Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd olunub ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
İndiyə olan məlumata görə, zəlzələ nəticəsində bir sıra binalar dağılıb. Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb ki, baş verən güclü zəlzələ ilə əlaqədar olaraq bütün müvafiq qurumlar hərəkətə keçiblər: "Balıkesirdə baş verən zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. İlk andan etibarən bütün qurumlarımız hərəkətə keçib. Biz də işləri yaxından izləyirik. Allah ölkəmizi hər cür fəlakətdən qorusun".