiya keçirilib.
Senzor.az bildirir ki, aksiyada Ağsu Gəncləri Resurs Mərkəzinin, Ağsu Qoruğunun əməkdaşları və Ağsu gəncləri iştirak ediblər.
“Yaşıl saatlar” ekoloji aksiyası çərçivəsində eko-tur, interaktiv vorkşop, yaşıl foto-müsabiqə təşkil olunub.
Ağsu Gəncləri Resurs Mərkəzinin əməkdaşı, Ağsu rayonu üzrə eko-səfir Leyla Hüseynova tərəfindən interaktiv vorkşop keçirilib. Vorkşopda ekosəfirlər barədə məlumat verilib, hava, su və torpağın çirklənməsi kimi müasir ekoloji problemlər, təbii ehtiyatlardan səmərəli istifadə kimi məsələlər əhatə olunub. Vorkşopda gənclərlə ətraf mühitin qorunması sahəsində bacarıqların formalaşmasına yönəlmiş qrup oyunları və intensiv fikir mübadiləsi (breynstorming) aparılıb.
Gənclər Qoruğun ətraf mühiti ilə tanış olub, biomüxtəliflik, su ehtyatlarına qənaət və s. kimi ekoloji mühafizə üsullarını öyrəniblər. Toxumlar və yerli ekosistemləri mühafizə üçün baxımsız sahələrin yenidən əkilməsi yolları, yaşıl təmizləyici məhlullar- sirkə, soda və limon suyu kimi təbii inqrediyentlərdən istifadə edərək ekoloji təmizlik məhlulları hazırlamaq əyani şəkildə göstərilib, bitki yetişdirməyin faydaları, tozlandırıcıların əhəmiyyəti və bitkilərin ekosistem davamlılığına necə töhfə verdiyi haqda məlumat verilib.
Eko-aksiyada gənclər həmçinin karton, kağız parçaları və ya plastik şüşə kimi təkrar emal edilmiş materiallardan istifadə edərək sənət əsərləri yaratmaqla yaradıcılıq nümayiş etdiriblər. Onlar yaşıl terrariumlar və kağız üzərində yarpaq printləri və quşlar üçün qutulardan yuva düzəldiblər.
Gənclər qoruq ərazisindəki heyvanlara qayğı göstərməklə yanaşı, ekoturu vizuallaşdırmaq üçün foto-kameralar və ya smartfonlar vasitəsilə təbiətin, landşaftın, bitkilərin, sevimli heyvanların-quşların-atların, arılar, dovşanlar, göyərçinlərin şəkillərini çəkib və jurnallaşdırılmasını həyata keçiriblər. Onlar həmçinin təbiət haqqında müşahidələrini və gördükləri dəyişikliklər və bunun ətraf mühit faktorları ilə əlaqəsini eskizlərdə əks etdiriblər. Çəkilmiş fotoşəkillər qiymətləndiriləcək və Qoruğun bütün elektron səhifələrində yerləşdiriləcək.
Daha sonra gənclər güllər əkib, qoruq ərazisində salınmış yaşıllıqlarda ağacları suvarıb, dibini belləyiblər.
Təbiətlə yaxından təmas gənclər üçün həm maarifləndirici, həm də ilhamverici xarakter daşıyıb.
Senzor.az